Atatürk Hava Limanında 2016-cı ildə baş verən terror aktından bir neçə saat sonra sözügedən hava limanından Londona uçan hüquqşünas Aqil Layıcovun İngiltərə aeroportunda başına gələnlərlə bağlı yazdıqları hər kəsin marağına səbəb olub.
Axar.az xəbər verir ki, hüquqşünas 2016-cı ildə Atatürk Hava Limanında baş vermiş terror aktından əvvəl həmin hava limanından Londona uçduğunu, oraya çatdıqda isə polislər tərəfindən bir otağa dəvət edildiyini bildirib:
“15 dəqiqə ciddi yoxlanıldıqdan sonra bir rəhbər şəxs yaxınlaşaraq üzr istədi və qeyd elədi ki, sizə terrorçu kimi yanaşıldı şəklində düşüncəniz ola bilər, amma bu, ilk növbədə, sizin təhlükəsizliyiniz üçündür. Daha sonra dedi ki, sizi gecikdirdiyimiz üçün qalacağınız otelə özümüz aparacağıq. Xidməti maşınları ilə elə də etdilər.
Səhər ayılanda qapının qabağına qeyd asmışdılar ki, qeydiyyat şöbəsinə yaxınlaşım. Qeydiyyat şöbəsində 2 gün qalmaq üçün otelə ödədiyim pulu geri qaytarıb, əlavə həmin müddət ərzində Britaniya ərazisində qalacağım dövr üçün ictimai nəqliyyatdan və səhiyyədən pulsuz istifadə kartları verdilər. Bütün bu olanlar 15 dəqiqə daha çox yoxlanılmağa məruz qalmağıma edilən kompensasiya idi”.
Maraq doğuran və diqqət çəkən bu münasibət barədə Axar.az-a danışan hüquqşünas bildirib ki, ona qarşı belə münasibətin səbəbi böyük ehtimalla hüquqşünas olmasından qaynaqlanıb:
“Məndən başqa həmin təyyarədə olan digər sərnişinlərin də eyni qaydada yoxlanılıb-yoxlanılmadığına əmin deyiləm. Bu yoxlamanın səbəbi məndən şübhələnmələri deyildi. Məni ona görə yoxladılar ki, endiyim təyyarə Atatürk Hava Limanından gəlmişdi və həmin saatlarda da sözügedən hava limanında terror aktı olmuşdu.
Xaricə gedənlərin əksəriyyəti bilir, xüsusilə İngiltərəyə gedəndə deklarasiya sənədi var ki, ona qol çəkilir və həmin sənəd Dövlət Sərhəd Xidmətinə təqdim edilir. Həmin deklarasiyada peşəni qeyd etmək mütləqdir. Mən də hüquqşünas olduğum üçün bunu qeyd etmişdim. Böyük ehtimalla deklarasiya sənədində hüquqşünas olduğumu görüblər və bunu görməməkləri mümkün də deyildi. Məhz bu səbəbdən elə davranıblar ki, hər hansı məhkəmə iddiası ilə üzləşməsinlər”.