Teleqraf.com sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilovla müsahibəni təqdim edir:
- Firudin müəllim, Türkiyədə baş verən son dövlət çevrilişi cəhdini necə qiymətləndirirsiniz?
- Çox pis. Düzdür, hadisələri sistemli formada təqib etmirəm, lakin, əsasən, yerli və türk kanalları vasitəsilə baş verənləri izləyirəm. Qardaş ölkədə baş verənlər və müşayiət etdiyimiz hadisələr o qədər də xoşagələn deyil. Çünki bu, nə hərbi çevriliş, nə də bir qrup adamın prezidenti fiziki cəhətdən məhv etməsi istəyidir. Fikrimcə,daha dərin bir məsələdir.
- Nəyi nəzərdə tutursunuz?
- Liviyanı, Suriyanı, İraqı nə günə saldılarsa, Türkiyəni də bu vəziyyətə salmaq istəyirdilər. Plan bundan ibarət idi. Bu plan 30 ildən çoxdur işlənir. Bu planın başında da “camaat” deyilən şəbəkə və onun arxasında duran güclər var. Təsəvvür edin ki, bir gənci orta məktəbdən götürüb hərbi liseyə atmaq, oradan hərbi akademiyaya istiqamətləndirmək, buradan da hərbi sistemə göndərmək və general rütbəsinə çatdırmaq üçün neçə illər lazımdır. İndi görün bunlar neçə illərdir ki, bu prosesi aparıblar. Lakin bir məqam da var, türk xalqı vətənini və dövlətini sevən xalqdır. Xalq da iyulun 15-də küçələrə çıxdı və çevrilişin qarşısını aldı. Son ayların maraqlı məqam o oldu ki, xarici qüvvələrlə daxildəki satqınlar birləşərək çevriliş etmək istədi və türk xalqı küçələrə çıxaraq ortaya iradə qoydu və bu planın qarşısını aldı.
- Deyirsiniz ki, Türkiyəni Suriyanın, İraqın, Liviyanın gününə salmaq istəyirdilər. Bəs, bu ağır prosesi “Hizmət” hərəkatının rəhbəri Gülən həyata keçirə bilərdimi?
- Bu, ancaq Gülən məsələsi deyil. Fətullah Güləni yetişdirən, onun arxasında olan şəbəkə, qurulan mafiya sistemi var. Hansı ölkədə ki, Gülən şəbəkəsinin məqsədini anlayırlar, həmin ölkələrdə bu şəbəkəni qovurlar. Bu proses davam edəcək. Türkiyə isə uzun illər sanki yuxu içində olub. Təsəvvür edin ki, bu şəbəkə məhz hökumət adamlarının vasitəsilə özlərinə yaxın şəxsləri mühüm postlara gətiriblər. Orduda, prokurorluqda, təhsil sistemində bu şəbəkə ciddi formalaşıb. Və dövlət içində bir dövlət olub. Sadəcə prezident Ərdoğanı aradan götürməklə bu prosesi başa çatdıracaqdılar. Lakin bu planları baş tutmadı və türk xalqının iradəsini qarşılarında gördülər.
- Siz təhsil naziri işlədiyiniz dövrdə Gülən məktəblərini ölkəyə buraxmamısınız və hətta sizdən şikayətçi də olublar. Bu hadisələri necə xatırlayırsınız?
- Həmin dövrdə bunlar "nurçular" adı ilə ölkəyə gəlirdilər. Mən də bunlara imkan vermədim. Sonra gedib adlarını dəyişdilər və Çağ Öyrətim Şirkəti adı ilə gəldilər. Guya adı dəyişməklə məni aldada biləcəkdilər. Mən yenə də bu şirkəti Azərbaycan təhsil sisteminə buraxmadım. Sonra gedib məndən prezidentə şikayət etdilər. Hətta üstümə dost-tanışlarımı göndərirdilər. Lakin mən geri çəkilmədim. Hətta bu mövzuda Fətulla Gülənlə mübahisə etdim.
- Bu mübahisəniz necə baş verdi?
- Bəli, mən Fətullah Gülənlə axşam saatlarından səhərə qədər mübahisə etmişəm. Görüş haqda təklif də Güləndən gəlmişdi.
- Ətraflı danışa bilərsinizmi?
- Biz Ankarada səfərdə idik. Fətullah Güləndən təklif gəldi ki, görüşüb müzakirələr aparaq. Mən də bilirdim ki, bu görüşə tək getsəm, bunu Türkiyə və Azərbaycanda əleyhimə istifadə edə bilərlər. Odur ki, professor Vaqif Aslanovu və AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevi özümlə götürdüm. Və bu dostların iştirakı ilə görüş baş tutdu, axşamdan səhərə qədər mübahisə etdik. Eldar Salayevə Allah can sağlığı versin, bu işin canlı şahidi olub. Bunlar deyirdi ki, bizə icazə verin, gəlib Azərbaycanda məktəb və universitetlər açaq.
- O zaman siz niyə onlara icazə vermirdiniz, haradan bilirdiniz ki, açılacaq məktəblər Gülənlə bağlı ola bilər?
- Bu xəbərlər var idi. Bilirdim ki, Türkiyə Silahlı Qüvvələrinin əks-kəşfiyyat idarəsi Fətullah Gülən haqqında dosyelər hazırlayıb. Bu sənədlərdə Gülən şəbəkəsinin fəaliyyəti, məqsədi, gördükləri işlər haqda informasiya var idi. Əslində, Gülən hərəkatı ilə bağlı məlumatlar siyasətdən başı çıxanlara məlum idi.
- Deməli, indi Türkiyədə bir nömrəli terrorçu elan edilən Fətullah Gülənlə sizin fotolarınız, videolar var?
- Yox. Çünki bu görüş rəsmi deyildi ki, burada fotolar çəkilsin və ya video çəkiliş olsun. Bizim görüşümüz İzmirdə baş tutdu. Onlardan görüş təklifi gəldikdən sonra arxamızca avtomobil göndərdilər. Mən də yuxarıda adını çəkdiyim alimlərlə birgə Ankaradan İzmirə yollandım. Görüş zamanı mövzu əsasən onları Azərbaycana buraxmamağımızla bağlı idi. Görüş axşam saatlarından səhərə qədər davam etdi və biz demək olar ki, son ana qədər mübahisə etdik.
- Bundan sonrakı Türkiyəni necə görürsünüz, 50 mindən çox insan işdən çıxarılıb, 10 minlərlə insan həbs edilib...
- Türkiyə içindən bir yara alıb. Bu, ağır və gec sağalan bir yaradır. Gülən şəbəkəsinə bağlı olan adamları asta-asta tapıb dövlət orqanlarından təmizləyəcəklər. Orduda sağlam ab-hava yaranmalıdır. Fikrimcə, Ergenekon və Balyoz əməliyyatları zamanı əsassız həbs edilən və ordu sıralarından çıxarılan dövlətçi zabitlərin böyük hissəsi yenidən işlərinə qayıdacaq. Məncə, Türkiyənin indiki hakimiyyəti elədiyi səhvləri başa düşüb. İndi bu səhvləri aradan qaldırmaq üçün addımlar atılacaq. Görün, vəziyyət hansı həddə olub ki, dövlət başçısının yavərlərinin çoxu bu şəbəkənin mənsubları olub. Deməli, bu şəbəkə ciddi və iz buraxmadan işləyib. Odur ki, gülənçilərin dövlət idarələrindən təmizlənməsi prosesi də ağır olacaq. Çünki bunlar kodlarla işləyir, açıq fəaliyyətləri yoxdur.
- Bundan sonra Türkiyə bir iç savaşa çəkilə bilərmi?
- Yox. Bu məsələ bitdi. Türk xalqı öz dövlətinə və Vətəninə sahib çıxdı, istəmədi ki, əksər şərq ölkələri kimi Türkiyə də okeanın o tərəfindən idarə olunsun. Millət öz iradəsini ortaya qoydu. Millətin böyüklüyü, vətən və dövlət sevgisi budur. Biz bu nümunəni əyani şəkildə
- ABŞ-Türkiyə münasibətlərində gərginlik Fətullah Gülənlə bağlıdır. Sizcə, Vaşinqton Ankaranın Gülənlə bağlı tələbini yerinə yetirərək onu ekstradisiya edəcəkmi?
- Türkiyədəki indiki hökumət nümayəndələrinin çoxu dərin savada malik deyil. Onların içərisində molla məktəbini keçənlər, peşə-sənət məktəbindən gələnlər var. Əhməd Davudoğlu nisbətən dərin insan idi, lakin indi o da hökumətdə yoxdur. Sözümün canı odur ki, qardaş Türkiyə hökumətinin üzvlərinin bir çoxu dərin düşünmür. Güləni Amerikadan tələb edirlər. Amerika Fətullah Güləni verərmi? Amerika 30 ildir ki, Gülənin əli ilə Türkiyədə işlər görür. Əgər versə, Amerikanın bütün planları ortaya çıxar.
- Bundan sonrakı Türkiyə-Amerika münasibətləri necə olacaq?
- ABŞ və Türkiyə NATO-nun üzvüdür. Strateji əməkdaşlıq olsa da, fakt odur ki, Türkiyənin əleyhinə 30 ildir ki, iş aparıblar. Əlbəttə, münasibətlər darmadağın olmayacaq. Çünki bu hər iki dövlətə sərf etmir. Fikrimcə, tərəflər bir qədər atışacaq, bir tərəf hücuma keçəcək, digər tərəf müdafiə olunacaq. Sonradan tərəflər barışmaq xətti seçəcək. Belə böyük dövlətlərin bir-birilə düşməni münasibətdə olması hər iki tərəfə ziyan gətirir. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, Türkiyənin ən böyük strateji səhvi türk dövlətləri ilə bağlıdır. İsmət İnönüdən bu yana gələn xarici siyasət kursu sanki 200 milyonluq türk ulusundan xəbərsizdir. O vaxt rəhmətlik Turqut Özal Orta Asiyanı gəzəndən sonra Bakıya gəldi və onunla görüşdük. Sonra rəhmətlik Bülənd Ecevit gedib Orta Asiyanı gəzib gəldi. Hər ikisi də biz deyən sözləri dedi. Onlar deyirdilər ki, biz səhv etmişik, gərək türk ölkələri ilə işləyək, əməkdaşlığı onlarla quraq. Amma bu reallıq Türkiyədə hələ də anlaşılmır. Bu isə Türkiyə xarici siyasətinin ən qüsurlu strategiyasıdır.
NEMƏT