15 Sentyabr 2021 12:58
2 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz İslam Ordusunun Bakını xilas etməsinin tarixi dəyərinin ən gözəl ifadə edildiyi məqalələrdən biri 1935-ci ildə mühacirətdə çap olunan “Qurtuluş” jurnalının 11 sayının baş yazısıdır. “Bir zəfərin ildönümü” başlıqlı məqalədə bu cümlələrə yer verilib: “Şübhəsiz ki, İstiqlal savaşımızda təsiri əsirlər və nəsillərcə qalacaq milli cümhuriyyətin qurtuluşu, varlığı bu xilasa borcludur... Bu xilasla təkcə altı ay əvvəl rus bolşevikləri tərəfindən silahsız Türk əhali üzərində törədilmiş qanlı qırğının intiqamı alınmayıb... Tarix yeni bir Türk hökumətinin qurulmasını növbəyə qoymuşdu. Bu xilas ilə Azərbaycan Cümhuriyyətinin varlığı təmin olunurdu... Osmanlı ordusunun Azərbaycana göstərdiyi yardım və Anadolu məhmədciyinin Bakı qapılarındakı cihadı qardaş istiqlalı və Türk varlığı üçün edilmiş cihadların ən müqəddəsidir... Bu fədakarlıq ortaq türk tarixinin daim təqdirlə yad edəcəyi ucalığın bir timsalı olaraq qalacaqdır. Azəri Məmişlə qol-qola qardaş məzarında yatan Məhmədciyin xatirəsi bizə müqəddəs fədakarlığın nə olduğunu minnət və şükranla bildirəcəkdir... Bakı alınmasa idi, şübhəsiz ki, Azərbaycan Cümhuriyyətinin quruluşu beynəlmiləl dəyərini qazanmaz, mübarizəmizin dövlətlər tərəfindən tanınması üçün, bəlkə bir nəsil daha gözləmək lazım gələrdi...”.

Sanki zərrəbinlə seçilmiş bu cümlələrin hər biri öz həqiqiliyini zaman keçdikcə təsdiqlədi, hadisədən 103 il sonra da Bakıda şövq və həyəcanla qeyd edilməsi bu azadlığın tarixi əhəmiyyətini isbat etmiş oldu.

Şübhəsiz ki, bu zəfər başda Məhəmmədəmin Rəsulzadə olmaqla Azərbaycan liderlərinin doğru siyasi addımları, Osmanlı sultanının, Hərbiyyə naziri Ənvər paşanın və təşkil edilən Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın, ordunun zabitlərinin və əsgərlərinin fədakarlığı nəticəsində baş vermişdi. Liderlər diplomatik masada, zabitlər hərb yolunda varlıqlarını qoyaraq işğalı bitirdilər. Həmin komandanlardan biri də azad etdiyi şəhərin adını özünə rəsmi soyad seçən Mürsəl paşa idi.

***

Mürsəl paşa 1881-ci ildə Ərzurumun Dərviş ağa məhəlləsində İsmayıl Haqqı bəylə Ümmügülsüm xanımın ailəsində doğulub. Ərzurumdakı əsgəri edadini bitirdikdən sonra 1898-ci ildə İstanbulda hərbiyyə məktəbinə daxil olub. 1901-ci ildə bu məktəbdən teymən rütbəsi ilə məzun olub. Hərbi təhsilini davam etdirmək üçün 1901-ci ildə Ərkani-Hərb məktəbinə göndərilib. 1902-ci ildə baş leytenant rütbəsinə yüksəldilib. 1904-cü ildə isə bu məktəbi yüzbaşı rütbəsi ilə bitirib.

1904-cü il yanvarın 20-də 4-cü orduda xidmətə başlayıb. Həmin ilin martın 3-də ilk hərbi vəzifə yeri olan Ərzincandakı 22-ci süvari alayı 2-ci bölük komandanlığına göndərilib. Həmin il Sivasda göstərdiyi xidmətlərinə görə 5-ci dərəcəli Məcidiyyə nişanı ilə təltif edilib. 1907-ci ildə Ərzincandakı hərbiyyə məktəbinə riyaziyyat müəllimi olaraq təyin olunub, buradakı xidmətlərinə görə 4-cü dərəcəli Məcidiyyə nişanına layiq görülüb.

II Məşrutiyyətin (1908) elanından sonra Ərzincandakı məktəb İstanbula köçürüldüyünə görə 1909-cu ildə o, 4-cü Ordu Ərkani-Hərbiyyə Dairəsi 2-ci şöbə zabitliyinə təyin olunub. 1910-cu ildə hərbi təhsilini artırmaq üçün Almaniyaya göndərilib, 1911-ci ildə orada ikən minbaşı rütbəsinə yüksəldilib. 1912-ci ildə İstanbula qayıtdıqdan sonra 13-cü Kolorduya təyin edilərək Bağdada göndərilib. Ardınca Elazığ, Van, Erciş bölgələrində xidmət edib.

I Dünya müharibəsi illəri

Osmanlı dövlətinin I Dünya müharibəsinə qatılması ilə səfərbərlik elan edilib, Mürsəl bəy də Ərzurum tərəflərə keçərək 22-ci, 23-cü süvarı alaylarını hərbə hazırlayıb. 1914-cü ildə rusların Osmanlı sərhədlərini keçməsi nəticəsində baş verən Köprüköy savaşlarına qatılıb. Həmin ilin dekabrında ona yarbay rütbəsi verilib. 1915-ci ildə 34-cü Piyada diviziyası komandanlığına, ardınca 2-ci Nizamiyyə Süvari diviziyası komandanlığına təyin edilib. Bu vəzifədə ikən Qafqaz cəbhəsində, Araz və Murad çaylarının şimalındakı bir çox müharibə və hərəkatlarda iştirak edib. 1916-cı ildə 32-ci Piyada diviziyası komandanlığına göndərilib. Kop və Məryəm dağı müharibələrində göstərdiyi xidmətlərinə görə Hərb medalı ilə mükafatlandırılıb. Yenə həmin il 14-cü Piyada diviziyası komandanlığına, ardınca 12-ci Piyada diviziyası komandanlığına təyin olunub. 1917-ci ildə Gümüş Ləyaqət nişanı və Gümüş İmtiyaz medalı ilə təltif olunub.

Qafqaz İslam Ordusunda xidmət

19 yanvar 1918-ci ildə Mürsəl bəy 5-ci Qafqaz diviziyası komandanlığına təyin edilib. Diviziyası ilə birgə Gümrü, Qarakilsə üzərindən Gəncəyə gəlib. Gəncədə diviziyası ilə birgə Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın əmrinə daxil olub. Kürdəmir-Qaraməryəm xəttində erməni və rus ordularını məğlub edərək Şamaxı istiqamətinə yönəlib. Şamaxıda olarkən şəxsən Nuri paşanın özü tərəfindən göstərdiyi şücaət təqdir edilib, 3-cü dərəcəli Məcidiyyə nişanı ilə təltif olunub. Avqust ayında Bakı üzərinə hücum planlandığı zaman Mürsəl bəy şəhərdəki ermənilərə bu şəkildə müraciət edib: “Bakı uğrunda Osmanlı ordusu hərbi əməliyyatlar aparır. Əgər siz şəhəri döyüşsüz versəniz, onda dinindən və milliyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqları təmin ediləcəkdir, ermənilər istərlərsə onların Bakıdan Ermənistana maneəsiz gedişi təmin ediləcəkdir. Lakin müqavimət göstərsəniz onsuz da şəhər alınacaq və bu halda tökülən qanların və dəyən ziyanın məsuliyyəti sizin üzərinizə düşəcək. Əgər siz şəhəri verməyə hazırsınızsa, öz nümayəndənizlə cavab göndərin”.

Ermənilər bu müraciətə cavab göndərməyiblər.

13 sentyabr 1918-ci ildə imzaladığı əmrdə Mürsəl paşa yazıb: “Allahın yardımı ilə sabah səhər Bakıya qarşı hücum hərəkatına başlanılacaqdır”.

Nəhayət, 15 sentyabr saat 9 radələrində Bakı şəhəri işğaldan azad edilib. Bakıya ilk daxil olan komandan da Mürsəl paşa olub. Şəhərin azadlığı uğrunda göstərdiyi xidmətlərinə görə Altın Ləyaqət medalı ilə mükafatlandırılıb.

Azərbaycan Parlamentinin üzvü Əhmədhəmdi Qaraağazadə mühacirətdə yazdığı məqaləsində (“15 sentyabr 1918”, “Yeni Kafkasya”, sayı 24) Qafqaz İslam ordusunun Bakıya daxil olduğu həmin günü belə xatırlayıb: “İslam ordusu komandanı Nuru paşa həzrətləri sevimli siması ilə Bakıya girərkən minlərlə xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə baş əyir, digər tərəfdən vüqarlı və ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə Mürsəl paşa da sürəkli alqışlarla qarşılanır, böyük fədakar və qəhrəman vətənpərvər şəhid Nazim bəy də əl üstündə gəzdirilir, bütün türk ordusu xalqın minlərlə alqış tufanıyla türk oğlu türk vətənini, Bakını ziyarət edirdi”.

Mürsəl paşa həbs olunur

Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olub İngiltərə ilə Mudros müqaviləsini imzalaması nəticəsində Qafqaz İslam Ordusu və komandanları Qafqazı tərk etmək məcburiyyətində qalıb. Batum yolu ilə Trabzona getmək istəyərkən Mürsəl bəy 1919-cu il fevralın 20-də Batumdakı ingilis işğal güclərinin komandanlığı tərəfindən həbs olunub. Onun “günahı” bu şəkildə idi: “Qafqazda Azərbaycan qüvvətləri komandanı Nuri paşanı dəstəkləmək, Bakıda qətliama göz yummaq və Türk ordusunun geri çəkilməsini gecikdirmək”.

Yeddi ay Batumda həbsdə qaldıqdan sonra Çanaqqalaya göndərilib, orada da 5 ay yarım təknəfərlik hücrədə əsir saxlanılıb. Türk ordusunun buraya hücum edəcəyi xəbərini alan ingilislər 1920-ci il martın 1-də digər əsirlərlə birgə Mürsəl bəyi də Malta adasına sürgünə göndəriblər. Mürsəl bəy 20 ay Maltada San Salvatore qalasında əsarətdə qalıb. Nəhayət 25 oktyabr 1921-ci ildə ingilislərlə aparılan əsir mübadiləsi nəticəsində azad olunub, Maltadan İneboluya göndərilib. Mustafa Kamal paşanın öndərliyində aparılan milli mücadiləyə qoşulmaq üçün İneboludan Ankaraya yollanıb. Həmin ilin noyabrın 24-də 6-cı Süvari diviziyası komandanlığına təyin edilib. 1922-ci ildə 1-ci Süvari diviziyası komandanlığında xidmətə başlayıb. Qurtuluş savaşının taleyini həll edən Böyük Təərrüz və Başkomandan Meydan müharibələrində iştirak edib. Bu xidmətlərinə görə 1922-ci il avqustun 31-də mirlivalıq rütbəsinə yüksəldilib. Yunan ordusunun məğlubiyyəti üzərinə azad edilən yerlər daxil olub, 1922-ci ilin 9 sentyabrda İzmirə daxil olan komandanlar arasında yer alıb. 2-ci Süvari diviziyası ilə birlikdə İzmirə daxil olan ilk tümən komandanı olaraq teleqrafla Mustafa Kamal paşaya məlumat verib. Türkiyənin İstiqlal mücadiləsindəki bu xidmətlərinə görə Mürsəl paşa Qırmızı şəridli İstiqlal medalı ilə təltif olunub.

Cümhuriyyət illərində

Cümhuriyyətin ilk illərində Mürsəl paşa ən ağır bölgələrdə xidmət edib. 1924-cü ildə Mardin bölgəsinə göndərilib. İngilislərin dəstəyi ilə baş tutan Nasturi və Şeyx Səid üsyanlarının yatırılmasında iştirak edib.

Mürsəl paşanın həyatındakı ən maraqlı hadisələrdən biri də onun Türkiyədəki atçılıq idmanının inkişafı ilə bağlı xidmətləridir. 1935-ci ildə Almaniya, Budapeşt, Vyanada at yarışı müsabiqələrində iştirak edib, Türkiyəyə uğur qazandırıb. 1938-ci ildə səhhəti ilə bağlı ordudan tərxis olunub.

1934-cü ildə Türkiyədə çıxan soyad qanunundan sonra işğaldan azad etdiyi şəhərin adını qəbul edib. Mürsəl Bakü bəy 1943-cü ildə Kocaelidən millət vəkili olaraq fəaliyyətə başlayıb. Parlamentdə hərbi, səhiyyə, atçılıq kimi mövzularda çıxışlar edib.

Vəfatından bir müddət öncə Mürsəl paşa yenidən Bakının azadlığı uğrunda cəhd göstərməyə çalışıb. Belə ki, II Dünya müharibəsi illərində 1942-ci ilin may ayında Almaniyanın Türkiyədəki səfiri fon Papen Mürsəl Bakü paşa ilə görüşüb. Mürsəl paşa Papenə Türkiyə ordusunda öz ölkələri haqqında yaxşı məlumatlara malik olan çoxlu sayda Qafqaz, xüsusilə Azərbaycan mənşəli zabitlərin xidmət etdiyini, onlardan gələcək işlərdə istifadə edilməsinin mümkünlüyündən bəhs edib.

Mürsəl paşa 1945-ci il sentyabrın 22-də İstanbulda infarkt nəticəsində vəfat edib, Zincirliquyu məzarlığında dəfn olunub. Daha sonra İstiqlal Hərbi komandanlarının nəşlərinin dövlət məzarlığına köçürülməsi ilə bağlı qanuna əsasən 1988-ci ildə nəşi Ankaraya daşınıb.

Mürsəl paşa alman və fransız dillərini bilib. Müjgan xanımla evliliyindən Lamiyə, Ədalət və Aliyə adlı üç qızı dünyaya gəlib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər