“Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət qayğısının bir sıra istiqamətləri formalaşdırılıb. Bunlar, ilk növbədə, aqrar sahədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili kimi vacib məsələləri əhatə edir. Aqrar sahədə inkişaf dinamikası yüksələn xətlə artır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, son illərdə respublikada kənd təsərrüfatının sürətli inkişaf yoluna çıxması bütövlükdə ölkənin güclü iqtisadi potensialına və geniş maliyyə imkanlarına əsaslanır.
“Məlumdur ki, neft gəlirləri iqtisadiyyatın diversifikasiya edilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına yönəldilir. Məqsədyönlü siyasət sayəsində artıq respublikamızda iqtisadiyyatın ağırlıq mərkəzi qeyri-neft sektoruna keçib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, cari ilin əvvəlindən bəri ölkə iqtisadiyyatında artım 5,7 faiz səviyyəsində olub. Bu, özlüyündə kifayət qədər yaxşı göstəricidir. Ancaq bundan daha yaxşı göstərici 9,2 faiz olmaqla məhz qeyri-neft sektorunda qeydə alınıb. İlin birinci yarısında kənd təsərrüfatında 7,3 faiz artım baş verib. Bu baxımdan son illərdə respublikamızda kənd təsərrüfatının maliyyə təminatının gücləndirilməsi aqrar sektorda da əsaslı dönüşə səbəb olub”, – deyə, komitə sədri vurğulayıb.
Səxavət