Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Məhəmməd İşaq Darla görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ş.Mustafayev bu ilin martında Pakistan Prezidentinin Azərbaycana səfərinin, keçirilən görüşlərin və Azərbaycan-Pakistan biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə töhfə verdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq edir.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizdə iqtisadi və maliyyə sabitliyinin təmin olunduğu, qeyri-neft sektorunun prioritetliyi, iqtisadiyyatın müxtəlif sahələrində Pakistanla əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri M.İ.Dar dost və qardaş ölkə olan Azərbaycanın sosial-iqtisadi inkişafının Pakistanda maraqla izlənildiyini, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. O, bu il I Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini yüksək qiymətləndirib, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.