14 İyun 2021 14:47
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Qardaş dövlətin rəhbərinin bu səfəri əvvəlkilərdən fərqlidir. Türkiyə Prezidenti Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə gedəcək. Olduqca strateji əhəmiyyət daşıyan bu səfər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə gətirib çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyluşlarının da artmasına imkan yaradacaq: “Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub”.

Vüqar Bayramov bu il martın 1-dən Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə mindiyini də xatırladıb: “Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub.

4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub.

2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci illə müqayisədə isə 73 faiz artıb. Ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər.

Eyni zamanda, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edir. Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir.

Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”.


Müəllif: Yeganə Oqtayqızı