Türkiyə Cümhuriyyəti niyə oktyabrın 29-da elan olundu? Yəqin bunun şəraitlə üst-üstə düşdüyünü təxmin etdiniz, amma cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün bu günü seçməsinin çox xüsusi səbəbi vardı. Yəni bu seçim təsadüfi deyildi. Atatürk xüsusilə 29 oktyabrı seçməklə əslində gizli mesaj vermişdi. Bəs bu mesaj kimə və niyə idi?
Atatürkün bu günü xüsusi seçməsinin səbəbi beş il sonra 30 oktyabra bir zərbə vurması idi. Oktyabrın 30-da nə baş vermişdi? 1918-ci ildə Mudros sazişinin imzalandığı gündür. Mudros Osmanlı Dövlətini xəyanətlə sona çatdıran və ingilis işğalına yol açan parçalanma və dağılma müqaviləsidir. Yəni Atatürk oktyabrın 29-da Türkiyə Cümhuriyyətini elan etməklə əslində 30 oktyabra qarşı bir millətin intiqamını elan etmiş oldu.
Mustafa Kamal Atatürk 1925-ci ildə Cümhuriyyət Günü tədbirləri üçün gəldiyi Ankarada on gün qonaq olan Fahrettin Altay Paşaya bunun səbəbini açıqlayıb. Fahrettin Altay sentyabrın 9-da İzmirə daxil olan süvari korpusunun komandiri olub.
Altay Paşanın dedikləri
Bir gün Çankayada yeməkdən sonra Altay Paşa Atatürkdən soruşur:
“Paşam, diqqətimi çəkir, həmişə düşünürəm. 1918-ci il oktyabrın 30-da atəşkəs elan edildi. Adanadakı qərargahınızdan başkəndə (İstanbul) göndərdiyiniz şifrəni xatırlayıram. İndi xeyli vaxt keçib, cümhuriyyətimizin oktyabrın 29-na keçən gecə elan edilməsi təsadüf idimi? Üç gün əvvəl və ya beş gün sonra ola bilərdi”.
Atatürk belə cavab verir:
“Atəşkəsin ilk günlərini xatırlayırsınız. Saray və hökumət təslimiyyəti qəbul etmişdi. Hökumət sarayda idi, saray isə Antanta dövlətlərinin əlindəydi. Saray bu halından məmnundu. Amma mən bunu qəbul edə bilmədim. Müqavimət göstərməklə, çıxış yolu tapmaqla bu məzlum milləti tarix səhnəsindən silmək istəyənlərə qarşı tədbir görməyi özümə borc bildim.
Təklənmişdik, amma yanımda olanlar inandığım ideala bağlandılar və nəticə əldə olundu. 1918-ci il oktyabrın 30-da barışıq imzalandı. Ölkə parçalandı və işğal edildi. Yaxşı, 1918-ci ilin 30 oktyabrından İzmirə girdiyimiz 1922-ci il sentyabrın 9-na qədər neçə il keçdi? Dörd il. 1923-cü il oktyabrın 29-da cümhuriyyəti elan etdik. Budur, beş ilə sığdırdığımız böyük inqilab bizim yaşadığımız şərtlər daxilində hansı xalqın tarixində var? Bu məzlum millət öz haqqı olan yerə çatdı və bu, bizim dərdlərimizin, əzablarımızın ən böyük mükafatıdır. Bunu bütün dünya gördü.
Görüləsi hələ çox iş var. Məni ən çox sevindirən hadisə bu məzlum millətin layiq olduğu yerə gəlməsidir. 1918-ci il oktyabrın 30-dan sonrakı günlərdə çəkdiyim əzabları bilirsiniz. Sən mənimlə idin. Mudros 30 oktyabr, Cümhuriyyət 29 oktyabr. Bu, bir millətin, məzlum millətin ahıdır. Düşünürəm ki, o vaxtkı dövlətlər bunu başa düşürdülər”.
Atatürk bir anlıq dayandı, Fahrettin Paşaya baxdı, sonra əlini masaya vuraraq qayıtdı: “Siz deyin, bu, tarixdən silinmək istəyən bir millətin intiqamıdır”.
Atatürk Fahrettin Altayın “Amma bundan heç danışmadınız” deməsi üzərinə “Öyünmək olardı, mənimlə bərabər öyünmək məfkurəyə, millətə, orduya inananların haqqıdır” dedi.
Fahrettin Altayın Atatürkün bu hadisəyə baxışı ilə bağlı fikirləri belədir:
“Cümhuriyyətin elanı üç gün əvvəl də, iki gün sonra da ola bilərdi. Onlara qarşı hərəkətə keçən bəzi cərəyanlar vardı. Amma diqqətimdən yayınmayan o oldu ki, o, danışıqların tez bir zamanda başa çatmasını istəyirdi. Adanadan İstanbula şifrə göndərərkən yanında olduğum üçün onun barışığın şərtlərinə sərt etirazını və o gün çəkdiyi əzabını çox yaxşı bilirdim. Deyək ki, “Bu, millətin intiqamıdır” ifadəsindən bir nəticə çıxara bilərəm, bəlkə də iki nəticəni birdən əldə etmək istəyib”.
“Dahi o şəxsdir ki, gələcəkdə hər kəsin təqdir edəcəyini, qəbul edəcəyini ilk dəfə ortaya qoyanda hamı onu “dəli” adlandırır” deyən Atatürk cümhuriyyətin elan edilməsinin tarixini seçərkən belə dünyaya və türk millətinə daha bir dahilik nümunəsi göstərirdi.
Fahrettin Altay bu möhtəşəm əhvalatı xatirələrini yazan jurnalist Taylan Sorquna danışıb. Taylan Sorqun 29 oktyabrın sirri haqda “Bəkirağa bölüyü” kitabında yazıb. O, bu sirri Fahrettin Altaydan eşidən sonuncu şahiddir.
Böyük mübarizənin nəticəsi
Birinci Dünya Müharibəsinin fəsadları xalqı yordu, yoxsullaşdırdı, dövləti xarici və daxili təhdidlər qarşısında qoydu. Çarəsiz qalan Osmanlı hökuməti xilası ancaq ingilislərlə razılaşmada tapdı. Osmanlı 1918-ci il oktyabrın 30-da Mudrosda Antanta dövlətləri ilə təslim olmaq haqda müqavilə imzaladı.
Antanta dövlətləri xüsusilə Mudrosun 7-ci maddəsindən yararlanaraq, ölkənin demək olar ki, hər yerini işğal etmək üçün hərəkətə keçdilər. İşğalla bərabər qırğın da yaşayan bu vətənpərvər və qürurlu türk milləti xarici düşmənlə mübarizə apararkən, daxili xəyanətlərə də məruz qaldı. Hikmət Nazim o günlər üçün “Biz atəş də, xəyanət də görmüş millətik” deyir.
Bütün bu sərt xarici və daxili şərtlərə baxmayaraq, ilk gündən uca səsi ilə Mudrosa qarşı çıxan, millətinin tarix səhnəsindən silinməsinə imkan verməyən bir Mustafa Kamal vardı - hərbi-siyasi dühası ilə Anadolu inqilabını reallaşdıran və beş illik böyük mübarizənin sonunda Türkiyə Cümhuriyyətini elan edən böyük öndər.
Qeyd: Material Türkiyənin webtekno.com saytından götürülüb.