Prodüser-aparıcı Tarix (Tolik) Əliyev jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intiharından danışıb.
Prodüser Teleqraf.com-a açıqlamasında Orxan Məmmədli ilə iki gün əvvəl danışdığını bildirib:
"Hərə bir söz deyir. Düşünürəm ki, ən doğrusunu Orxan özü bilir. Bir də həqiqət Orxanın anasına yazdığı məktubdadır. Mediada yazırlar ki, məktubda anasına borclu olduğu insanların adını yazaraq "Haqqınızı halal edin və ölümümdə heç kimi günahlandırmayın" deyə qeyd edib. Bu, mənə çox pis təsir etdi.
Biz Orxan Məmmədli ilə illərin dostu idik. İki gün əvvəl danışmışdıq, bilet satışı ilə bağlı. Amma belə bir hadisə baş verəcəyi adamın ağlına gəlməzdi. Ölüm o qədər cavanlaşıb ki..."
"Orxan Məmmədli ilə Türkan Məmmədlinin boşanması haqqında da şayiələr yayılıb. Bu nə dərəcədə doğrudur?" sualına cavabda prodüser şayiələri təkzib edib: "Xeyr, rəsmən boşanmayıblar. Dəqiq bilirəm. Amma münasibətlərində soyuqluq var idi. Arada ayrı olurdular. Srağa gün gedib uşaqlarını da görüb. Başqa heç nə bilmirəm. Borcunun olması haqqında isə müxtəlif fikirlər səsləndirirlər, biri 240 min, digəri 250 min deyir. Dəqiq məktub ortaya çıxmayana qədər həqiqət bilinməyəcək. Amma heç bir məbləğ özünə qəsd etməyə dəlalət etmir. Başqa şeylər də bilirəm. İnsan təkbaşına qalanda başına min fikir gəlir. İki körpəsi var. Çox şeyi danışmaq istəmirəm. Kiminsə qəlbini qırmaq istəmirəm".
Qeyd edək ki, Orxan Məmmədli “Avantaj” turizm şirkətinə rəhbəridir. O, Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur.