2 İyun 2023 09:41
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana işlənmiş avtomobil gətirənlər utilizasiya haqqı ödəyəcək. Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

“Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov işlənmiş avtomobillər üçün utilizasiya haqlarının ilkin məbləğlərini açıqlayıb. O qeyd edib ki, idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur: “1-3 il istehsal müddəti olan avtomobillər üçün ümumiyyətlə utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı alınacaq. Lakin bu rəqəmlər hələlik dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Teleqraf.com-a açıqlamasında sözügedən dəyişikliyin avtomobil bazarına təsirlərini şərh edib.

O bildirib ki, qərar qəbul edilərsə, köhnə avtomobillərin üzərinə utilizasiya rüsumu gələcək, nəticədə ikinci əl avtomobil bazarında qiymətlər bir qədər yüksələ bilər: “Çox böyük faizdə qiymət artımı gözləmirəm. Amma avtomobili satmaq məqsədi ilə gətirən vətəndaş təbii ki, utilizasiya rüsumunu satış qiymətinin üzərinə gələcək. Lakin bu, qiymətlərin kəskin artması anlamına gəlmir. Düşünmürəm ki, Məcəllədə nəzərdə tutulan rüsumdan artıq qiymət artımı baş versin.

Ehtimal olunur ki, sonrakı mərhələlərdə çoxdan gözlənilən utilizasiya proqramı həyata keçiriləcək. Bu proqram sadə bir iş deyil. Bu, genişmiqyaslılı, sosial-iqtisadi layihədir. Bunun üçün öncə utilizasiya sənayesi yaradılmalıdır. Daha sonra sökülən avtomobillərin metalı, şüşəsi, rezini və digər metallarının təkrar emalı, hara gedəcəyi və ya xaricə satılması barədə bir struktur formalaşmalıdır.

Utilizasiya proqramı hər ölkədə müxtəlif formada aparılır. Məsələn, elə ölkə var ki, orada avtomobilini utilizasiyaya göndərən vətəndaş məbləği bu işi icra edən şirkətə yerindəcə ödəyir. Elə ölkələr də var ki, utilizasiya məbləği avtomobil idxal olunan zaman vətəndaşdan alınır. Görünür, Azərbaycanda da utilizasiya haqqı köhnə avtomobil idxal olunan zaman öncədən vətəndaşdan alınacaq”.

Ekspert hesab edir ki, istehsal və buraxılış müddəti 4 ili keçən avtomobillər üçün utilizasiya haqqının nəzərdə tutulması düzgün deyil: “Hazırda istehsalçılar avtomobilə ən azı 5 il zəmanət verirlər. Hətta Çinin, Yaponiyanın iri avtomobil sənayeçiləri avtomobilə 10 il zəmanət verirlər. Bu o deməkdir ki, həmin müddətdən sonra avtomobilin istismar müddəti bitmiş sayıla bilər. Lakin bu, avtomobilin yararsız vəziyyətdə olması demək deyil.

Düşünürəm ki, burada 5-6 il müddət götürülsə, daha yaxşı olar. Bu zaman vətəndaşlar üçün avtomobili alıb gətirmək əlçatan olar və qiymətlər də artmaz.

Yaşı beşdən az olan avtomobil hələ ki, təzə sayıla bilər. Başqa sözlə, həmin avtomobilin istismar müddəti bitməyib. İl elə götürülməlidir ki, avtomobil istismar müddətini başa vurmuş sayılsın. İstismar müddəti bitməmiş avtomobillər üçün utilizasiya haqqının alınması məqsədəuyğun deyil. Çünki 5 ilə qədər avtomobil təzə sayıla bilir. Təklif edərdim ki, bu məsələyə yenidən baxılsın”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər