25 Yanvar 2017 02:02
2 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kolleksiya” layihəsi 1

Teleqraf.com “Kolleksiya” adlı yeni layihəyə başlayır. Layihədə Azərbaycan tarixinə, mədəniyyətinə, gündəlik həyata dair nadir materiallar, fotolar, sənədlər yayımlanacaq və onların qısa izahı veriləcək. Layihədə təqdim edilən ilk material 78 il öncə Gəncədə baş tutan bir tamaşa haqqındadır.

***

1939-cu ildə Kirovabad Qızılbayraqlı Dövlət Dram Teatrında ordenli şair Səməd Vurğunun “Vaqif” pyesi səhnəyə qoyulub. Əldə etdiyimiz broşurda və kiçik kitabçadan aydın olur ki, tamaşanın quruluşçu rejissoru İsmayıl Əfəndiyev, bədii tərtibatçısı isə teatrın baş rəssamı Bəhram Əfəndiyev olub. Tamaşanın hansı ayda və gündə baş tutması yazılmayıb. Axşam saat 8-də səhnəyə qoyulması qeyd olunub.

Broşurun arxa hissəsində tamaşada oynayan aktyorların və teatrın heyətinin adları yazılıb. Vaqif rolunu Əhməd Salahlı və S.Tağıyev, Xuraman rolunu Solmaz və Məxfurə xanımlar oynayıblar. Məxfurə adının qarşısında “Resp.əmək.akt”-sı sözünün yazılmasından məlum olur ki, bu, Məxfurə Yermakovnadır. Əsl adı Mariya olan bu xanımın adını Əhməd Ağdamski və Üzeyir Hacıbəyli Məxfurə kimi (Abbasmirzə Şərifzadə onu "Səhnəmizin məxfurəsi" (fəxri) adlandırdığı üçün) qeyd olunmasını məsləhət biliblər. Mariya Frolovna Yermakovna 1900-1981-ci illərdə yaşayıb.

Məxfurə xanım bu tamaşada həmçinin Tükəzban rolunu oynayıb.

Tamaşada Vidadi rolunda isə əməkdar artist İsmayıl Talıblı olub.

Əlimizdə olan broşurada diqqət çəkən bir məqam Kirovabad Qızılbayraqlı Dövlət Dram Teatrının Lavrenti Beriya adına olmasıdır. Lakin broşurada Beriyanın adı qələmlə pozulub. Buna səbəb isə SSRİ-də yüksək vəzifələr daşımış Beriyanın 1953-cü ildə güllələnməsindən sonra yaranan xof olub.

Necə ki, Ruhulla Axundovun repressiya edilməsindən sonra onun redaktoru olduğu kitabların hamısından adı eyni üsulla silinib. Teatr muzeyinin arxivindəki eyni broşurada da Beriyanın adı yox edilib...

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər