7 Mart 2019 13:56
2 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Azərbaycana “Qroza-S” adlanan yeni radioelektron mübarizə kompleksi satıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hərbi ekspert Aleksandr Alesin “Belrınok” nəşrindəki “Radioelektron Mübarizə Vasitələri: dron mütləq yerdə oturmalıdır” başlıqlı məqaləsində yazıb.

Ekspertin fikrincə, bu komplekslər İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatlarını ələ keçirməsində özlərini doğruldublar.

Qeyd edək ki, fevral ayında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə Suriya və İraq səması üzərində daimi uçuşlar həyata keçirən bir neçə amerikan pilotsuz uçuş aparatının SEPAH tərəfindən ələ keçirildiyini bildirmişdi.

“ABŞ tərəfi həmin vaxt Rusiyanı ittiham etdi ki, məhz onun İrana verdiyi vasitələr pilotsuz uçuş aparatlarının saxlanılmasında və yerə endirilməsində mühüm rol oynayıb. Ancaq rus ekspertlər bildirdilər ki, bu cür əməliyyatlar üçün zəruri olan texniki vasitələrin İrana ABŞ tərəfindən “incidilən” başqa bir ölkə tərəfindən verilməsi mümkündür. Bəziləri isə birbaşa Belarusun adını çəkdilər. Onlar qeyd etdilər ki, ABŞ-ın “Sentinel” tipli pilotsuz uçuş aparatlarını yerə endirən Belarusun “KB Radar” Açıq Səhmdar Cəmiyyətinin istehsal etdiyi peyk naviqasiyaları olub. Bu sistemlər sadəcə efiri səs-küylə doldurmur, həm də yanlış koordinatlar yaratmaqla pilotsuz uçuş aparatlarını çaşdırır”, – deyə Belarusdan olan müəllif yazır.

Həmçinin, qeyd edilir ki, İran rəhbərliyi radioelektron mübarizə kompleksi aldığını birmənalı şəkildə inkar edib və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının yerə endirilməsinin İran alimlərinin və mühəndislərinin müstəsna əməyi olduğunu bildirib. Lakin ABŞ rəsmiləri buna inanmayıb və baş verən hadisəyə görə Belarusun yuxarıda adı çəkilən səhmdar cəmiyyətinə müvəqqəti sanksiya tətbiq edib.

Nəşr bildirir ki, “KB Radar”ın istehsal etdiyi radioelektron mübarizə vasitələri həmin vaxt daha səmərəli olublar. İranlıların endirdiyi Amerika dronları tamamilə mümkündür ki, məhz onların “qurbanı” olub.

“Bu nəsildən olan son işlərdən biri “Qroza-S” radioelektron mübarizə stansiyasıdır. Stansiyanın ictimaiyyətə nümayişi 2017-ci il mayın 20-22-də Minskdə keçirilən VIII Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi – “MILEX-2017” zamanı baş tutub. Həmin vaxt “KB Radar”ın nümayəndələri stansiyanın artıq xarici ölkələrdən birinə satılmasına dair müqavilə bağladıqlarını bildirdi. Bu ölkənin adı çəkilməsə də, hamı dərhal söhbətin Azərbaycandan getdiyini başa düşdü. “Qroza-S” Belarus ordusunun silahlanmasına 2017-ci il dekabr ayında daxil edilib” – deyə məqalədə yazılır.


Müəllif: Səxavət

Oxşar xəbərlər