17 Noyabr 2021 09:40
9 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin aktivində çox sayda çətin və mürəkkəb missiyalar olub ki, onların nəticəsi təkcə sovet dövlətinin deyil, bütün dünyanın necə görünəcəyini dəfələrlə müəyyənləşdirib. “Soyuq müharibə” və fövqəldövlətlər arasında şiddətli geosiyasi qarşıdurma illərində kəşfiyyatçıların görəcəkləri iş kifayət qədər idi. Uğurlu əməliyyatların heç də hamısı ictimaiyyətə açıqlanmırdı, lakin bəziləri bütün dünyada gurultu doğururdu.

Teleqraf.com Dövlət Təhlükəsizlik Komitəsinin SSRİ hüdudlarından kənarda keçirdiyi üç ən mühüm əməliyyatla bağlı məlumatları təqdim edir.

“Qasırğa” əməliyyatı – Macar üsyanının DTK hesabına yatırılması

Söhbət Macarıstan üsyanını yatırmaq üçün DTK-nın məşhur əməliyyatından gedir. Bu əməliyyat 1956-cı il noyabrın 4-də səhər saat 6-da, noyabrın 3-ü axşam saatlarında DTK zabitlərinin Macarıstanın yeni müdafiə naziri Pal Malateri danışıqların gedişi zamanı həbs etməsindən sonra başlayıb.

Qiyamın yatırılması vəzifəsi Xüsusi Korpusun çiyinləri üzərinə qoyulur. Əməliyyatda ümumilikdə 15 tank, mexanikləşdirilmiş, atıcı və aviadiviziya, 7-ci və 31-ci hava-desant diviziyaları, həmçinin, dəmiryol briqadası iştirak edib.

Mühüm obyektləri ələ keçirmək üçün 150 hava-desant döyüşçüsü, zirehli kəşfiyyat-keşikçi maşını (rusca BRDM) və tanklar tərəfindən dəstəklənən xüsusi qruplar yaradılır. Hər bir belə dəstənin tərkibində hərəkətləri əlaqələndirən DTK zabitləri var idi. Onlar həmçinin, qiyamın yatırılması zamanı mühüm şəxslərin həbsi ilə də məşğul olurdular. Bir gündən də az vaxt ərzində Budapeşt nəzarət altına alınır ​​və üsyankar hökumətin üzvləri Yuqoslaviya səfirliyinə sığınmağa məcbur olurlar.

Noyabrın 22-də, yerli vaxtla saat 18:30-da İmre Nad hökuməti üzvlərinin Sovet İttifaqının DTK əməkdaşları tərəfindən həbsi həyata keçirilib.

“Tukan” əməliyyatı

Sovet İttifaqı ona dost rejimləri dəstəkləməyə böyük diqqət yetirirdi. Belə ki, 1976-cı ildə sovet DTK-sı və Kuba xüsusi xidmət orqanı – DQİ (ispanca Dirección de Inteligenci) ilə birgə “Tukan” adlı əməliyyat keçirir. Bu əməliyyatın məqsədi Auqusto Pinoçet rejiminə münasibətdə “düzgün” ictimai rəyin formalaşmasından ibarət idi. Belə ki, o, öz növbəsində kommunist partiyasının Çilinin əsas düşməni olduğunu dəfələrlə bəyan etmişdi.

Keçmiş DTK zabiti Vasili Mitroxinin sözlərinə görə, “Tukan” əməliyyatının ideyası Yuri Andropova məxsus olub.

Əməliyyat iki məqsəd güdürdü. Birinci məqsəd KİV-də Pinoçetin mənfi obrazını yaratmaq, ikinci hüquq-müdafiə təşkilatlarını ölkə liderinə kənardan, əsasən də BMT-dən təzyiqlərə başlamağa sövq etmək idi. Nəticədə təkcə əməliyyatın başladığı 1976-cı ildə Amerikanın “Nyu York Tayms” qəzeti Çilidə insan haqları ilə bağlı 66 məqalə dərc edir. Həmçinin, sözügedən qəzetdə Kambocadakı “Qırmızı kxmerlər” rejimi haqqında dörd, Kubada insan haqları ilə bağlı cəmi üç məqalə çap olunur.

DTK həmçinin, sonralar da bir çox dünya jurnalisti tərəfindən dəfələrlə istinad edilən məktub uydurmağı bacarır. Məktubun Cənubi Amerika ölkələrində siyasi müxalifətin likvidasiyasında Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakının sübutu olduğu iddia edilirdi.

“Hizbullah” girovlarının azad edilməsi

Ayətulla Fədlallah

30 sentyabr 1985-ci ildə Beyrutda sovet səfirliyinin 4 əməkdaşı girov götürülür. Onlardan ikisi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin kadr əməkdaşlarıdır. Bu ələkeçirməyə görə məsuliyyəti “Xaled bin əl-Valid qüvvələri” adlanan Livan qruplaşması öz üzərinə götürür. Bununla belə DTK müəyyən edə bilir ki, bu aksiyaya görə əslində “Hizbullah”ın şiə fundamentalistləri və FƏTH-in fələstinli fəalları məsuliyyət daşıyırlar. Girov götürmənin siyasi məqsədləri var idi.

DTK agentləri “Hizbullah”ın o vaxtkı dini lideri şeyx Fədlallahla görüşüb ona təzyiq göstərirlər. Xüsusilə, sovet kəşfiyyatçıları onu belə bir fikrə gətirirlər ki, girovlar azad edilməsə, “təsadüfi sovet raketləri” “təsadüfi şiə ziyarətgahlarına” düşməyə başlaya bilər. Paralel olaraq DTK əməkdaşları sovet vətəndaşlarının girov götürülməsində iştirak edən şəxslərin yaxın qohumlarını da həbs edirlər. Kütləvi psixoloji təzyiq öz bəhrəsini verir və sonda sovet diplomatları azadlığa çıxır. Bu əməliyyat olduqca rəvan və dəqiqliklə şəkildə həyata keçirilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər