22 Aprel 2020 13:32
2 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk ədəbiyyatının ən məşhur simalarından biridir. Ataol Bəhramoğludan danışırıq.

Ataol Bəhramoğlu – şair, yazıçı, tərcüməçi.

Ataol Bəhramoğlu 1942-ci il aprelin 13-də Türkiyənin İstanbul şəhərində doğulub. Yaradıcılığının ilk illərində şeirlərini əslən Azərbaycandan olan atasının şərəfinə “Bəhramoğlu” imzasıyla yazıb. İlk imzası isə atasının boya-başa çatdığı qədim Azərbaycan şəhəri Gorusun şərəfinə Ataol Gorus olub.

Atası mühəndis Heydər Bəhramoğlu, anası isə İsmət xanımdır. “Nihat Bəhram” adıyla tanına jurnalist və şair Mustafa Nihat Bəhramoğlu və vəkil Namiq Kamal Bəhramoğlunun böyük qardaşıdır.

Solçu partiyanın qurulması

Orta məktəb illərində yazdığı ilk şeirlərini Ataol Gürus (Gorus) adıyla “Yeni Çankırı”, “Yeşil Ilgaz” və “Çağrı” kimi qəzetlərdə yayımlanır. Orta təhsilini 1960-cı ildə İstanbulda bitirən Ataol Bəhramoğlu 1966-cı ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində Rus dili və Ədəbiyyatı bölməsindən məzun olur. 1962-ci ildə üzvü olduğu sosialistlərin Türkiyə Fəhlə Partiyasının (TİP) quruculuğunda fəal iştirak edir.

Magistr illərində “Yapraklar”, “Dost”, “Evrim”, “Ataç” kimi jurnallarda dərc olunan şeirləri ilə diqqət çəkir. O illərdə qələmə aldığı şeirlərinin yer aldığı ilk kitabı “Bir ermeni general” 1965-ci ildə işıq üzü görür. Gənclik dönəmi şeirlərində Orxan Vəli və Atilla İlhan poeziyasının izləri hiss olunur. Özünəxas poeziyasının əsl kimliyi isə 1965-1971-ci illərdə “Papirüs”, “Şiir Sanatı”, “Yeni Gerçek”, “Yeni Dergi” və “Halkın Dostları” kimi jurnallarda dərc olunan şeirlərində üzə çıxır. “Halkın Dostları”nı İsmət Özəllə birlikdə yayımlayırdı. Amma 1971-ci il martın 12-də baş verən qiyamdan sonra jurnal fəaliyyətini dayandırır.

Fransaya qaçış

Bəhramoğlunun bu dönəmdə yazdığı şeirlərində sosialist düşüncə tərzi özünü göstərirdi. 1965-ci ildə nəşr olunan “Bir gün mutlaka” adlı kitabında yer alan şeirləri 60-cı illər sosialistlərinin manifesti kimi qəbul edilirdi. Bu dövrdə realist və sosialist poeziyanın prinsiplərinə yönələn şeirlərini yeni mövzu və üslub axtarışları ilə bəsləyirdi.

1970-ci ildə siyasi səbəblərdən xarici ölkəyə gedən Bəhramoğlu 1972-ci ilədək Paris və Londonda yaşadı. Parisdə Luis Araqon və Pablo Neruda ilə tanış oldu. Araqonun çap etdirdiyi “Les Letters Françaises” jurnalında fransız dilində “Bir gün mutlaka” kitabında yer alan bəzi şeirlərini yayımladı. 1971-ci ildə Parisdə Azadlıq Teatrının (Theatre de Liberte) qurulmasında iştirak etdi. Teatrın ilk tamaşasının yazılmasında yer aldı.

SSRİ Yazıçılıq İttifaqının dəvəti ilə 1972-ci ildə getdiyi Moskvada iki il yaşadı. Bu dönəmdə Moskva Dövlət Universitetində çalışdı. Üçüncü şeirlər kitabı “Yolculuk, özlem, cesaret və kavga” da bu illərdə işıq üzü gördü. Amma Türkiyədə...

