Tarix boyu qadınlar müxtəlif sahələrlə maraqlanıb, fəlsəfə də bunlardan biridir. Amma o dövrlərdə qadınlara ikinci sinfin nümayəndəsi kimi münasibət bəslənilir və gördüyü işlər gözardı edilirdi. Antik dövr və orta əsrlərdə fəlsəfə ilə məşğul olan qadınlar cadugərlikdə ittiham olunur, cəzalandırılırdı. Buna baxmayaraq, qadınlar kişilərlə birlikdə fəlsəfənin də öhdəsindən gələrək, ön cərgələrdə yerlərini ala bildilər.
Teleqraf.com antik və orta əsrlər dövrlərinin qadın filosofları haqda məlumatları təqdim edir.
Feano
Antik dövrün ilk məlum olan qadın filosofudur. E.ə. 600-550-ci illərdə yaşadığı ehtimal edilir. Feano Pifaqorun ən məşhur davamçısı kimi tarixdə yerini alıb.
Feano Pifaqorun arvadı, tələbəsi və ilk müdafiəçilərindən biridir. Riyaziyyat, fizika və həndəsə ilə məşğul olub, reinkarnasiya təliminə inanıb. Ərinin ölümündən sonra Pifaqor məktəbinə rəhbərlik edib və qız tələbələrinə dərs verib.
Aspasiya
Sokratdan dərs aldığı, fəlsəfi və ritorik dünyagörüşünün dərin olduğu bildirilir. Həm Platon, həm Aristofan, həm də Ksenofontun əsərlərində ondan bəhs olunur.
Hipatiya
370-ci ildən sonra yaşayan Hipatiya yeni platonçuluğun rəğbət gördüyü dövrdə İsgəndəriyyədə yaşayıb. Astronomiya və riyaziyyatla maraqlanan filosofun həyatı ağır bir dövrdən keçmişdi. Xristian dininin yeni yayılmağa başladığı bu dövrdə qeyri-xristianlara da nifrət vardı. Hipatiya da bundan öz payını almışdı.
Bu dövrdə fəlsəfənin bölücü və hakim sistemə zərbə mövqeyində dayandığı düşüncəsi onun işini daha da çətinləşdirmişdi. Buna baxmayaraq, dahi bir filosof kimi özünü tanıdan Hipatiya bu ağır şərtlər altında İsgəndəriyyə Universitetində astronomiya və həndəsə dərsləri vermişdi.
Hipatiyanın atası özü qədər məşhur olan riyaziyyatçı Feondur. Hipatiya Platon düşüncələrinin müdafiəçisi idi, amma günümüzədək gəlib çatan bir əsəri yoxdur. O, Platonun “Əsl həqiqət, görünən yox, onun arxasında olandır” düşüncəsini müdafiə edirdi.
Hipatiyanın həyatı haqda ən diqqətə çarpan amil ölümü ilə bağlıdır. Paqan inancının daşıyıcısı olan filosof hakimiyyətin işlərinə qarışmaqda ittiham olunmuş, daşlanaraq öldürülmüşdü. Bu, İntibah dövründə Hipatiya əfsanəsinin geniş yayılmasına yol açdı.
Hildeqard
Mistisizm cərəyanının önəmli təmsilçilərindən biridir. Hildeqard 1098-ci ildə doğulub, həyatının 30 ilini qadın həbsxanasında keçirib. Həbsdən sonra rahibəlik andı içmişdi. Hildeqard haqda ən maraqlı detal onun kişi monastrlarından ayrı, müstəqil qadın monastrını qurması ilə bağlıdır.
Hildeqarda görə, Tanrı-insan və kosmos bütöv bir anlayışdır. Bu barədə “Scvias” adlı kitabında yazıb.
Bununla yanaşı, əxlaqdan bəhs edən “Liber Vintae Meritorum” və yenə də insan-kosmos əlaqəsindən bəhs olunan “Liber Divinorum Operum” adlı əsərləri var.
Marqarita Poretan
1255-1320-ci illərdə Fransada yaşayan filosof mistik düşüncənin nümayəndələrindən biridir. Marqarita Poretanın həyatı maraqlıdır.
“Din manyakı” ittihamı ilə yandırılaraq öldürülüb. Bunun səbəbi “Yalın ruhun güzgüsü” adlı kitabında müdafiə etdiyi fikirləridir. O bu əsərində ruhun tamamilə azad olduğunu müdafiə edirdi, bu fikrə görə, insan tamamilə kilsədən uzaqlaşmalı, Tanrı ilə əlaqəsini öz iç dünyasında qurmalıdır.
Yaşadığı dövrü üçün kifayət qədər cəsarətli bir mövqe olan bu fikri filosofun həyatına son qoymuşdu. Həyatı ilə bağlı məlumatlar məhduddur, 7 əsər yazıb.
Katerina
Dominikanlı rahibə, sxolastik teoloq və filosof olan Katerina katolik inancının 6 xilaskar ruhanisindən biridir. “The Dialogue of Divine Providence” adlı əsərində mistik düşüncələrini dilə gətirib.
Kristina de Pizan
Pizanın dul qadın olması cəmiyyət içində hörmətinin az olmasına yol açmışdı. Lakin poetik, fəlsəfi və siyasi yazılar yazması onun güclü bir zəkasının göstəricisi sayılırdı. Ümumilikdə 30 kitabın müəllifidir.
İzotta Noqarola
Renesans dövrünün ən məşhur qadın humanisti, filosof və yazıçısıdır. “Adəm və Həvva haqqında dialoq” adlı əsəri cinsiyyət kimliyi və qadın təbiəti mübahisələri üçün qapıları açmışdı.
Tulliya Daraqona
Daraqona Platon ənənələrinin nümayəndəsi kimi qabağımıza çıxır. İtaliyada yaşayan filosof mükəmməl təhsil almışdı. Fəlsəfi düşüncələri onu ön plana çıxarsa da, cadugərlikdə ittiham edilmişdi.
Daraqona məşhur “Məhəbbətin sonsuzluğu haqqında dialoq” adlı əsərində sonsuz məhəbbətlə bağlı düşüncələrini dilə gətirir.
Tereza
Gözəlliyi ilə tanınan və xristianlığın ən məşhur ruhanilərindən biri olan Tereza mistik bir filosof və rahibə idi. Haqqında olan məlumatlar məhduddur.
Meri Estel
Din adamı olan əmisindən riyaziyyat, fəlsəfə dərsləri aldıqdan sonra Londona köçmüşdü. Burada kirayə götürdüyü evdə birlikdə yaşadığı dostu ilə buranı intellektual bir məkəzə çevirmişdi.
Dönəmin digər qadın filosofları kimi Dekart fəlsəfini müdafiə etməklə yanaşı, Lokun Ampirizmindən də təsirlənmişdi. Bu fəlsəfəyə görə, elm təcrübələr sayəsində qazanılır. Xüsusilə qadınların təhsilinə önəm verirdi. Estelə görə, təhsil özünəinamını artırsa da, qadın yenə də ictimai-siyasi vəzifə pilləsində aşağıda qalmalıdır.