15 Noyabr 2016 17:04
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli ilə müsahibəni təqdim edir.

- Erkin bəy, ABŞ-da keçirilən seçkilərin nəticəsi sizin üçün də sürpriz oldu?
- Mənim gözlədiyim o idi ki, bu seçkilərdə Respublikaçılar Partiyası qalib gələcək. Başqa sözlə, belə düşünürdüm və bunu demişdim. Lakin Donald Trampla bağlı açığı qəti gözləntim yox idi. Tramp məsələsi maraqlı oldu.

- Yəni siz Respublikaçıların Konqres və Senatı götürəcəyini güman edirdiniz, prezidentliyə namizədləri haqda isə gözləntiniz yox idi?
- Əslində mən prezident seçkilərində də Respublikaçıların qalib gələcəyini düşünürdüm. Ancaq Trampla bağlı qəti gözləntim yox idi. Göründüyü kimi, Respublikaçılar həm də Donald Trampın simasında seçkiləri uddular.

- Bundan sonra gözləntiləriniz nədir?
- Məncə, Donald Tramp verdiyi vədlərin çoxunu yerinə yetirə bilməyəcək. Çünki onların bəziləri ümumiyyətlə, federal prezidentin səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər ştatların özünə aiddir. Üstəlik beynəlxalq öhdəliklər baxımdan ABŞ-ın geri çəkilməsi, ələlxüsus NATO və Suriyadan geri çəkilməsi böyük problemlər yaradardı. Mən əminəm ki, Trampın prezident kimi bu istiqamətdə verəcəyi qərarları Respublikaçıların üstünlük təşkil etdiyi Konqres əngəlləyə bilər. Və ya Konqres əngəlləməsə, bunu Ali Məhkəmə əngəlləyəcək. Qeyd edim ki, Ali Məhkəmədə doqquzuncu hakim fevraldan yox idi. Respublikaçı Senat Obamanın irəli sürdüyü namizədə səs verməmişdi. Ancaq indi Respublikaçılar özlərinin namizədini irəli sürəcək və beləcə Ali Məhkəmə tam işlək vəziyyətə düşəcək. Eyni zamanda ola bilsin ki, Obamanın 8 illik prezidentliyi dövründə verdiyi bir çox sol yönlü qərarları ləğv olunacaq.

- Dünya mediası Donald Trampın prezidentliyə gedən yolunun əngəllənəcəyi barədə versiya və variantlardan yazır. Sizcə, Donald Trampın prezidentliyə gedəcəyi yol hansısa şəkildə bağlana, seçkilərin nəticələri ləğv oluna bilərmi?
- Yox! Tramp artıq prezident seçilib, yanvarın 20-də andiçmə mərasimi keçiriləcək. Həmin gündən də Tramp səlahiyyətlərinin icrasına başlayacaq. O dövrə qədər də prezident Obamanın masasına gələn bütün kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının eynisi Trampın masasının üzərinə gələcək. Beləcə Tramp bu sənədlərlə tanış olacaq. Donald Tramp öz komandasını elan etdikdən sonra Ağ Evin indiki komandası, Dövlət Departamenti işlərini tədricən yeni komandaya ötürəcək. Bir sözlə, Trampın prezidentliyə gedən yolunda hüquqi əngəl yoxdur. Əgər sonradan Tramp prezident kimi ABŞ qanunlarına qarşı çıxsa və başqa səbəb yaransa impincment ola bilər. Lakin impincment öz-özlüyündə çox mürəkkəb proseduradır. Çünki Konqresin hər iki palatasında, Ali Məhkəmədə respublikaçılar olacaq. Mən düşünmürəm ki, Donald Trampın özü də impincmentə səbəb olacaq hansısa addımlar atsın. Fikrimcə, hələ bir müddət respublikaçılar, yeni aparat Trampı rəndələyəcək və onu istiqamətləndirəcək. İkincisi, əgər kimsə impincment məsələsini qaldırsa, inanmıram ki, Respublikaçılar Partiyasının hakimiyyəti üçün böyük maneə və problemlər yarada bilsin.

