9 Mart 2022 14:39
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fitch Ratings” qiymətləndirmə agentliyi digər aparıcı kredit şirkətlərdən sonra Rusiyanın kredit reytinqinin B-dən C-ə endirilməsi barədə qərar qəbul edib. Bu kredit reytinqləri arasında ikinci ən pis pillə hesab olunur. Növbəti pillə defolt reytinqidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, müharibə davam etdikcə, Rusiya iqtisadiyyatının itkiləri də genişlənməkdədir: “ABŞ-ın Rusiya neftindən imtina etməsi, Avropanın da bu addıma mərhələli hazırlaşması Rusiyada ciddi valyuta qıtlığı yarada bilər. Digər tərəfdən, şimal qonşumuzun öz valyuta ehtiyatlarını istifadə etməkdə problemləri də dollar qıtlığını gücləndirməkdədir. Hələlik Rusiya Mərkəzi Bankı ölkədən dollar çıxışını məhdudlaşdırmaqla prosesi tənzimləməyə çalışır. Aydındır ki, sanksiyalar fonunda Mərkəzi Bankın da alətləri olduqca məhduddur. Bu baxımdan, valyuta daxilolmalarının artırılması deyil, ölkədən axınının qarşısının alınması sözügedən bank üçün prioritetdir”.

İqtisadçının sözlərinə görə, Rusiya qarşı tətbiq edilən sanksiyalar dünya tarixində ən geniş miqyaslı sanksiyalardan hesab olunur: “Müharibə uzun sürəcəyi halda Rusiyanın iqtisadi itkiləri daha da artacaq. Hətta post-müharibə dövrü üçün də sanksiyalar fonunda yaxşı iqtisadi dəyişikliklər proqnozlaşdırılmır.

Bütün hallarda, Rusiya iqtisadiyyatı yeni və çətin dönəmə daxil olur. Bu dönəmin nə qədər çəkəcəyi isə daha çox Qərbin mövqeyindən asılı olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər