11 İyun 2021 09:05
3 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Forbes” jurnalında dünyanın ən varlı şəxsləri siyahısında adları keçən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, şəxsi həyatlarını necə keçirmələri barədə araşdırma aparıb.

Araşdırmaları "Milyardların sahibi" rubrikasında təqdim edirik.

Bu dəfəki məqaləmiz dünyanın ən varlı şəxslərindən olan fransız milyarder Bernar Arnonuya (Bernard Arnault) həsr olunub.

Bernar Arno 1949-cu il martın 5-də Fransanın şimal-qərbindəki keçmiş sənaye şəhəri Roubaixda anadan olub.

Uşaqlığı və erkən həyatı

Bernar Arnonun atası Jan Leon Arno “Ferret-Savinel” mülki mühəndislik şirkətinin sahibi idi. İş adamının oğlu olaraq dünyaya gələn Bernar gənc yaşlarından işgüzarlığı ilə seçilirdi. Orta məktəbi bitirdikdən sonra Fransanın nüfuzlu “École Polytechnique” institutuna daxil olur və 1971-ci ildə mühəndislik dərəcəsi ilə məzun olur.

Daha sonra atasının mülki mühəndislik işinə qoşulur, şirkətin böyüməsi və genişlənməsi üçün planlar qurmağa başlayır. 1976-cı ildə atasını şirkətin inşaat şöbəsini ləğv etməyə və maliyyəni daha gəlirli işə yatırmağa razı salır. Ata-oğul o vaxtlar sürətlə inkişaf edən əmlak biznesinə sərmayə qoyduqları inşaat bölməsinin ləğvindən 40 milyon fransız frankı əldə edirlər.

Karyera

Bernar Arno karyerasına atasının istehsal şirkətində çalışmaqla başlayıb. Atasının inşaat bölməsini ləğv etməyi bacaran və əmlak bazarına daxil olan Bernar “Férinel” adı altında yeni şirkət təsis edir. Şirkət əvvəlcə xüsusi istirahət evləri, istirahət zamanı yerləşmə istiqamətləri üzrə inkişaf edir.

1974-cü ildə şirkətin inkişaf direktoru adını alan milyarder 1977-ci ildə baş icraçı direktor, 1979-cu ildə isə atasının yerinə şirkətin prezidenti olur.

1981-ci ildə fransız sosialistləri hakimiyyətə gəlir, Bernar Arno arvadı və iki azyaşlı uşağı ilə ABŞ-a köçməyə məcbur olur. O, ailəsinin əmlak biznesinin ABŞ filialını qurmağa başlayır.

1983-cü ildə vətəni Fransada siyasi ssenari dəyişir. Fransız sosialistləri daha mühafizəkar iqtisadi kursa keçirlər və Bernar evə dönməyə qərar verir.

Bernar Arno hazırda dünyanın ən böyük lüks mallar şirkəti olan “LVMH Moet Hennessy Louis Vuitton”un prezidenti və idarəedicisi, eyni zamanda şirkətin əsas səhmdarıdır. 1854-ci ildə fransız moda dizayneri, iş adamı Louis Vuittonun təsis etdiyi “Louis Vuitton” (LV) şirkəti sonradan “Moet Hennessy”lə birləşərək “LVMH” adı altında fəaliyyətə başlayır.

“LVMH” 1987-ci ildə əlcəzairli menecer Alain Çevalier və fransız iş adamı Henri Racamier tərəfindən birləşmə yolu ilə təsis edilib. Bernar Arno iki birləşmiş yeni şirkətə milyonlarla sərmayə qoyur və bununla da 1989-cu ildən “LVMH”nin ilk səhmdarı olur.

Lüks mallar imperatoru

İllər ərzində Bernar “LVMH”ni dünyanın ən böyük lüks konqlomeratına (firmaların birləşməsi) çevirdi və özünə heyranedici bir ləqəb qazandı - "Kaşmir paltolu canavar". Onu lüks mallar imperatoru da adlandırırlar. Düşünülür ki, bu sahədə Bernar Arnonudan daha uğurlu heç kim yoxdur.

Dünya miqyasında xidmət göstərən “LVMH” qrupu əsasən geyim, kosmetika, moda aksessuarları, zinət əşyaları, saatlar, spirtli içkilər və şərab məhsulları istehsal edir.

“LVMH” - “Christian Dior”, “Celine”, “Tiffany & Co.”, “Louis Vuitton”, “Dior”, “Fendi”, “Bulgari”, “Pink”, “Kenzo”, “Givenchy “, “Sephora”, “Moët & Chandon”, “Berluti”, “Loeve”, “Berluti”, “Emilio Pucci”, “Dom Perignon” kimi bir çox markalara məxsusdur.

İş adamı dünyanın ilk univermağı kimi tanınan “Le Bon Marché” mağazasının da satın alıb.

“Tiffany & Co.” zərgərlik evi markasına sahib olmaq iş adamı üçün böyük maliyyə hesabına başa gəlir. Buna baxmayaraq 2020-ci ilin noyabrında “LVMH” lüks sektorda tarix yaratma müqaviləsi olan “Tiffany & Co.”nun təxminən 16 milyard dollarlıq satınalmasını tamamlayır. Mübahisəli anlaşma bir çox məhkəmə çəkişməsindən, açıq söz müharibəsindən və 400 milyon dollar endirimdən sonra baş tutur.

Hazırda “LVMH”in işçilərinin sayı 150 min nəfərdir.

Arnon bir şirkətlə əlaqə saxlamaq qaydasını belə təsvir edir: “Ofislərə çox getməyin, işləyərkən müştəri və ya dizaynerlərlə birlikdə qalın. Hər həftə mağazalara baş çəkirəm. Həmişə mağaza müdirlərini axtarıram. Onları bazada görmək istəyirəm, ofislərində yox ”.

Bernar Arno 1999-cu ildə “Gucci”nin səhmlərini almağa çalışır. Lakin uzun müddət rəqabətdə olduğu “Kering” qrupunun qurucusu Francois Pinault markanı onun əlindən alır.

72 yaşlı iş adamı hazırda “LVMH”nin 41,2 faizinə, “Christian Dior”un isə 97,5 faiz hissəsinə sahibdir.

Bernar tanınmış markaları bir araya gətirməsinə belə izah verir: “İnsanlar mənə bu qədər markanı bir araya gətirməyin mənasız olduğunu söylədiklərini xatırlayıram, amma sonda bu, uğurlu oldu”.

Mükafatları və nailiyyətləri

Milyarder 2007-ci ildə Fransa fəxri legionunun komandiri, 2011-ci ildə Fransa fəxri legionunun böyük zabiti rütbəsi alır.

2011-ci ildə “Woodrow Wilson” beynəlxalq alimlər mərkəzinin korporativ vətəndaşlığı mükafatına layiq görülür.

Xeyriyyəçi əsərlər

Bernar Arnonun “LMVH” şirkətlər qrupu bir sıra xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. "Uşaqları xilas edin", Parisdəki xəstəxanalar və Monako Şahzadəsi fondları humanitar, elmi və tibbi tədqiqat təşkilatlarını dəstəkləyir.

O, eyni zamanda məşhur sənət kolleksioneridir. Evində Jan-Mişel Baskiya, Demiyen Hirst, Maurisio Kattelan, Endi Varhol və Pablo Pikasso kimi sənətkarların müasir və çağdaş sənət kolleksiyasını saxlayır.

Artan sərmayə

Bernar Arnonu və Ceff Bezos

Son illər “Forbes”in milyarderlər siyahısına əsasən amerikalılar başçılıq edir. Birinci yeri ABŞ vətəndaşları Ceff Bezos, İlon Mask, Bill Qates və Varren Buffett tutublar. Lakin 2020-21-ci illərdən fransalı Bernar Arno onların üstünlüyünü nəzərə çarpan şəkildə pozur...

Uzun müddət dünyanın ən zəngin insanı ünvanını tutan “Amazon”un sahibi Ceff Bezosu taxtından endirəndən sonra Bernar Arnonun adı daha çox hallanır. Bundan sonra insanlar onun kim olduğu barədə maraqlanmağa başlayır. 2020-ci ilin yanvar ayında “Forbes” 117 milyard dollarlıq sərvətilə onun dünyanın ən zəngin iş adamıelan edir.

Bernar Arno getdikcə inanımaz dərəcədə zənginləşir. 2019-cu ilin yanvarında “LVMH” səhmlərinin 6,9 faiz artmasından sonra bir gündə 4.3 milyard dollar qazanır.

“Forbes”in məlumatına görə, koronavirus pandemiyası bəzi milyarderlərin sərvətinə sərvət qatıb. Əsas fond bazarlarında 2200-dən çox milyarderin sərvəti 1,9 trilyon dollar artıb. 2020-ci ilin 11 dekabr göstəricilərinə görə, dünya zənginlərinin sərvəti 11,4 trilyon dollar olub ki, bu da 2019-cu ilin sonundakı göstəricidən 20 faiz çoxdur.

Əvvəllər Bernar Arnonun xalis mənfəəti azalırdı. “LVMH” 2020-ci ildə 44,7 milyard avro gəlir əldə etmişdi (54 milyard dollar), bu, əvvəlki ilə nisbətən 17 faiz az idi. Nəticədə onun şəxsi sərvəti 30 milyard dollardan çox azalmışdı.

Ancaq “LVMH” 2021-ci ildə vəziyyəti dəyişə bilir, gəlirləri ilin birinci rübündə öncəki ilin eyni dövrünə nisbətən 32 faiz artır. Şirkət ilin əvvəlində moda və dəri məhsullarında satışların gücləndiyini, ilk rübdə şampan başda olmaqla alkoqol ticarətində yüksəliş baş verdiyini açıqlayır.

2021-ci il martın 16-da "Bloomberg" milyerderin sərvətinin 123,7 milyard dollar olduğunu açıqlayıb.

2021-ci ilin iyun ayına olan məlumata görə, Bernar Arnonun xalis sərvəti 194.3 milyard dollardır.

Bernara görə, pula aludə olmağa heç bir səbəb yoxdur: “Pul sadəcə görülən işin nəticəsidir. İşinizi yaxşı görsəniz, qazanc özü gələcək”.

Hazırda dünyanın aparıcı lüks qrupunu yaradan iş adamı, eyni zamanda “Groupe Arnault SE”də idarə heyətinin sədridir.

Bernar Arnodan sitat: “Şirkətinizlə əlaqənizi kəsməyin. Liderlikdə ən pis səhvlərdən biri zirvədə olanda şirkəti unutmaq və asan hədəflərə yönəlməkdir. Avtomobilin düzgün işlədiyini görmək üçün həqiqətən maşının hər küncünə və hər hissəsinə baxmaq lazımdır. Tez-tez komandama deyirəm ki, kiçik bir müəssisənin bir parçası kimi davranmalıyıq”.

Ailə həyatı

Bernar Arno və Anne Devavrin

Bernar Arno 1973-cü ildə Anne Devavrin ilə evlənir. 1990-cı ildə ayrılan cütlüyün bu evlilikdən Anton və Delfin adlı bir oğlu və bir qızı var.

Bernarın qızı Delfin “LVMH” imperatorluğunun varisidir. Delfin Arno karyerasına Parisdəki Amerika konsaltinq firması “McKinsey & Co.”da başlayıb və hazırda “Louis Vuitton”un (LV) icraçı vitse-prezidentidir. 2019-cu ilin yanvarından Delfin 43 yaşında “LVMH”nin icraiyyə komitəsinin ən gənc üzvüdür.

Delfin 2005-ci ildə italiyan biznesmen Alessandro Vallarino Gancia ilə evlənir. “Forbes” toy mərasimini "Fransanın ilin toyu" elan edir. Cütlük 2010-cu ildə boşanır. İndi onun texnologiya milyarderi Xavier Niel ilə yaşadığı və bir qızının olduğu deyilir.

Ancaq Delfin şəxsi həyatı ilə məşhurdur. Çox nadir hallarda müsahibə verir. 2014-cü ildə qəzetlərin birinə verdiyi açıqlamasında: "Mən olduqca təmkinliyəm. Düşünürəm ki, işimə daha çox diqqət ayıracağam” - deyə, bildirir.

Anton Arno

Delfinin kiçik qardaşı Anton Arno kişi geyimləri markası “Berluti”nin baş direktoru və “LVMH” markaları olan kaşmir markası “Loro Piana”nın başçıdır.

Bernar Arnonu ikinci dəfə 1991-ci ildə kanadalı pianoçusu Helene Mercierlə evlənir. Onların bu evlilikdən 3 övladı var.

Bernar Arno və Helene Mercier

Mülkləri

Bernar Arno Fransada yaşasa da, Los-Ancelesdə “Rodeo drive” (Rodeo sürücüsü) deyilən ərazinin yarısına sahibdir.

Fransız milyarder həyat yoldaşı ilə Parisin sol sahilində, Sena çayının cənubunda, Latın və St. Germain-des-Pres kimi məhəllələri əhatə edən tarixi bir ərazidə yaşayır.

2017-ci ilin noyabr ayında Bernar Hollivud təpələrinin yaxınlıqdakı “Quş küçələri “deyilən yerdə bir ev üçün 16 milyon 950 min dollar ödəyir. İki ay sonra qonşunun kiçik evini almaq üçün əlavə 14 milyon 500 min dollar xərcləyir. Hər iki ev LA hövzəsinin möhtəşəm mənzərələri olan bir yamacda, məhəllənin “Ön sıra” adlanan yerindədir.

2017-ci ilin iyun ayında Los-Ancelesdə “Beverly Hills Post Office” (BHPO) kimi tanınan bir ərazidə 3.64 dönümlük bir ərazidə əmlaka 33 milyon 900 min dollar ödəyir.

Dostları

O, moda aləminin və dünyanın bəzi nüfuzlu şəxslərinə çiyinlərini ovuşdurur.

2017-ci ildə ABŞ-da “LVMH”in fabriklərinin genişləndirilməsini müzakirə etmək üçün Trampın andiçmə mərasimindən dərhal əvvəl Nyu-Yorkdakı “Trump Tower”də Prezident Donald Trampla görüşür.

Uels şahzadəsi Diana ilə Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində “Dior”un 50-ci ildönümündə.

Bernar Arnonun sabiq Fransa prezidenti Nikola Sarkozi ilə də dost olduğu bildirilir.

2003-cü ildə Rusiya Prezidenti Vladimir Putin “LVMH”ə məxsus Fransadakı “Chateau Cheval Blanc” üzüm bağına səfər edir.

Diqqətçəkən ianə

2019-cu ilin aprelində “LVMH” Arnonu ailəsi adından yanğında ziyan görən məşhur “Notr-Dam” kilsəsinin yenidən qurulmasına kömək üçün 200 milyon avro və ya təxminən 218,8 milyon dollar verir.

Nəqliyyat vasitələri

Bir çox milyarder kimi, Bernar Arno da şəxsi təyyarəsi ilə səyahət edir.

Milyarderin “Simfonik” kimi tanınan 101 metrlik lüks yaxtaya da sahibdir. Dəbdəbəli şəkildə dizayn edilmiş yaxta cəmi 36 sərnişin daşımaq üçün nəzərdə tutulub.

2018-ci ildə Bernar dünyanın simvolik qatarı “Art Deco”nu satın alır. Əsasən London, Venesiya və Avropanın digər istiqamətləri arasında səyahət edən qatar sonsuz bir cazibə yayır və şanslı sərnişinlərinə təmənnasız lüks təklif edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər