22 May 2020 09:14
4 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alp Ər Tonqa əfsanəvi türk xaqanıdır. Adının mənası “igid”, “qəhrəman”, “bahadır” anlamlarına gəlir. Bir çox tarixi mənbələrdə sakların hökmdarı kimi qəbul edilir.

Teleqraf.com sakların əfsanəvi hökmdarı Alp Ər Tonqa haqda məlumatları təqdim edir.

Alp Ər Tonqa türk ölkələrində olduğu kimi, bütün dünyada qəbul olunur.

Türklərin qədim atası

Həyatı haqda məlumatlar əfsanələrə söykənən Alp Ər Tonqanın türklərin qədim atalarının soyundan gəldiyi iddia olunur. Habelə, “Divani-Lüğətit-Türk”, “Qutadqu bilik”dəki qəhrəmanların o olduğu düşünülür. İranlı şair Firdovsinin “Şahnamə”sində də Alp Ər Tonqadan bəhs olunur. Ölümü ilə bağlı “Divani-Lüğətit-Türk”də bəzi qeydlər var.

Alp Ər adına Altay dağlarında qədim türk qeydlərində də rast gəlinir. Habelə Orxon abidələrində...

Xaqanların ən məşhuru

Yusif Xas Hacibin Qaraxanlı hökmdarı Buğra Xana hədiyyə verdiyi “Qutadqu bilik” əsərində dünya hökmdarları içində ən ədalətli olanların türk hökmdarları olduğu və onların ən məşhurunun taciklərin “Əfrasiyab” dediyi Alp Ər Tonqa olduğunu yazır.

Əfrasiyabdan bu sözlərlə bəhs edir: “Şəhər. Bu kəlimədən götürülərək Qaşqara “Ordu Şəhər” deyirlər. Xanın oturduğu yer şəhər deməkdir. Çünki Əfrasiyab havası gözəl olduğu üçün burada otururdu”.

“Avesta”da “Arjasp” adlı obrazın Alp Ər Tonqa olduğu özbək şairi Əlişir Nəvainin “Tarixi muluk əcəm” əsərində “Arjasp binni Əfrasiyab kim, türk padişahi ərdi” formasında ifadə edilir.

Əfsanəyə görə, Alp Ər Tonqanın həyatı savşalarda keçib. Uzun müddət mübarizə apardığı farsların hökmdarı Keyxosrovun dəvəti ilə getdiyi ziyafətdə öldürülüb.

Qanlı rəsm

Alp Ər Tonqa assur mənbələrində Maduva, Heredotda Madiy, İran və islam mənbələrində Əfrasiyabdır. Orxon abidələrində “Doqquz oğuzlar” arasında “Ər Tonqa” adlı mərasimlərdən söz açılır. Turfan şəhərinin qərbində yerləşən “Bəzəgəlik” məbədinin divarında da Alp Ər Tonqanın qanlı rəsmi var.

Tarixçi Məsudi də VII əsrin əvvəlində qələmə aldığı qeydlərində göytürk xaqanının Əfrasiyabın soyundan gəldiyini yazır.

“Qutadqu bilik”də onun haqda bu misralar yazılıb:

Bu türk bəylərində adı bəlgülüg
Tunqa Alp Ər irdi qutı bəlgülüg
Bədük bilgi birlə öküş ərdəmi
Biliglig uquşluq budun ködrəmi
Tajiklər ayur anı Əfrasiyab
Bu Əfrasiyab tutdı illər talab
Tajiklər bitimiş bitigdə mum
Bitigdə yox ərsə kim ukqay anı?

Tərcüməsi belədir: “Bu türk bəyləri içində adı bəlli, qutu bəlli Alp Ər Tonqa, böyük və ərdəmli hökmdardır. Çox bilikli, məziyyətli bir böyükdür. Taciklər (farslar) ona Əfrasiyab deyirlər. Bu Əfrasiyab öz ordusu ilə dünyanı ələ keçirib. Taciklər bunu kitablarında yazıblar. Kitab da yox olsaydı, bunu kim biləcəkdi?”.

Uyğurların atası

Alp Ər Tonqa haqda iki dastanın yazıldığı iddia edilir. Bəzi mənbələrə görə, o, e.ə VII əsrdə yaşamış qəhrəman və sak hökmdarıdır. Alp Ər Tonqa Orta Asiyada yaşayan bütün türk boylarını birləşdirərək öz himayəsi altına alıb, daha sonra Qafqazı aşaraq Ön Asiya, Suriya və Misiri fəth edib, Sak dövlətini qurub.

Alp Ər Tonqanın iranlılara qarşı apardığı savaşlar uzun illər farsların yaddaşında qalıb, ona həmişə nifrət bəsləyiblər.

“Divani-Lüğətit-Türk”də Turan hökmdarlarının mərkəzi Qaşqar şəhəri göstərilir. İslamı qəbul edən Qaraxanlı dövlətinin hökmdarları da, özlərinin Əfrasiyabın sülaləsindən gəldiyinə inanıblar. Monqol tarixçisi Cüveyni də, Uyğur dövlətinin hökmdarlarının onun soyundan olduğunu yazır. Cüveyni ona Bükü Xan, Mərcani isə Bükü Xan bin Pişing (Bəşənc) deyir.

Göytürklərdən əvvəl

Bir çox mənbələr Alp Ər Tonqa ilə bağlı əfsanələr və məlumatların göytürklərdən əvvəl şərqi və qərbi Tyanşanda yaşayan türklər arasında ortaya çıxdığını, bu dastanın daha sonralar göytürk və uyğurlar arasında yaşayaraq davam etdiyini göstərir. Lakin onunla bağlı iki dastandan heç biri günümüzə qədər gəlib çatmayıb.

Alp Ər Tonqanın Sak dövlətinin hökmdarı olduğunu söyləyən tarixçilər çoxalıb. Bu dövlətin adı bəzən onun, bəzən də atası Bəşənc xaqanın (Pəşəng) adıyla adlandırılır. İranlılar Bəşəncə “turanlıların hökmdarı”, Alp Ər Tonqaya da “Əfrasiyab” deyirdilər. “Əfrasiyab” qədim iranlıların şər tanrısına verdikləri ad idi. Alp Ər Tonqa onlara qarşı uzun illər savaşdığı üçün bu adı vermişdilər.

Fars hiyləsi

Alp Ər Tonqanın İran hökmdarı Keyxosrovun dəvəti ilə getdiyi ziyafətdə hiylə ilə öldürüldüyü məlumdur. Bu olayın e.ə 624 və ya 625-626-cı illərdə baş verdiyi ehtimal olunur.

Alp Ər Tonqa “Qutdaqu bilik”də bu misralarla qarşımıza çıxır:

Nəgü dər eşitgil Tunqa Alp Ərig
Bilib sözləmiş kör bu öt sav ərig.
Ət ol bu kişi kangü artar yıdır
Anı kəd küdəzgü ay qıldı qədər.

Tərcüməsi belədir: “Alp Ər Tonqa Xaqan nə deyir, eşit. Bax, gör, bilib söyləmiş o bu öyüdü. İnsan qəlbi ətdir, çürüyüb gedər. Ey insan, onu yaxşı qoru”.

Alp Ər Tonqa

İslamdan əvvəl və sonra türklər (göytürklər, uyğurlar, qarluqlar, qaraxanlılar, səlcuqlar) onu ataları kimi qəbul edib, öyüblər. Bu atanı bəzən Alp Ər Tonqa, bəzən də Tonqa Alp Ər adlandırırlar.

Alp Ər Tonqa haqda ən geniş məlumat Firdovsinin “Şahnamə”sində verilir. Amma iranlı şair onun haqda həqarətlə danışır, onu “şər tanrısı” adlandırır, təhqir edir. Amma iranlıların şahı onu hiylə ilə aldadıb öldürür. Alp Ər Tonqa öz düşmənin sözünə inanaraq, qorxmadan onun dəvətini qəbul edib düşmənlərinin içinə gələcək qədər qorxmazdır. Firdovsinin özü də bilmədən onu həm də qorxmaz qəhrəman kimi təqdim edir, öz hökmdarlarını isə tələ quran hiyləgər kimi…

Sak sağusu (ağısı)

Qeyd etdiyimiz kimi, Alp Ər Tonqa haqda yazılan dastanlar günümüzə qədər gəlib çatmayıb. Bəzi mənbələrdə haqqında məhdud qeydlər, bir də bu günədək gəlib çatmış, sak türkcəsində yazılmış bir ağı var:

Alp Ər Tunqa öldimü?
İsiz ajun qaldımu?
Ödlək öçin aldımu?
İmdi yürək yırtılur?

Ödlək yırağ közətdi
Oğrı tuzaq uzatdı.
Bəglər bəgin azıtdı
Qaçan kalı qurtulur.

Ulşıb ərən börləyü
Yırtıb yaqa urlayu.
Sıqrıb üni yurlayu
Sığtab közi örtülür.

Bəglər atun arğurub
Kadğu anı turğurub.
Mənğzi yüzi sarğarub
Körküm anğar törtülür.

Ödlək arığ kəvrədi
Yunçığ yavuz tavradı.
Ərdəm yemə savradı
Ajun bəgi çərtilür.

Ödlək küni tavratur
Yalnğuq küçün kəvrətür.
Ərdin ajun səvritür
Qaçan taqı ərtilür.

Bilgə bögü yançıdı
Ajun atı yançıdı.
Ərdəm əti tınçıdı
Kərgə təgib sürtülür.

Könglüm için örtədi
İtmiş yaşığ qartadı.
Kiçmiş ödik irtədi
Tün kün keçib irtəlür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər