16 Sentyabr 10:24
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şairə Sevinc Elsevərin həmkarı Faiq Balabəyli haqda yazdığı "Amfibiya adamın şeirləri" yazısını təqdim edir.

Faiq Balabəyli ilə ilk tanışlığımızı xatırlaya bilmirəm. Necə, hansı şəraitdə rastlaşdıq. Necə tanıdıq bir-birimizi? Necə dost olduq? Belə dostlar bir neçə nəfərdir. Məsələn, Şərif Ağ.

Adam da var, dünənki kimi xatırlayırsan tanışlığını. Necə, hansı şəraitdə tanış olmusan? Hansı gün? O, sənə hansı sözlərlə yaxınlaşmışdı, ya sən ona?

Faiq, Şərif kimi dostlar elə dostlardır ki, gözünü açandan vardırlar sanki. Onlar həmişə olublar. Necə ki atan, qardaşın. Atanla, qardaşınla ilk tanışlığını da xatırlamırsan. Sadəcə var olublar sən gözünü açandan.

Faiq Balabəylini hər şeydən qabaq insan, dost kimi tanımış, sevmişik ailəcə. O, həqiqətən yaxşı məsləhətçi, böyük qardaş olub. Hətta bir neçə il qonşu olmuşuq.

Elsevərlə yeni ailə qurduğumuz zamanlarda Faiq Balabəyligilə qonşu bir evdə kirayə yaşayırdıq. Gün ərzində bir neçə dəfə uşaqları, yoldaşı bizə gəlirdi, biz onlara gedirdik. Həqiqətən gözəl günlər idi.

Bizim balaca Niloşa da ilk oyuncağı Tural almışdı. Balaca bir gitara idi. Hələ də gözümün önündədir. Rəngbərəng düymələri vardı, basırdın növbənöv nəğmələr çalırdı. İştahsız, yeməyi xoşlamayan Nilufər də o gitaranın çıxardığı səslərə baxır, başı qarışır, yeməyini yeyirdi.

Amma bu gözəl günlərin birində xəbər gəldi ki, Faiq Balabəyli şərlənərək həbs olunub. O qanqaraldan günlərdə də qonşu idik biz, həmdərd idik.

Sonra biz məhəllədən köçəsi olduq. Ailəylə az-az görüşsək də, yenə doğma, mehriban adamlar olduq bir-birimiz üçün.

Bu yaxınlarda Faiqin dənizçilərə həsr etdiyi - “Dənizçi həyatı” kitabının təqdimatına yığışmışdıq AYB-nin Natəvan klubunda. Dənizçi dostları, gənclik yoldaşları, yazıçı həmkarları, jurnalistlər - o qədər çox adamla əhatə olunmuşdu ki... Faiq dostluq eləməyi bacaran adamdır.

Məncə, Faiqin ən böyük istedadı budur, dostluğu bacarmaq, uzun illər qoruyub saxlamaq.
Amma Faiqin başqa istedadları da var. Dənizi sevməyi, ömrünü, yuxusuz gecələrini mavi sularına fəda etmək kimi, məsələn. Təsadüfi deyil ki, ilk nəvəsinin adını da Dəniz qoyub.

Gözəl, ruha işləyən şeirlər yazmaq, hekayətlər qələmə almaq istedadı da var dostumuzun. Səmimi, ovqata təsir edən şeirlərilə Faiq Balabəyli oxucuyla dərdləşir, söhbətləşir. Ən məhrəm duyğularını oxucuyla bölüşməkdən çəkinmir.

Faiq Balabəyli bəlkə də ən çox dənizə şeir həsr eləyib. Başqa necə olmalıdır ki? “Qoca və dəniz” hekayəsinin cəsur, döyüşkən, məğlubedilməz qəhrəmanı kimi bu illər ərzində dənizlə gah savaşda, gah barışda olub o. Bəzən dənizlə qarşı-qarşıya gəlib. Bəzən dəniz ona ən yaxın dost, ən yaxın sevgili olub. Bütün yaxşı hisslərini dənizin qulağına pıçıldayıb. Onunla bölüşüb sirlərini. Elə sizə xatırladacağım bu qəşəng şeirdə olduğu kimi:

Günəş yenə də çıxdı
Xəzərin o üzündən...
Göyərtəyə çıxıram -
dənizin mehi alsın
yorğunluğun, təkliyin
acısın üz-gözümdən.
Gecəni yatmamışam;
oğul-uşaq dərdini
asmışam ürəyimin
ən zəif damarından,
dərdlərimin rəngi saralmasın deyə,
üzərinə çiləmişəm qanımdan.

Balaca adaşımın,
son dəfə mən görəndə
yuxusu bal kimiydi, -
indi yatıbdı yəqin...
Necə laylay deyirdim? -
"qızıl gülün kölgəsində
Şirin yuxu tapasan?.." -
Qızıl gülün ətrinə
indi batıbdı yəqin...

Hər gün görüntü ilə
Danışıram onunla...
Toppuş əlin oynadıb,
çıxardığı qığıltı
yaralı ürəyimə
həm sevinc suyu səpir,
həm də verir sızıltı...

Dəniz sevgisiylə ailə, oğul-uşaq, sevgili arasında qalmaq bir dənizçinin qismətidir. Üstəlik bu dənizçi hələ bir şair də olarsa, iş bir az da qəlizləşir. Amfibiya adamdır Faiq Balabəyli. Sevgiləri, eşqləri, canparələri qurudadır, yaşam mənbəyi, ürəyinin can atdığı yer suda.

Ona hər iki sevgisində mahir olmağı, uzun ömür yaşamağı, quruda da, suda da xoşbəxt olmağı arzulayıram!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər