24 Fevral 2017 12:50
2 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kolleksiya" 10

Öncəki yazı

Bu gün Azərbaycan siyasi fikir tarixində, mətbuatında önəmli rol oynamış Əli bəy Hüseynzadənin 153 yaşı tamam olur.

Bu münasibətlə Teleqraf.com “Kolleksiya” layihəsində Əli bəyə aid 111 yaşlı məktubu təqdim edir.

Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinə aid məktub zərfinin üzərində yazılıb:

“İstanbulda Mahmud paşa yokuşunda Yıldız xanına, Hacıbaba Gənceyinin məxdumu Süleyman bəyə”

Məktubun mətni:

“Qafqasyada Bakı şəhərində “Həyat” qəzetəsi idarəxanəsi Badkubə, 29 nisan 1906

Miri-millətpərvər!

Ustad və mühibbi-möhtərəmimiz müəllim Feyzi əfəndi həzrətləri tərəfindən hədiyyə və irsal buyurulan bir qit’ə mənzumeyi-mövludiyyeyi- ruhaniyyəyi böyük bir məmnuniyyətlə “Həyat”ın 92-ci nömrüsünə dərc edib sütunlarını təzyin etdik...

Məzkur nömrüdən altı nüsxə hüzuri-alinizə göndərdim. Bu nüsxələrdən ikisi zərlə (yaldızla) basılmışdır. Bunların birisi zati-aliniz, biri də müəllimi-müşarileyh üçündür. Bir də ayrıca olaraq mənzumə ipək üzərində basılacaqdır. Bunlar dəxi hazır olduğu təqdirdə hüzurunuza bir neçə qit’ə göndəriləcəkdir. Bunlardan başqa, “Əbdi-qılaf və məhfəzə” ünvanlı əsəri-acizanəmdən üç ədəd hüzuri-alinizə göndəriyorum. Bunların dəxi biri Feyzi əfəndi həzrətlərinə məxsusdur. Müəllim həzrətlərinin “Qamusi-farsi”ləri xitama irib təb edilmiş isə lütfən bildirəsiniz, mümkün isə kəndiləri zəhmət çəkib bir kaç ədəd burada satılmaq üzrə göndərsinlər... Baqi möhtərəm müəllimin və zati-alinizin əllərindən öpər və cümlənizə və Mirzə Süleymana və Mirzə ağa Cavada və sair dost və aşnaya salam edərim, əfəndim.

Mühibbi-müxlisiniz Əli Hüseynzadə.

29 Nisan 1906”.

Müasir Azərbaycan türkcəsində məktubun mətni:

“İstanbulda Mahmud paşa yoxuşunda Ulduz Karvansarayına, Hacıbaba Gəncəlinin oğlu Süleyman bəyə”

“Qafqazda Bakı şəhərində “Həyat” qəzeti idarəsi, Bakı, 29 aprel 1906

Dəyərli dostum!

Ustadımız və möhtərəm dostumuz Feyzi əfəndi həzrətlərinin göndərdiyi dini şeiri böyük məmnuniyyətlə “Həyat”ın 92-ci sayında bəzəkli sütunlarla çap etdik. Həmin saydan altı ədədini Sizə göndərdim. Bu nüsxələrin ikisi zərli olaraq çap edilib. Bunlardan biri Sizin üçün, biri də möhtərəm Feyzi əfəndi üçündür. Həmin şeir, ayrıca olaraq ipək üzərində çap ediləcəkdir. Hazır olduğu zaman Sizə bir neçə nüsxə göndəriləcəkdir. Bunlardan başqa, “Əbdi-qılaf və məhfəzə” adlı əsərimdən də Sizə üç nüsxə göndərirəm. Birini Feyzi əfəndiyə verərsiniz. Feyzi əfəndinin “Qamusi-farsi” əsəri tamamlanıb çap edilibsə, zəhmət olmasa, bir neçə ədəd burada satmaq üçün göndərsin. Möhtərəm müəllimimin və Sizin əllərinizdən öpürəm.
Hamıya – Süleymana və Mirzə ağa Cavada və digər dostlara salamlarımı çatdırın.

Sadiq dostunuz Əli Hüseynzadə
29 Aprel 1906”.

Qeyd: Məktubu əski əlifbadan professor Ədalət Tahirzadə transliterasiya edib.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər