29 May 2015 12:29
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, İBM şirkətinin Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və İBM şirkətinin əməkdaşı Bahadur İbrahimov ilə görüşüb.

BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, rektor Elmar Qasımov qonaqları salamlayaraq, onları görməkdən məmnunluğunu ifadə edib. Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəb haqqında geniş məlumat verərək, onun fəaliyyət istiqamətlərindən söz açıb. O, bildirib ki, BANM-də təhsil ingilis dilindədir və bu ali təhsil müəssisəsinə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlər daxil olurlar. Elmar Qasımov Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. O, BANM-dəki ixtisaslar haqda da məlumat verərək, Ali Məktəbin məzunlarının gələcəkdə beynəlxalq və yerli neft-qaz şirkətlərində yüksək ixtisaslı mütəxəssis kimi karyera quracaqlarına əminliyini bildirib.

Bakı Ali Neft Məktəbinin tələbələrinin bp, Statoil, Emerson, Total və digər bu kimi transmilli şirkətlərdə yay istehsalat təcrübəsi keçdiklərini bildirərək, həmin şirkətlərin mütəxəssislərinin də BANM-də tədris prosesinə cəlb olunduqlarını vurğulayıb.

Rektor BANM-da Tələbə Elmi Cəmiyyətinin konfranslarında şirkətlərin yaxından iştirak etdiyini, bu kimi fəaliyyətə dəstək verdiyini və həvəsləndirici hədiyyələr təqdim etdiyini də vurğulayıb, İBM şirkəti ilə gələcək əməkdaşlıq üçün BANM-da hər cür imkanların mövcud olduğunu deyib.

İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros səmimi qəbula görə minnətdarlığını bildirib. O. təmsil etdiyi şirkət haqda məlumat verib. Devid La Ros Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər