11 Noyabr 2021 11:23
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məcburi köçkünlərə verilən vahid aylıq müavinətin Kapital Bank tərəfindən tutulması barədə xəbər hələ də aktualdır.

Teleqraf.com-a şikayət edən məcburi köçkünlər bildirmişdi ki, oktyabr ayı üzrə onlara verilən sosial müavinətdən yenə də 3, 5, hətta 12 manat tutulub.

Şikayətçilərin sözlərinə görə, Kapital Bank artıq bu il üçüncü dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən qeyri-qanuni haqq tutub. Birinci tutulma mart, ikinci tutulma isə may ayında olub.

Bir ildə üçüncü dəfə müavinətin tutulması məcburi köçkünlərin narazılığına səbəb olub. Şikayətçilərin sözlərinə görə, birinci tutulmada əsas gətirilib ki, müavinət guya bank xidmətləri üçün çıxılıb. Halbuki xidmət haqqı ildə bir dəfə tutulur. Üstəlik, sosial müavinətdən xidmət haqqı tutulmur.

Təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla vahid aylıq müavinət aldığını nəzərə alsaq, bu, təqribən 3 milyon manata yaxın vəsait edir. Nəzərə alsaq ki, sözügedən tutulma bir ildə üç dəfə baş verib, bu, il ərzində təxminən 9 milyon manata yaxın vəsait edir.

Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov Teleqraf.com-a məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. O, sözügedən tutulmanın üzərindən bir aydan artıq müddətin keçdiyini əsas gətirərək şikayətin yazılmasını istəməyib: “Şikayətin reket və normal saytlar tərəfindən yazıldığından məlumatımız var. Burada başqa məqamlar var, şərh etmək istəmirik”.

Görünən odur ki, məcburi köçkünlər bir müddət sonra onlara verilən vahid aylıq müavinətin yenidən tutulmasından sığortalanmayıb.


Müəllif: Yeganə Oqtayqızı