Türkiyə yollarında

1974-cü ildə əfv qanunundan istifadə edərək ölkəyə qayıdan Bəhramoğlu İstanbul Teatrında dramaturq kimi işə başladı. 1975-ci ildə qardaşı Nihat Bəhramla yayımladığı “Militan” jurnalı böyük maraqla qarşılandı. Bu dönemde Ataol Bəhramoğlunun “Ne yağmur… Ne şiirler”, “Kuşatmada”, “Mustafa Suphi destanı” və “Dörtlükler” adlı kitabları yayımlandı.

1979-cu ildə Türkiyə Yazıçıları Həmkarlar İttifaqının sədri seçildi. Rus əsilli Lüdmila Denisenko ilə evliliyindən qızı Barış o il doğuldu. 1980-ci ildə baş verən dövlət çevrilişindən sonra teatrdan getməyə məcbur oldu. Məhkəmə tərəfindən “Ne yağmur…Ne şiirler” kitabının yeni nəşrinin satış yerlərindən toplanılması və yandırılmasına qərar verilən Ataol Behramoğlu bir həftə həbsdə qaldı, daha sonra kitaba qoyulan qadağa ləğv edildi. 1981-ci ildə “İyi bir yurttaş aranıyor” adıyla nəşr olunan şeirləri Türkiyədə “siyasi sarkazm”ın ilk nümunələri kimi oxuculara təqdim olundu. Həmin il seçmə şeirləri “Türkiye, Üzgün Yurdum, Güzel Yurdum” adıyla Yunanıstanda nəşr olundu.

Yenidən həbsə

1982-ci ildə Sülh Dərnəyinin (Barış Derneği) qurucusu və rəhbəri qismində 10 ay azadlıqdan məhrum edildi. Həbsdə olanda Asiya-Afrika Yazıçılar Birliyinin “1981 Lotus” mükafatını qazandı. 1983-cü ildə 8 il həbs cəzasına məhkum edildi. 1984-cü ildə ölkədən gizli qaçaraq Fransaya getdi. Bir müddət sonra pasport verilməyən ailəsini də gizli yolla ölkədən çıxardı.

1989-cu ilə qədər Parisdə Sarbon Universitetində çalışdı. 1986-cı ildə Parisdə Yüksel Aslanla birlikdə “Anka” jurnalını çap etdirdi.

Almaniyada “Kızıma mektuplar” və “Türkiye, Üzgün Yurdum, Güzel Yurdum” adlı şeirləri kitabı və “Mustafa Suphi destanı”nın ikinci dəfə nəşr etdirdi. 1988-ci ildə Macarıstanda macar dilində seçmə şeirlərindən ibarət kitabı işıq üzü gördü. “Yaşayan bir şiir”, “Eski nisan” və “Bebeklerin ulusu yok” adlı şeirlər kitabı da o illərdə nəşr olundu. Barəsində açılan cinayət işinə xitam verilməsindən sonra 1989-cu ildə Türkiyəyə qayıtdı.

Azərbaycan haqda təəssüratı

1990-cı illərdə “İki ateş arasında”, “Nazıma bir güz çelengi”, “Mekanik gözyaşları”, “Şiirin dili-Ana dil” kitabları işıq üzü gördü. 1995-ci ildə seçildiyi Türkiyə Yazıçıları Həmkarlar İttifaqının sədri vəzifəsində 1999-cu ilədək qaldı. 2002-ci ildə Türkiyə P.E.N Yazıçılar Dərnəyinin “Dünya Şiir Günü Büyük Ödülü” mükafatını qazandı. 2008-ci ildə seçmə şeirləri ABŞ-da yayımlandı, həmin il Rusiyada beynəlxalq “Puşkin Nişanı”na layiq görüldü”.

2009-cu ildı Beykent Unversitetində professor elmi dərəcəsinə yüksəldi. 2015-ci ildə Bəhramoğlunun yaradıcılığının 50 illik yubileyi münasibətilə İzmirdə iki dəfə dövlət səviyyəsində kosert təşkil olunub. 2016-cı ildə İstanbulda (Beşiktaş” Ataol Bəhramoğluna heykəl qoyulub.

Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının üzvüdür.

Bir neçə dəfə Azərbaycanda olan Bəhramoğlu Türkiyəyə qayıtdıqdan sonra ölkəmiz haqda xoş sözlər demişdi. Yazılarında Azərbaycanı “atamın və anamın məmləkəti” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər