Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş rəhbərlərindən tutmuş Nobel mükafatlı iqtisadçılara qədər bir çox ekspert qlobal iqtisadiyyat üçün təhlükə yaradan ən böyük riskləri sadalayıb.
Teleqraf.com xəbər verir ki, iqtisadiyyatlar üçün ən böyük risklər inflyasiya, tənəzzül və staqflyasiyadır (durğunluq, istehsalın əhəmiyyətli dərəcədə düşməsi).
Mütəxəssislərin fikrincə, uzun illərdən bəri müşahidə edilən ən yüksək inflyasiya şəraitində qlobal mərkəzi bankların həyata keçirdiyi sərt pul siyasəti, bu siyasətlərin böyüməyə mənfi təsirləri, Ukraynada davam edən müharibə, ərzaq böhranı, iqlim dəyişikliyi qlobal iqtisadiyyat üçün ən böyük risklərin başında dayanır.
Fransanın Avropa məsələləri üzrə dövlət katibi vəzifəsində çalışan iqtisadçı Lorens Bun: “Bu gün dünyanın, xüsusən də Avropanın üzləşdiyi ən böyük iqtisadi risk enerji və ərzaq böhranıdır. Qiymətlərin böyük artımı təkcə yoxsulların deyil, orta-aşağı gəlir qrupun da ərzağa çıxışını çətinləşdirir. Qarşılaşdığımız ən böyük risklərdən biri Yaxın Şərq və Avropadakı aclıq böhranıdır. Enerji təchizatında yaranan problemlərə görə bu qış deyil, gələn qışda çətinliklər yaşanacaq. Bu, Avropada sosial qarışıqlıq riskini artıracaq”.
FED-in Atlanta şəhəri üzrə rəhbəri Rafael Bostic: "Ən böyük iqtisadi risk ABŞ istehlakçılarının qiymətlərin artmağa davam edəcəyini gözləmələri və bu fərziyyəyə pul xərcləmələridir. İnflyasiyanın artmağa davam edəcəyinə dair risklər artmaqdadır. FED qiymət artımlarının qalıcı olmasının qarşısını almaq üçün əlindən gələni edir".
Berkeley Universitetinin iqtisadiyyat professoru, BVF-nin keçmiş baş iqtisadçısı Maurice Obstfeld: “Qlobal cəmiyyət iqlim dəyişikliyindən biomüxtəlifliyin azalmasına, meşələrin qırılmasına və içməli suda mikroplastiklərin yayılmasına qədər geniş yayılmış və sürətli ekoloji deqradasiya ilə üzləşir. Təəssüf ki, bizim siyasi sistemimiz və qlobal idarəetmə mexanizmləri bu riskləri qarşılamaq üçün qeyri-adekvatdır”.
“Freedom Acquisition I Corp”un sədri Tidjane Thiam: “Bu nöqtədə ən böyük risk siyasi səhvləridir. Dərin və uzun sürən tənəzzülə səbəb olmadan inflyasiyanın azaldılması və təchizat zəncirlərinin qlobal miqyasda daha dayanıqlı olması üçün düzgün siyasət qarışığını tapmaq vacib olacaq”.
Asiya iqtisadçısı Frederik Neuman: “Ən böyük iqtisadi risk staqflyasiyadır. Qiymətlərin davamlı və sürətlə artdığı bir vaxtda dünya dərin resessiyaya gedəcək. Bu ssenaridə mərkəzi bankların əli-qolu bağlanacaq. Böyümənin azalmasının qarşısını almaq mümkün olmayacaq və eyni zamanda yüksək faiz dərəcələri maliyyə gərginliyinə səbəb olacaq. Bu cür ssenariyə çox yaxın olmasaq da, gözləmək ağlabatan görünür”.
Nobel mükafatı laureatı və Nyu York Şəhər Universitetinin Məzun Mərkəzinin professoru Paul Kruqman: “Uzun müddətdə iqlim dəyişikliyi və müharibə kimi dəhşətli risklər var. Qısa müddətdə isə ən böyük risk FED-in faiz artımında çox uzağa getməsi və sonra əyləci çox sərt sıxmasıdır”.
Beynəlxalq Hesablaşmalar Bankının (BIS) prezidenti Agustin Carstens: “Ən böyük problem qeyri-müəyyənlik və geosiyasi ssenaridir. Neft şokunun uzun sürməsi iqtisadi canlanmanı çətinləşdirəcək. Bu da inflyasiyanın daha yüksək xərclərlə idarə olunmasına səbəb olacaq. Ortamüddətli dövrdə ən böyük problem iqtisadiyyatların yenidən böyüyüb-böyüməyəcəyidir. Struktur məsələlər üzrə danışıqları sürətləndirməliyik”.
Ohayo Dövlət Universitetinin İqtisadiyyat professoru Trevon Loqan: “Ən böyük risk inflyasiyadır. Qiymət artımı hər kəsin alıcılıq qabiliyyətini aşağı salır. Bu, istehlakçılara ziyan vursa da, xərclərin azalması da artıma mane ola bilər. İkinci risk isə odur ki, inflyasiyanı azaltmaq üçün monetar sərtləşdirmə tələbi azaldacaq və işsizliyi artıracaq. Üçüncüsü, iqtisadiyyat 1970-80-ci illərdəkindən fərqlidir. Sərt pul siyasətinin iqtisadiyyata necə təsir edəcəyini bilmirik. FED-in faiz dərəcəsi harada olacaq? Bu siyasət riskidir. Hər iki istiqamətdə edilən böyük səhvlərin əhəmiyyətli təsirləri ola bilər”.
Rumıniya Milli Bankının prezidenti Mugur İsaresku: “Ən böyük risk staqflyasiyadır (durğunluq). 1970-ci illərdəki staqflyasiya yadımdadır. Bu, 10 il davam etmişdi. Amma məncə, o vaxt şok daha az idi. Neftin qiyməti 1 dollardan 10 dollara qalxdı. İqtisadi, fiskal və pul siyasətləri bu şokların öhdəsindən gəlmək asan deyil. Faiz dərəcəsini 16-20 faizə qaldırmaq təkbaşına həll yollarından biri deyil, ancaq inflyasiyanın yüksəldiyi bir mühitdə bəzi ölkələrin etdiyi kimi faizlərin aşağı salınması da həll yolu deyil. Qlobal tənəzzüldən qaçmaq çox çətin olacaq”.
“JPMorgan Asset Management” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə baş strateqi Karen Uord: “Ən böyük mənfi risk odur ki, yavaşlayan iqtisadi fəaliyyət inflyasiyanı yavaşlatmayacaq. Tələbin azalması və istehlak qiymətlərindəki eniş davam etdikcə, mərkəzi banklar əyləci çox tez basmaq məcburiyyətində qalmayacaq və onlar yumşaq eniş edə biləcəklər. Əgər inflyasiyadakı yapışqanlıq davam edərsə, enmə tendensiyası özünü daha qabarıq göstərəcək. Bu da mərkəzi banklar və hökumətlər arasında qarşıdurma yaradacaq”.
Ümumdünya Ticarət Təşkilatının rəhbəri Nqozi Okonjo-İveala: “Ən böyük risk Ukraynada davam edən müharibədir”.