7 Dekabr 20:15

Avstriyanın Zaltsburq şəhərində keçirilən Asiya incəsənəti üzrə xüsusi hərracda Çində istehsal olunmuş vaza rekord qiymətə satılıb.

Teleqraf.com xəbər verir ki, XVIII əsrə aid vazanın ilkin çağırış qiyməti 30 min avro olsa da, Çindən telefonla hərraca qoşulan naməlum kolleksiyaçı bu sənət əsəri üçün 7,3 milyon avro ödəyib.

Almaniyanın “Nagel-Auktionen” firmasının icraçı direktoru Filipp von Hutten hərraca çıxarılan sənət əsəri ilə bağlı bildirib ki, bu vazadan dünyada cəmi beş ədəd mövcuddur. Ekspert deyib ki, mavi-qırmızı rəng kombinasiyasında olan bu mükəmməl sənət əsərini ərsəyə gətirmək üçün azı 100-150 vaza istehsal prosesində sıradan çıxırdı. Hazırlanma tarixçəsi yaxşı sənədləşdirilmiş vazanın hazırlandıqdan az sonra Çin imperatoruna təqdim olunması və onun tərəfindən bu sənət əsərinə yüksək dəyər verilməsi də məlumdur.
Ekspert bildirib ki, vaza üçün belə bir yüksək məbləğin ödənilməsi bir çoxları üçün anlaşılmazdır. Lakin hazırda çinli kolleksiyaçılar dünya hərraclarında 300-400 il əvvəl Çindən dünyanın müxtəlif ölkələrinə aparılmış incəsənət əsərlərini alır, öz vətənlərinə geri qaytarırlar. Asiya incəsənəti üzrə ixtisaslaşmış Zaltsburq hərracı isə həm satıcı, həm də kolleksiyaçılar üçün mühüm məkandır.

Dekabrın 6-7-də keçirilən hərracda, ümumilikdə, 12 min obyekt hərraca çıxarılıb.


Müəllif: Teleqraf.com
Загрузка...