Keçmiş və indiki OpenAI şirkətinin işçilərinin təhlükəsizlik məsələlərini qaldırdıqları üçün susdurulduqları iddia edilən açıq məktubun dərcindən sonra məktubu imzalayanlardan biri daha qorxunc proqnoz verib. Bu proqnoza görə, süni intellektin bəşəriyyəti məhv etmə və ya fəlakətli şəkildə zərər vermə ehtimalı bir göz qırpımından da böyükdür.
Teleqraf.com xəbər verir ki, OpenAI-nin keçmiş tədqiqatçısı Daniel Kokotaylo şirkəti süni intellektin yaratdığı böyük riskləri ciddiyə almamaqda günahlandırıb.
Kokotaylonun ən qorxunc iddiası süni intellektin bəşəriyyəti məhv etmə ehtimalının 70 faiz ətrafında olması ilə əlaqəlidir.
Süni intellektin bəşəriyyətin sonunu gətirmək imkanını ifadə edən “p(doom)” termini araşdırmaçılar arasında daim müzakirə olunan mövzudur.
31 yaşlı Kokotaylo bildirir ki, 2022-ci ildə OpenAI-ə qoşulduqdan və texnologiyanın sürətli inkişafını gördükdən sonra bunun bəşəriyyətə fəlakətli şəkildə zərər verəcəyinə, hətta məhv edəcəyinə inanıb.
Kokotayolunun yoldaşları arasında “Google DeepMind” və “Anthropic”in keçmiş və indiki işçiləri, həmçinin ötən il oxşar narahatlıqlara görə “Google”dan ayrılan “Süni İntellektin Atası” Ceffri Hinton da var. Onlar süni intellektin yaratdığı risklər barədə ictimaiyyəti xəbərdar etmək hüquqlarının olduğunu iddia edirlər.
Kokotajlo süni intellektin bəşəriyyət üçün böyük risklər yaratdığına o qədər əmindir ki, nəticədə OpenAI-nin baş direktoru Sem Altmanın özünə deyib ki, şirkət təhlükəsizliyə diqqət yetirməli və texnologiyanı daha ağıllı etməyə davam etməkdənsə, texnologiyanı cilovlamaq üçün qoruyucuların tətbiqinə daha çox vaxt sərf etməlidir. Onun söylədiyinə görə, Altman o zaman onunla razılaşsa da, zaman keçdikcə belə olmadığını görüb.
Qəzəblənən Kokotaylo şirkətdən ayrılıb və komandasına elektron poçtla bildirib ki, OpenAI-nin insan səviyyəsinə yaxın süni intellekt yaratmağa çalışarkən, məsuliyyətlə hərəkət edəcəyinə inamını itirib.
“Dünya da, biz də hazır deyilik. Hər şeyə baxmayaraq, tələsməyimizdən narahatam”, - şirkətin keçmiş əməkdaşı vurğulayır.
Şirkət bu məlumatın yayılmasından sonra verdiyi açıqlamada qeyd edib: “Biz ən bacarıqlı və təhlükəsiz süni intellekt sistemlərini təmin etmək təcrübəmizlə fəxr edirik və riskin həllinə elmi yanaşmamıza inanırıq”.
Açıqlamanın davamında əlavə edilib: “Bəli, biz razılaşırıq ki, bu texnologiyanın önəmini nəzərə alaraq ciddi müzakirələr çox vacibdir və dünya hökumətləri, vətəndaş cəmiyyətləri və digər toplumlarla təmasda olmağa davam edəcəyik”.