- Hazırda ABŞ-da Donald Trampın prezidentliyinə qarşı etiraz aksiyaları keçirilir. Bu aksiyalar nəyin göstəricisidir?
- Etirazlar sözsüz ki, narazılıqların göstəricisidir. Etiraz edənlərin böyük hissəsi əslində seçkilərə gedərək səs verməyiblər. Hillari Klintonun reytinqi o qədər yüksək deyil. Potensial demokratların tərəfdarları heç seçkiyə gedib iştirak etməyiblər. Hər zaman demokratlara səs verən dörd böyük ştatda Tramp qalib gəldi. Baxmayaraq ki, Miçiqan, Penselvaniya, Ohaya ştatları hər zaman demokratlara səs veriblər. Lakin son seçkilərdə bu ştatlarda Respublikaçılar Partiyası qələbə qazandı. Əhali səsverməyə getmədi, indib də narazılıqlarını bildirirlər. Əlbəttə, bu o qədər də məsuliyyətli hərəkət deyil. Amma onların da haqları var. Əgər etiraz etmək istəyirlərsə, edə bilərlər.

- Tramp seçki kampaniyası zamanı ABŞ-ın daxili auditoriyası üçün də vacib mesajlar vermişdi. Məsələn, Meksika ilə sərhəddə beton hasar çəkilməsi, miqrantların ölkədən çıxarılması, müsəlmanlara qarşı fikirlər və s. Bu məsələlər necə həll olunacaq?
- Mən əslində yuxarıda bu haqda qısaca dedim. Bu məsələlərin çoxu ştatların özlərinə aiddir. İkincisi, müsəlmanlara, qaralara və qadınlara qarşı deyilən fikirlərin heç biri Trampın əleyhinə işləmədi. Əksinə, müsəlman qadınlar da gedib Trampa səs verdilər. Əlbəttə, seçki kampaniyası zamanı namizəd qismində bir qədər populist danışıb, bu öz yerində. Lakin bu haqda deyilənləri yeni prezident həyata keçirə bilməyəcək.

Mənim fikrimcə, NATO ilə bağlı məsələ daha ciddidir. Əslində NATO ilə bağlı Vaşinqtonda çoxdan narazılıq mövcud idi. Sadəcə Tramp bu narazılığı dilə gətirdi.

- Hansı narazılıq?
- Məsələ ondadır ki, NATO-nun əsas yükünü Amerika çəkir. Söhbət maliyyə xərclərindən gedir. Donald Tramp da sadəcə çıxıb bunu dilə gətirdi, dedi ki, ABŞ bundan sonra NATO-nun maliyyə yükünü təkbaşına daşımayacaq. Başqa sözlə, NATO üzvləri üzvlük üçün pul verməlidir. Hətta şərt qoymuşdu ki, hər bir NATO ölkəsi ümumi daxili məhsuldan 2 faiz aşağı olmayaraq maliyyə yatırımı etməlidir. Bu isə o deməkdir ki, Mərkəzi və Şərqi Avropa ölkələri çətinlik yaşayacaq. Çünki onların bu qədər pul vermək imkanı yoxdur.

- Rusiya prezidenti Putin ABŞ-ın yeni prezidenti Trampla telefonla danışıb, tərəflər münasibətlərin yoluna qoyulmasını, Suriyada əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildiriblər. Siz, Trampın prezidentliyi dövründə Rusiya-ABŞ münasibətlərinin inkişafını necə görürsünüz?
- ABŞ-Rusiya münasibətləri düzəlməyəcək. Əksinə pisləşməyə doğru gedəcək. Donald Tramp Rusiyanın üzərinə gedəcək. Əksinə, prezident Obama bir çox məsələlərdə yumşaqlıq edib. Respublikaçılar daha fərqli xarici siyasət yürüdürlər.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər