"Məzar yeri" layihəsi 5
İstanbulda Feriköy məzarlığının yerini dəqiqləşdirmək üçün ilk dəfə getdiyim zaman mühafizəçidən azərbaycanlıların məzarlarının hansı tərəfdə olduğunu soruşdum. Mühafizəçi “Ağaoğlu ailəsini deyirsinizsə, sabah səhər gəlin, əsas qapıdan daxil olan kimi sizə göstərəcəklər” dedi.
Sevindim ki, məzarlığın mühafizəçisi üzərində heç bir yazı yazılmasa da, Ağaoğlu ailəsinin Azərbaycanla bağlı olduğunu bilir.
Növbəti dəfə gəldiyimizdə, mühafizəçinin dediyi kimi oldu. Bələdçilərdən biri əsas qapıdan daxil olan kimi sağ tərəfdə yaxnlıqda yerləşən məzarın önünə apardı...
“Ağaoğlular ailəsi” yazılan daşın ətrafında bu ailəyə aid fərdlər dəfn olunublar.
Əhməd bəy Ağaoğlu və xanımı Sitarə Ağaoğlu, ailənin ən yaxın sirdaşı, Əhməd bəyin qohumu Humay Ağaoğlu, qızları Sürəyya Ağaoğlu, Gültəkin Ağaoğlu və Tezer Taşkıran, Tezer xanımın oğlu Şövkət Mete Taşkıran, Əhməd bəyin oğulları olan Əbdürrəhman Ağaoğlu və Səməd Ağaoğlu və Səməd bəyin oğlu Mustafa Kamal Ağaoğlu və digər ailə üzvləri burada torpağa əmanət ediliblər.
Əhməd bəyin Şuşadan başlayan və Feriköydə bitən zəngin ömür yoluna gəldikdə isə, təqdim etdiyimiz videomaterialda qısa olaraq toxunmağa çalışmışıq.
Beləliklə, Teleqraf.com “Məzar yeri” layihəsi çərçivəsində Ağaoğlular ailəsinin son mənzilinin görüntüsünü təqdim edir:
Dilqəm ƏHMƏD
Video: Günel İsgəndərli