30 Oktyabr 2014 19:16
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, əlcəklərini çıxarır, kişilərsə dəli olurdular

Heç kəs soruşmadı ki, oynamaq istəyir, ya yox. Üç yaşındaykən əlindən tutub rəqs məktəbinə apardılar. Burada təəccüblü heç nə yox idi, necə deyərlər, ot kökü üstə bitər. Axı o, peşəkar rəqqas ailəsində doğulmuşdu.


Bununla da, dünyada Rita Heyvort kimi tanınan Marqaritanın taleyi həll olundu.

O, hələ 3 yaşında ikən rəqs məktəbində çətin hərəkətləri yerinə yetirirdi. Qısası, rəqs onu son anda kinoya gətirib çıxartdı. Beləliklə də, Rita 17 yaşından etibarən kino karyerasına qədəm qoydu.

“Bizim tərcümə” layihəsi Hollividin ilk şahzadəsi və striptiz rəqqası olan Rita Heyvortun (Marqarita Karmen Kansino) həyat hekayəsini təqdim edir.

Balaca Ritanın atası ailəsini Hollivuda gətirərək burada rəqs məktəbi açmışdı. İlk illərdə ailə biznesi sürətlə inkişaf edirdi. Lakin böyük böhran illəri başlayanda rəqs məktəbi bağlandı, ata və bala duet şəklində mərasimlərdə rəqs etməyə başladılar. Əslində, balaca Rita çox utancaq qız idi. Lakin rəqs meydançasına çıxan kimi onda utancaqlıqdan əsər-əlamət qalmırdı.


On iki yaşında o, nimfaya (qədim yunan əsarətində pəri) bənzəyirdi. Meksika əsilli qızın şabalıdı saçları ona xüsusi gözəllik verirdi. 17 yaşından aktrisalıq edən Rita ilk üç filmində yalnız ekzotik rəqs ifa edirdi. Çəkildiyi 4-cü filmində isə o, nəhayət ki, danışdı.

Bir ildən sonra Marqarita ərə getdi. Elə əri Edvard Çarlz Cadson aktrisaya Hollivud Olimpinin zirvəsinə qalxmaqda yardım etdi. Ed Cadson “Kolambia Pikçerz” kino studiyasının qapılarını onun üzünə açacağına söz verdi. Ed sözünün üstündə də durdu, lakin...

Marqarita əvəzində bir neçə qurban verməli – anasının qızlıq soyadını götürməli (Heyvort) və adını Ritaya dəyişməli idi. Qadın latın simasından imtina edərək saçlarını kürən rəngə boyadı. Bu, hələ harasıdır? Ərinin israrı ilə o alnını genişləndirməli idi. Buna illər sərf olundu. O, hər gün əzablı elektroliz seanslarına gedərək saçların alında bitdiyi xətti daha da yuxarı qaldırmaqla alın sahəsini genişləndirirdi. Bir növ Rita ispan qızından qızılı saçlı ingilis xanımına çevrilirdi. Öz kökündən uzaqlaşmaq üçün Rita daha nələr etmirdi? Nəhayət ki, aktrisa burun formasını da cərrahi əməliyyatla dəyişdi. Beləliklə də, qızılı saçlı Rita Heyvort doğuldu.

Onun səyləri bəhrəsini verdi. O, Hollivudun Olimp zirvəsində ilahəyə, Amerikanın erotik simvoluna çevrildi! Kim bilmirsə, qoy dəftərçəsinə qeyd etsin – ekranda striptizi ilk dəfə nümayiş etdirən məhz Rita Heyvort olub. Düzdür, Ritanın striptizi qollarından əlcəyi asta-asta çıxarmaqdan ibarət idi. Hər halda, o, bunu elə məharətlə edirdi ki, bütün kişilər sözün əsl mənasında dəli olurdular!


Rita əsl latın amerikalısı idi. Onda ispanlara məxsus temperament və çılğınlıq vardı. Sözsüz ki, Rita o dövrün kişilərin ağlını başından ala bilirdi. Bəlkə də, elə buna görə Rita düz 5 dəfə ərdə oldu, lakin onun hər bir nikahı uğursuzluqla bitdi.
Rita birinci əri Edvardın “qara işlərlə” məşğul olmasından şübhələnirdi. Əslində, bu izdivacda hərə öz məqsədini güdürdü. Edvard arvadına kino industriyasında irəliləməsinə yardım etsə də, o, əsl əclaf çıxdı. O, Ritanı başqa kişilərə təklif edirdi! Rita ondan boşanan zaman karyerasının ilk illərində əldə etdiyi bütün qazancı Edvarda verməli oldu. Rita hətta hədiyyə aldığı şəxsi əşyalarını da geri qaytardı.

Rita ikinci əri Orson Uelslə nikaha daxil olana qədər artıq bir çox kişilərin qucağında olmuşdu. Bu, əlbəttə, romantik sevgilərin nəticəsi deyildi. Rita üçün bu görüşlər 1-2 gecəlik seks xarakteri daşıyardı. Rita gələcək ərinə rast gələnədək hər gün gecə əyləncələrində özünə partnyor axtarmaqla məşğul olardı. Orson Uels onu jurnalın üz qabığında “görüb” aşiq olmuşdu. O zaman Rita ərindən təzəcə ayrılmışdı. O, Ritanı taparaq evlənmək təklifi etmək qərarına gəldi. Uels düz 1 ay Ritanı görüşə çıxarmaq üçün dilə tutdu. Nəticə isə gözlənilməz oldu: Rita razılaşdı. Rita ona ərə gedən kimi hamilə qaldı və qızı Rebekkanı dünyaya gətirdi. Kənardan Uels-Heyvort izdivacı çox ideal görünürdi: Cadsondan fərqli olaraq Uels namuslu və sadiq ər obrazı yaratmışdı. Lakin ailədə nələrin baş verdiyini təkcə Rita bilirdi. Uels həm arvadını, həm digər aktrisaları kinoya çəkirdi. Rita buna görə ərindən tez-tez inciyərdi və onlar kino çəkilişləri ilə əlaqədar həftələrlə görüşməzdilər. Uels isə əsl arvadbaz idi: aktrisalardan biri ilə isə ciddi sevgi romanı yaşayırdı. Sonda onlar boşanmağa qərar verdi. Bu zaman qızları artıq məktəbə gedirdi.

“Mənim tanıdığım bütün kişilər Gildaya vurulardı, ancaq səhər mənimlə yuxudan durardılar”.

İkinci dünya müharibəsi bitdikdən sonra amerikalılar kino sahəsində seks simvol olacaq aktrisaya ehtiyac duymağa başladı. Və budur, ölkənin bütün kinoteatrlarında sanki bomba partladı. Yeni filmin adı “Gilda” idi. Bu filmin adı çəkilərkən insanların ağlına birinci bu fikirlər gələrdi: Rita Heyvort kamera qarşısında striptiz nümayiş etdirir! Arvadlar ərlərinin gözünü bağlayırdı ki, kişiləri uzunsaçlı, uzunayaqlı Ritanın əlcəklərini çıxardığını görməsinlər. Həqiqətən də, Ritaya əlcəyini çıxartmaq kifayət edirdi ki, milyonlarla kişi və hətta siyasətçilər onun qarşısında diz üstdə dayansın.

Heç kim Ritanın xarici vətəndaşa aşiq olacağına inanmazdı. Özü də xarici, nə xarici... İsmaililər sektasının mənəvi liderinin oğlu. Əsil ərəb şahzadəsi. Onlar Kann kino festivalında tanış oldular. Bütün gecəni şahzadə Ritadan gözlərini çəkə bilmirdi. Əli gecə-gündüz aktrisanı izləyirdi: ona bahalı hədiyyələr və gül dəstəsi göndərirdi. At sürməyə dəvət edirdi. Rita sonda Əli Xanın təklifini qəbul edərək ona ərə getdi. Rita əsl şahzadə tituluna layiq görülən ilk Hollivud aktrisası idi. 9 aydan sonra isə onların Yasmin adlı qızları dünyaya gəldi. Heyvort kino karyerasından imtina edərək ev qadını olmaq arzusuna düşdü. O, kino industriyası ilə müqaviləni ləğv edərək Avropada qaldı, Rita yalnız qızlarının qayğısına qalmaq, ərinə qulluq etmək istəyirdi. Və beləliklə də, Rita çirkab içində ola keçmişini unudaraq özünü övladlarına və sevimli ərinə həsr etdi. Əli nağıllardakı şahzadələr kimi zəngin idi. Ritanın pulla bağlı bütün ehtiyaclarını ödəyirdi. Lakin xoşbəxt ailə bağları getdikcə boşalmağa başladı. Heyvort ərinin ailəsi və ətrafında özünü artıq insan kimi hiss etməyə başladı. Amma Əli sanki ona görə utanc hissi keçirirdi. Günlərin birində aktrisanın digər ərəblərin qarşısında ədəbsiz bir lətifə danışması əriylə aralarında böyük qalmaqala səbəb oldu. Bəlkə də, bu vaxta qədər Rita ərinin ona qarşı etdiyi bütün hörmətsizlikləri qəbul edərdi, lakin bu dəfə vəziyyət fərqli idi! Bir səhər yuxudan duran Rita qəzet səhifələrində maraqlı bir məqaləyə rast gəldi. Məqalənin altındakı fotoda əri bir fahişə ilə maraqlı pozada yaxalanmışdı. Ritanın səbir kasası dolmuşdu, o, artıq bu hörmətsizliyə tab gətirə bilməyərək elə həmin dəqiqədə Amerikaya uçdu. Ancaq onu daha Hollivudda heç kim gözləmirdi. O, Əliyə görə ad-sanından və işindən məhrum olmuşdu...

Ritanın 4-cü əri Dik Heyms oldu. Rita ona çarəsizlikdən ərə getmişdi. Əli Xanla boşandıqdan sonra Ritanın nə işi, nə də pulu vardı. Depressiyalar isə əskik olmurdu. Rita hər bir qadın kimi sevib-sevilmək, nağıllardakı kimi yaşayıb özünü ailəsinə həsr etmək istəyirdi. Bununla belə, o heç zaman təslim olmadı və bəxtini dördüncü dəfə sınayaraq Dik Heymsə ərə getdi. Ancaq cəmi iki ildən sonra izdivac pozuldu.

Hollivudda Ritanı görməyə gözləri yox idi. Axı o, eqoistcəsinə hərəkət edərək müqaviləni özü pozmuşdu. Hollivuda ikinci qayıdışından sonra ona heç kim filmlərdə baş rol vermirdi. Heyvort prodüser Ceyms Hill ilə tanış oldu. Hill onun üçün son ümid yeri idi. Beşinci ərinin sayəsində Rita “Oskar” mükafatına namizəd olan “Stol arxasında” filmində rol aldı. Bu izdivac da 5 ildən artıq sürə bilmədi. Aktrisada Altshaymer xəstəliyi aşkar edildi. Bundan əlavə, Rita içkiyə də qurşanmışdı.


Son gününə kimi aktrisanın yanında qızı Yasmin oldu. Böyük qızı Rebekka isə anasını çox nadir hallarda ziyarət edərdi. Ritanın keçmiş ərlərinə gəldikdə isə, onlar yerli-dibli yoxa çıxmışdı...


Müəllif:

Oxşar xəbərlər