Yaxın vaxtlarda Bakı və Belqrad arasında Azərbaycan qazının əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq.
Teleqraf.com Serbiyanın Mədən və Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Dubravka Cedoviç Handanoviç "Srbijagas" şirkətinin prezidenti Duşan Bajatoviç ilə görüşündə deyib.
“Serbiyalı nazir D.Bayatoviç ilə “Banatski dvor” yeraltı qaz anbarının genişləndirilməsi və istilik mövsümünə hazırlıq məsələlərini müzakirə edib, eləcə də həm Serbiya, həm də Macarıstanda qaz anbarlarının doldurulma səviyyəsindən məmnunluğunu ifadə edib. O, həmçinin Azərbaycandan əlavə həcmlərin tədarükünün də razılaşdırıldığını diqqətə çatdırıb”, - məlumatda bildirilib.
“Noyabrda “Banatski dvor” yeraltı qaz anbarında 750 milyon kubmetr, Macarıstanın qaz anbarında isə 163 milyon kubmetr qaz olacaq. Biz, həmçinin tələbata uyğun olaraq Azərbaycandan alacağımız əlavə həcmlər barədə də razılığa gəlmişik və yaxın vaxtlarda sazişi rəsmiləşdirəcəyik”, - D.Cedoviç qeyd edib.