6 May 2022 10:25
2 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur stilist Anar Ağakişiyev Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik:

- Sizi məşhur stilist, yoxsa sadəcə Anar Ağakişiyev kimi təqim edəndə daha xoş olur?

- Təbii ki, uğurlarımı dilə gətirəndə daha xoş olur. Amma utancaq xarakterə malik olduğuma görə Anar Ağakişiyev kimi təqdim edəndə də xoş təsir bağışlayır.

- Türkiyədə Demet Akalın, Bülənt Ersoy kimi məşhurların stilisti kimi çalışırsınız. Yaxın günlərdə Türkiyə mediasında Demet Akalınını Cennifer Lopezə bənzətməyiniz səs-küyə səbəb oldu.

- Demet Akalın və Bülent Ersoyla çalışıram. Türkiyə mediasında səs salmağım ilk dəfə deyil. Buna artıq öyrəşmişəm. Ona görə də mənə sıradan bir hal kimi gəlir. Dediyim kimi təəccüblənmirəm və buna alışmışam. Əvvəl çox təəccüblənirdim.

- Türkiyədə küçədə insanlar sizi tanıyırlarmı?

- Bəli, Türkiyədə tanıyırlar. Alış-veriş mərkəzlərində, küçədə gedərkən salam verirlər, bildirirlər ki, sizi tanıyırıq. Mən də onlara təşəkkür edirəm.

- Türkiyədə gözəllik salonunuz varmı?

- Xeyr, yoxdur. Hələ ki, orada gözəllik salonu açmaq istəmirəm. Əslində, elə bir planım var, hələlik düşünürəm.

- Bülent Ersoyu Türkiyədə iftar süfrəsinə dəvət etdiniz. Onu çox "kapriz"li bir insan kimi tanıyırıq. Bülent Ersoy iş əsnasında nə kimi kapriz göstərir?

- Bülent Ersoyun kaprizi yoxdur, amma həddindən artıq tələbkardır. Çox yaxşı insandır, dürüstdür, mərddir. İftar süfrəsinə gəlməyi özü istəyirdi və mənim üçün də böyük şərəf idi. Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iftar süfrəsində idi. Bir az həyəcanlı idim və tələsik gücüm nəyə çatdı onu etdim.

Mən Demet Akalın və Bülent Ersoyla çox yaxın dostluq münasibətim var. İş münasibətlərindən başqa mən onlara hansısa sirrimi aça bilərəm, onlar da mənə sirlərini etibar edə bilirlər. Artıq işbirliyi prosesini keçmişik...

- Demet Akalın olmasaydı, Türkiyədə bu dərəcədə tanınardınızmı? Onun sizin Türkiyədəki fəaliyyətinizdəki rolu nədən ibarətdir?

- Türkiyədə fəaliyyətimdə Demet Akalının böyük rolu var. Bunu danmıram. Təbii ki, Allahıma şükür edirəm ki, mənə Demet Akalınla görüşmək imkanı yaratdı. Bu sahədə yolu açdığıma görə bir çox makeup artistləri ölkəmizə gələn müğənniləri məndən sonra makiyaj etməyə başladılar. Amma bu, bir yerə qədərdir, ondan o tərəfə alınmır. Bu da insanın istedadına bağlıdır.

Türkiyədə tanınmağım 50 faiz Demet Akalının, 50 faiz isə mənim öz istedadıma bağlıdır. Dəfələrlə görmüşəm ki, yerli media hanısasa vizajistin bir müğənnini bəzəməsi xəbərini dərc edir. Baxıram ki, xəbər oxunmur və ona bir-iki şərh yazıblar. Çünki onların işi elə ora qədərdir.

- Türkiyədə başqa kimin stilisti olmaq istərdiniz?

- Mənə Türkiyədə iş təklifləri çox olur. İnanın ki, sadəcə çatdırmaq mümkün deyil. Mənə Linet xanımdan bir neçə dəfə iş təklifi gəldi, amma alınmadı. Çünki ya Türkiyədə deyildim, ya da Bakıdakı gözəllik salonunu sahibsiz qoya bilməmişəm. Yaxud hansısa xarici ölkədə olmuşam. Türkiyədə çox tanınmış müğənnilərdən iş təklifi gəlib, adlarını çəkməyəcəm. Amma onlar büdcəmə razılıq vermirlər.

- Eşitdiyimizə görə işlədiyiniz məşhurlar sırasında ən çox qonorarı Bülent Ersoy verir. Məbləği açıqlaya bilərsinizmi?

- Mənə Demet Akalın da, Bülent Ersoy da yüksək qonorar verir. Ümumiyyətlə, onlara qiymət demirəm, amma bilirlər ki, nəyə layiqəm. Mənə məbləğin iki qatını ödəyirlər... Məbləğə gəlincə, 1500-2000-3000 dollar verirlər. İnsan səmimi olmalıdır, onlar da səmimiyyətimə inanıb evlərinin qapısını açırlar. Mənə elə bir sirlərini açıqlayırlar ki... Bilirlər ki, insanın işi, daxili düzgün olanda həm də səmimi olmalıdır.

Ay özümü dartım-filan, mənə yaddır. Dəfələrlə dostlarım deyirlər ki, niyə "ekonom klass”da uçursan. Cavab verirəm ki, nə dəxli var. Elə olur, “biznes klass”da uçuram, elə də olur, "ekonom klass"da.

- Gələcəkdə tamamilə Türkiyəyə köçməyi düşünürsünüzmü?

- Hazırda Bakıdayam və gözəllik mərkəzimdə işçilərim çoxdur. Onları nəzarətsiz buraxmaq mümkün deyil. Bəlkə gələcəkdə Türkiyədə işlərimi çatdırmaq üçün orada gözəllik salonu açdım. Vaxtilə müsahibələrimdə deyirdim ki, Azərbaycanda başım göylərə dəyib, hər şey etmişəm. İndi Türkiyədə də hər şey etmişəm deyə bilirəm...

- Karyeranızla bağlı Hollivuda getməyi arzulayırsızmı?

- Hollivud bir az uzaqdır. Hansısa Avropa ölkəsi ola bilər.

- Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva və Günel Zeynalova ilə münasibətiniz necədir?

- Onlarla münasibətim çox gözəldir: salam-sağ ol...

- Müsahibələrinizin birində özünüzə Azərbaycanda rəqib tanımadığınızı qeyd etmisiniz. Bəs, Türkiyədə özünüzə rəqib görürsünüz?

- Nəinki Azərbaycanda, dünyada özümə rəqib görmürəm.

- Gözəllik, yoxsa dəbin əsiri olmaq - sizin üçün hansı daha önəmlidir?

- Mənim üçün hər ikisi önəmlidir. Çünki hər ikisi bir-birinə bağlıdır. Həm gözəllik, həm də müasir olmaq...

- Xəzər televiziyasında “Dəyişən cavab” verilişinin aparıcısı oldunuz. Hətta veriliş xarici ölkələrdə də səs-küy yaratdı. Verilişin bağlanmasına səbəb nə oldu?

- Qonaqların siyahısını mən tərtib etmirdim, sadəcə bir-iki qonağa görə dedim ki, onların iştirakını istəmirəm. Yəni əvvəlcədən bildirmişdim ki, filan müğənnilər verilişdə olmayacaq. Onlarla münasibətim yoxdur, olmasını da istəmirəm. Çox sağ olsun Xəzər televiziyası da bu fikirlərimi qəbul etdi.

Verilişin dayandırılması işlərimin çoxluğu ilə bağlı idi. Tez-tez Türkiyəyə gedirəm, eləcə də buradakı işlərimə başım qarışır. Çatdıra bilmirdim. Veriliş tamamilə bağlanmadı, davamı ola bilər. Mən layihə rəhbəri Toğrul Məmmədovdan xahiş etdim ki, hər şeyi anlayıram, reytinq, səs-küy, amma mənə icazə verin Türkiyədəki işlərim dayanır.

Toğrul müəllim də sağ olsun, şərait yaratdı. Dedi ki, Anar, layihə o qədər maraqlıdır ki, bir ildən sonra da davam etsə, eyni reytinq gətirəcək. “Dəyişən cavab” verilişi bağlanmadı, sadəcə onu dayandırdıq. Gördüyünüz kimi bir ayağım Türkiyədə, bir ayağım Bakıdadır. Gözəllik salonumda təmir işləri gedir. Sizin vasitənizlə demək istəyirəm ki, əziz xanımlar, sizin üçün gözəllik salonumu təmir elətdirdim.

Bir az öncəki fikrimə davam edərək demək istəyirəm ki, nə Bakıda, nə də dünyada rəqibim yoxdur. Məndən sonra həmkarlarımın bir çoxları veriliş açmağa üstünlük verdilər, məncə alınmadı. Maraqsız keçdi.

- Şou-biznesdə zövqünü bəyənmədiyiniz müğənnilər sırasında iradlarınızı nəzərə alıb dəyişən ifaçı oldumu?

- Mən iradlarımı çox ədəb-ərkan daxilində bildirmişəm. Bu günə qədər irad bildirdiklərimi də öpürəm, bağrıma basıram. Heç vaxt görmədim ki, mənə qarşı aqressiv münasibət göstərsinlər. Bu da mənim tərbiyə və zəkamdan irəli gəlir. İrad bildirklərim müğənnilərdən bəziləri zamanla dəyişdilər, bəziləri isə əksinə... Bəziləri xəbəri oxudular, cavab vermədilər.

Son günlər görürəm ki, hansısa həmkarım kiməsə irad bildirəndə elə cavab alırlar ki... Mənə qarşı belə hal yox idi. Bəlkə də bu, iradlarımı çox nəzakətlə bildirməyimlə bağlı idi.

- Şou-biznesin ən zövqlü və zövqsüz müğənnisi kimdir?

- Ad çəkməyəcəm, çünki karyeramda bu mərhələni keçmişəm. Zamanında kimin zövqlü və zövqsüz olduğunu demişəm. Kim özünə götürdü, zövqlü olmağa başladı. Hazırda kimin zövqlü və zövqsüz olduğu mənə maraqlı deyil. Hər kəs özünə cavabdehdir. Əgər bir müğənni zövqsüzdürsə, auditoriyasından hər hansı irad alırsa, özü analiz etməlidir. Əgər analiz etmirsə və belə rahatdırsa, olsun.

- Bu sahədə dostluq münasibəti varmı? İşlədiyiniz müğənniləri nəzərdə tuturam.

- Səmimi dostluq münasibəti var. Özümdən misal çəkə bilərəm. Uzun illərdir, Sevil və Sevinc Səfərova bacıları, Röya Ayxan, Samirə Əfəndi, Aysel Məmmədova ilə səmimi dostluq münasibətim var.

- Qeyri-səmimilər çoxdur?

- Bəli, az deyil...

- Maddi baxımından varlısınızmı?

- Mənə elə gəlir ki, qəlbim daha varlıdır, nəinki maddi olaraq... Bir evim var. Əvvəl evlərim çox idi, iki-üç otaqlı idilər. Amma özüm 150 kvadratmetirlik evdə qalırdım. Bu isə mənə bəs eləmirdi. Pandemiyada böyük ev aldım, onun ödənişi üçün bütün evlərimi satdım.

Bəlkə də pandemiya düşməsəydi o evlər qalacaqdı. Hazırda yaşadığım mənzil 800 kvadratdır. Bunun üçün çox böyük məbləğdə pul lazım idi. Demək istəyirəm ki, indi yalnız bir evim var.

-Yaxın günlərdə yaxın dostunuz, aparıcı Nanə Ağamalıyeva ilə qalmaqal yaşadınız. Sonra məsələnin həlli üçün bir araya gəldinizmi?

- İlk dəfə bu suala cavab verəcəm və siz ilk jurnalist olacaqsınız. Bəli, baş verənlər hamısı həqiqət idi. O, xanımla dostluğumuz bitdi və heç vaxt bərpa olunmayacaq. Düzdür, belə bir ifadə var, “Heç vaxt heç vaxt demə”, amma mən deyirəm ki, heç vaxt...

Yəqin mən yanılmışam. O xanımla 15 ilə qədər çox yaxın dost idik. Mənə elə gəlir, ya həzm edə bilmədi, ya da onun problemi var idi. Bunu anlaya bilmədim. Mən onu bağışlaya bilməyəcəm. Bəli, mənə ATV kanalında vəzifə verilmişdi. Kanalda mənim də işçilərim vardı. Yeddi-səkkiz nəfərin çörəyinə bais oldu. Ona görə də Nanə Ağamalıyevanı bağışlaya bilmərəm.

Mən onun kaprizlərini, bəzi işçilərlə davranışını gördüm və anladım ki, uzaqlaşmalıyam. Bir-iki dəfə səbr edə bilərəm, üçüncüdə ona ağır söz deyərəm. Qarşımdakının xanım olduğuna və xanımlar mənim başımın tacıdır deyə düşünərək dişimi sıxıb özüm çəkildim. Çıxıb getdim ki, buradan qan iyi gəlir, məcbur öz komandamı da çəkdim.

Məsələnin kökünə varanda görürsən ki, onların işdən çıxarılmasına o səbəb oldu. Təkrar edirəm, onu bağışlaya bilməyəcəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər