Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a müsahibəsində Böyük Britaniyanın Avropa İttifaqından çıxması qərarını şərh edib.
Müsahibəni təqdim edirik.
– Zərdüşt bəy, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını necə qiymətləndirirsiniz?
– Böyük Britaniyanın Avropa İttifaqından çıxması qərarını şərh edərkən diqqəti bir əsas məqama yönəltmək istəyirəm. Referendumun nəticəsi göstərdi ki, Britaniya demokratik ölkədir və orada xalqın rəyi əsasdır. Xalqın əksəriyyəti Britaniyanın Avropa İttifaqından çıxmasına səs verdi. Hökumət də bu rəylə hesablaşır. Avropa İttifaqı ilə danışıqlar başlayacaq və qısa müddət ərzində Britaniyanın qurumdan çıxması məsələsi öz hüquqi həllini tapacaq.
– Bu qərarın Britaniya üçün hansı nəticələri ola bilər?
– İqtisadi nəticəsi o olacaq ki, indiyədək Avropa İttifaqında müəyyən şərtlər daxilində öz iqtisadi əlaqələrini quran Britaniya yenidən Avropa İttifaqının üzvü olan bütün ölkələrlə və beynəlxalq təşkilatlarla – harda ki, onların mənafeyini Avropa İttifaqı təmsil edirdi – danışıqlar aparıb yeni əsaslarda, yeni şərtlərlə yeni sənədlər hazırlamalıdır və iqtisadi həyatına davam etməlidir. Bu, ölümcül bir şey deyil, qısa müddətdə hansısa çətinliklər olacaq, amma həyat çətinliklərsiz olmur və Britaniya bu çətinliklərin öhdəsindən gələcək. İkinci əsas məsələ o olacaq ki, Londonun dünya maliyyə mərkəzi kimi rolu bir qədər də şübhə altına alınacaq. Çünki bir var, Avropa İttifaqının üzvü Britaniya, bir də var əlahiddə, daha kiçik miqyasda fəaliyyət göstərən Britaniya.
Bu qərarın siyasi nəticələrindən biri ondan ibarət ola bilər ki, Kemeronun yerinə Loris Conson gəlsin. İkinci daha mühüm nəticəsi o ola bilər ki, Şotlandiya təkrar referendum keçirib Britaniyadan çıxmaq və Avropa İttifaqında qalmaq qərarına səs versin. Yəni, bu, istisna edilmir. Avropa üçün Britaniyanın qərarının çox mühüm əhəmiyyəti var. Avropa İttifaqı çox cazibədar bir ideya, layihə idi. Hamı Avropaya can atırdı. İndi isə elə bir dövr başlayıb ki, çətinliklərin artan sayı bir çox ölkələrin Avropa İttifaqına inamını zəiflədib. Təsadüfi deyil ki, İsveçrə Avropa İttifaqına üzvlüklə bağlı ərizəsini geri götürdü. Təsadüfi deyil ki, dünən cənab Ərdoğan Türkiyədə “Avropa İttifaqına daxil olub-olmayaq” sualı ilə bağlı referendum keçirilməsi fikrini səsləndirdi. Təsadüfi deyil ki, İtaliyada Avropa İttifaqından çıxmaq barədə səslər daha ucadan eşidilir. Yəni, bunlar hamısı göstərir ki, Avropa İttifaqı böhran qarşısındadır və bu böhranın baş verəcəyi barədə səslər çoxdan – 15-20 ildir səslənirdi. Deyilirdi ki, buna əsas səbəb Brüssel bürokratiyası ilə sıravi Avropa vətəndaşları arasında müəyyən mənafe və məfkurə ixtilaflarının yaranmasıdır. Və bunu aradan qaldırmaq üçün ciddi tədbirlər görmək lazımdır. Əlbəttə, Avropa İttifaqı demokratik bir qurumdur, ağıl ağıldan üstün olar. Müzakirələr gedəcək, yəqin ki, hansısa islahatlar aparılacaq. Amma təəssüf ki, eyni qitədə yaşayan ölkələrin hamısını ortaq məxrəcə gətirmək layihəsi iflasa uğrayır.
– Avropa İttifaqı özü də dağıla bilərmi?
– Mən bilən yox. Çünki Avropa İttifaqı Britaniyanın iştirakı ilə yaranmayıb. Britaniya özü ora 1973-cü ildə daxil olub. Britaniyadan əvvəl müxtəlif dövlətlər, ilk növbədə Almaniya Federativ Respublikası və Fransa 1952-ci ildə Avropa Kömür və Polad Birliyini təsis ediblər. Sonradan artıq qeyd etdiyimiz vaxtda Britaniya da ora qoşulub. İndi çıxıb, çıxıb da. Allah işini avand eləsin.
– Britaniyanın Avropa İttifaqından çıxmasının hər iki tərəf üçün qazancı və itkiləri nədən ibarət olacaq?
– Britaniya xalqı qərara aldı ki, o, Avropa İttifaqının üzvü olmadan yaşasa, ona daha yaxşı olar. Əsas da bunun üçün iki səbəb rol oynadı. Birincisi, Avropa məkanında vahid əmək bazarının olmasıdır. Britaniyada işsizliyin səviyyəsi qitəyə nisbətən xeyli aşağıdır. Xeyli sayda polyak, latış, litvalı gəlib Britaniyada işsiz kimi yaşayırlar. İngilislər bunu istəmirlər. İkincisi isə miqrant problemidir. İnsan haqları silsiləsinə aid olan, insanların istədiyi yerdə yaşamaq hüququ Britaniyanı o qədər də qane etmir. Avropada bunu hələ də müdafiə edən ciddi dövlətlər və xadimlər var. Məsələn, xanım Merkelin timsalında Almaniya dövləti. Amma Britaniya istəmir ki, çoxsaylı köçkünlər gəlib onun ərazisində yaşasınlar. Vaxtilə xeyli sayda hindli və pakistanlı gəlmişdi. Onun acısını indiyədək çəkirlər. Bu məsələlərə görə onlar Avropa İttifaqından çıxdılar. Avropa İttifaqı üçün isə Britaniyanın qərarı mahmızlayıcı amil olacaq ki, öz daxili işlərinə yenidən baxsınlar. Ola bilsin ki, hansısa ciddi tədbirlər həyata keçirsinlər.
Səxavət HƏMİD