19 Fevral 2017 22:00
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

- Timsal xanım, valideynləriniz necə tanış olublar?

- Anam Aydınlıdır, Camal bəyin qızı olub. Atam dayımla tanış idi, anamı görmək istəyib. Dayıma deyib ki, filan mağazaya alış-verişə gedərsiniz, mən orada, kassada olacam, bacınızı görmək istəyərəm.Tam kassaya gələndə, dayım anama deyir ki, üzünü açsan olarmı? Anam üzünü açanda, Qarabəkir paşa deyir ki, tam görə bilmədim, yenə açarsanmı (gülür). Anam bunu eşitməsə də, dayıma hirslənir. Bir dəfə də anamgil Karşıyakada evin balkonunda olarkən, anama deyirlər ki, bir azdan maşın keçəcək, içindəki paşa səni istəyən paşadır. O zamanlar tanış olmaq, görüşmək kimi mərhələlər yox idi. Üstü açıq bir maşın keçir. Atatürkü hamı tanıyır, içində isə iki adam var. Biri atam, biri Refet paşa. Anam bu iki paşanı görəndə, atamı bəyənir və deyir ki, “inşallah, odur” (gülür). Sevgi dolu bir evlilikləri olur. Sıxıntıları da bərabər yaşayırlar. Qarabəkir paşanın “İki damla göz yaşı” şeiri o günləri ifadə edən ən gözəl əsəridir. Atam himayəsində saxladığı uşaqlara bir pedaqoq kimi özü təhsil verir, onları bacarıqlarına görə məsləklərə yönəldirdi. Xatirələrində yazır ki, kimsəsiz körpə uşaqları baxçaya qoyduğu zaman evini də ora yaxın köçürür ki, vəzifəyə gedəndə və qayıdanda onları görə bilsin. Atama “bu kimsəsiz uşaqlara sevginiz haradandır” deyə soruşduqlarında, “mən də uşaq ikən yetim qaldım” deyərdi. Çünki özü 11 yaşında ikən atasını itirib. Atama “qəhrəmansan” deyiləndə, etiraz edib bildirirmiş ki, “qəhrəmanlıq vəzifə bitdikdən sonra başlayar, biz sadəcə vəzifəmizi yerinə yetirdik”. Həmçin deyərdi ki, çox uğurlarım oldu, amma məni ən çox xoşbəxt edən Sarıqamışı bir uşaq qəsəbəsi halına gətirib, o qədər uşağa himayədarlıq etməyim oldu.

- Atanızın, Mustafa Kamal paşanın istiqlal savaşı apararaq qurduğu Türkiyəni yarandığı gündən dağıtmaq istəyən güclər var. 30 ildir davam edən PKK terorru, dövləti ələ keçirmək istəyən güclər, hərbi çevrilişə cəhdlər var. Bu durumu necə qiymətləndirirsiniz?

- Bizim öncə ürəyimiz, biləyimiz bir olmalıdır. Hansı partiyaya mənsubluğumuzdan asılı olmayaraq, əsas hədəfimiz Vətənə faydalı olmaqdır. Ətlə-dırnaq kimi bir-birimizə bağlı olmalıyıq. Bunu təkcə Türkiyəyə deyil, bütün türk dünyasına tövsiyə edirəm. Birlik, bərabərlik fikrini yaşatmalıyıq. Güclü olmağımız vacibdir. Osmanlı dönəmindən, hətta daha öncədən də bizə edilən “böl, parçala, ud” siyasətidir. Bu siyasət nə bu gün, nə də sabah bitəcək, həmişə edəcəklər. Amma biz də qüvvətli olub bölünməməliyik. Mən Qarsda bir lövhə gördüm, üzərində belə yazılmışdı: “Tarixini bilməyənin coğrafiyasını başqaları cızar”. Bizim övladlarımız hansı ixtisasda olur-olsun öz tarixlərini tarixçilərdən daha yaxşı bilməyə məcburdular. Bu peyvəndlənmək kimi bir şeydir. Yəni sən qızılca tutmamaq üçün peyvənd olursan, bilirsən ki, ömür boyu bu xəstəlik sənə keçməyəcək.

- Türkiyənin güclü olması bizim üçün də önəmlidir. Çünki zamanında Naxçıvanı Qarabəkir paşa, Bakını Nuru paşa xilas elədi. Bu gün də işğalda olan Qarabağ var...

- İnşallah, o da azad olunar. Naxçıvanla bağlı bir məsələni də deyim. Bilirsiniz ki, erməniləri geri çəkilməyə məcbur etdikdən sonra Gümrü, Moskva, Qars anlaşmaları bağlanır. Bu kitabda həmin müqavilələrin imzalandığı qələmlərin rəsmi var. O qələmlər muzeylərin birindədir. Atatürkün də, Qarabəkirin də Naxçıvanla bağlı xüsusi fikri belə idi ki, Naxçıvan türkün Turana açılan qapısıdır, burada bütün hallarda bir türk dövləti qurulacaq. Allah bizə güc versin. Bu gün niyə bir azərbaycanlı uşaq Bakıdan Naxçıvana birbaşa gedə bilməsin? Axır-əvvəl ermənilər Qarabağdan rədd olub gedəcəklər. Quranda bir ayə var, deyir ki, ağlını istifadə etməyən toplumun üstünə çirkab yağar. Əgər ağıl bilək gücü ilə bərabər istifadə edilməzsə, həqiqətən də, çirkab yağır. Universitetlərə konfranslara gedəndə, bir şeyə əmin oluram ki, məktəblərdə təəssüf ki, klişeləşmiş bir çox bilgidən savayı başqa bilgi verilmir. Əgər konfranslarda görəndə ki, tələbələr, məktəblilər maraqla və həvəslə dinləyir, demək ki, müəllim onlara biliklə yanaşı sevgi də qatıb. Bizim əksik olan tərəfimiz uşaqların ürəklərinə o qığılcımı qoya bilməməkdir. Mənim çıxış etdiyim konfranslarda İstiqlal savaşını danışanda qızların gözyaşları dayanmır. Mən bunları anlatmaq istəmirəm, amma həqiqətləri də saxlamağa haqqım yoxdur. Məsələn, Qarabəkir paşa yazır ki, Ərzuruma girərkən hər kəsin məni gülərək qarşıladığını gördüm. Dişlərini görəcək yaxınlıqdaydım. Amma ortada bir qəribəlik vardı,heç kim tərpənmirdi. Dəhşətlə gördüm ki, hər biri ermənilər tərəfindən payaya keçiriblər. Bir uşaq bunu empatiya duyub təsəvvür edə bilər ki, bir insan payaya keçiriləndə nələr hiss edir. Həmçinin düşünə bilər ki, bunu kimlər edib. Mən kin toxumu da səpmək istəmirəm. Ermənilərin içində doğru insanlar da vardır. Atam deyərdi ki, ağlı başında olan ermənilər mənə düşmən deyillər.

Biz cəmi bir dəfə Fransada ermənilərdən təhdid aldıq, başqa olmadı. Yoldaşımla Sorbonda konfrans verəcəkdik. Bildiriş göndərdilər ki, öldürərik. Biz də “qorxunun əcələ faydası yoxdur” deyib işimizə davam etdik. “Soyqırımı” kimi dedikləri köçürülmə hadisəsi var. Sarıqamışda ermənilər ruslara dedilər ki, türklərə yardım gəlməyəcək, hücum edin. Nə qədər şəhid verdik orada. Osmanlı da dedi ki, sən Vətənin bu hissəsində təhlükədəsən və ya mənə xəyanət içərisindəsən, səni Vətənin içində başqa bir yerə köçürürəm. Osmanlı arxivlərindən görürük ki, qərar verilib ki, hər qafiləyə həkim, hər hamilə qadına süd verilsin, borcları ertələnmiş olsun. Əgər ermənilərin soyqırımı nəzərdə tutulsaydı, həkimə, borca baxılardımı? Hitler yəhudilərin borcunamı baxırdı?

Üstəlik görürsünüz ki, Kazım Qarabəkir paşa ortada qalmış erməni uşaqları toplayıb onlara atalıq da edirdi... Osmanlı hətta ermənilərə yaxşı sahib çıxmadı iddiası ilə bir kaymakamını asdırır. O kaymakamlardan biri Boğazlıyan kaymakamı Kamal bəydir. 30 yaşlarında, övladlarının gözü qarşısında Osmanlı haqsız yerə kaymakamını asdırır... Sonralar kaymakama atılan iftiralar üzə çıxdığı üçün şəhid hesab edilir, məzarında bayraq ucaldılıb. Yəni Osmanlı erməniləri yox etmək istəsəydi, edərdi. Osmanlı bunu etməyib. Ermənilərin ilk baş naziri Ovanes Kaçaznuni də deyir ki, Osmanlı köçürmədə haqlı idi, çünki xəyanət etdik. Gümrü müqaviləsi zamanı Qarabəkir paşa ermənilərin nümayəndəsindən soruşur ki, bu qədər kiçik boynunla qoca Osmanlıya necə qarşı gəldin? Erməni nümayəndə Qarabəkir paşaya deyir ki, aldadıldıq paşam, maşa kimi istifadə edildik. Bütün doğunu bizə vəd etdilər. Haqsız iddiamızı geri çəkirik... Amma Gümrüdən sonra ruslar ortaya çıxdıqlarına görə, Moskva və Qars müqavilələri də imzalanır. Ermənilər də aldaılmış olduqlarının fərqində olublar...

Dilqəm Əhməd
Foto: Dilbər Coşqunsoy

Qeyd: Müsahibədən sonra Timsal xanımın qonağı olan “Turan Cavid Qadın Mərkəzi” ictimai birliyinin sədri Sevda Cəfərova ilə maraqlı söhbətimiz oldu. Sevda xanım Kazım Qarabəkir Paşa vəqfi ilə ortaq projelərindən və Timsal xanımla dostluğundan danışdı. Timsal xanım isə "İnsan ve asker Kazım Karabekir" kitabını bizə hədiyyə etdi.

Timsal Qarabəkirlə görüşü təşkil edən İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elpə və müsahibədə mənə yardımçı olan Kültür Evinin Gənclər qolunun başqanı Dilbər Coşqunsoya təşəkkür edirəm.

Aşağıdakı video isə rejissor Tahir Əliyev tərəfindən 2007-ci ildə Kazım Qarabəkir haqqında Azərbaycanda çəkilmiş ilk filmdir.


Müəllif:

Oxşar xəbərlər