Başım yazılara qarışsa da, redaktorumuzun “Bu gün Aqşinin ad günüdür” sözlərinə biganə qala bilmədim. Elə hazırlaşırdım ki deyim, bəlkə, ondan bir müsahibə edək, redaktorum məni qabaqladı: ”Cəvahir, dur, dur, tez Aqşindən müsahibə al…”
Əlimdəki yazını yarımçıq qoyub, qələm-dəftərimi götürüb yel kimi otaqdan çıxdım. Redaktorumuzsa hələ sözünü bitirməmişdi, arxamca qışqırırdı: “Soruş gör, təzə nə var, nə yox, ad gününü necə, kimlərlə qeyd edəcək…” Cavab verdim ki :“Ay qız, hələ bir dayan görək, danışdıra biləcəyik, Aqşini tanımırsan?”
Amma insafən şairin kefinin saz vaxtına düşdüm.
“Restorana gedəsi halda deyiləm ki, gedib orda döyüləm”
- Aqşin, necəsən, ad günündə hansı havadasan?
- Yaxşıyam, axşamüstü yığışacağıq. Elə evdə qeyd edəcəyik. Sözün açığı, restorana gedəsi halda deyiləm ki, gedib orda döyüləm. Eşitdiyimə görə, axır vaxtlar restoranlarda yaman adam döyürlər. Əhvali-ruhiyyəmə gəlincə, ananın qarnında uşaq mələyir ha, bax eləyəm. Ramiz Rövşənin şeri var e, "bura mənə tanış gəlir".
- Bir dəfə ad günündə Hamlet İsaxanlıdan müsahibə alanda maraqlı bir fikir səsləndirdi. Dedi ki, rəqəmlərin mənim üçün heç bir önəmi yoxdur. Sənin üçün necə, rəqəmlərin bir önəmi varmı?
- Qətiyyən. Belə deyirlər e, tutalım, 31 dekabr Yeni il bayramıdır, 8 mart Qadınlar bayramı və s. Güya ki, martıq 9-u qadınların bayramı ola bilməz. Rəqəmləri simvollaşdırmaqdan zəhləm gedir. Həyatın riyazi qanunları var və rəqəmləri də buna uyğunlaşdırırıq. Saata baxırıq ki, harasa gecikməyək, harasa tələsək. Başqa cür olsa, ya gecikərik, ya tələsərik. Eləcə də rəqəmlər, yoxsa ki, mənim üçün fərqi yoxdur - sentyabrın 5-dir, yoxsa ki, avqustun 26-sı.
“Oturub kənddə bir ağacın altında qəlyan çəkəsən”
- Xanımlar qocalmaqdan çox qorxur, yaş üstünə yaş gələndə bir az xoflanırlar. Mənə kişilərin psixologiyası maraqlıdır. Bax səni götürək, yaş üstünə yaş gəldikcə, psixoloji travma almırsan ki?
- Elə qadınlar kimi kişilər də yaş üstünə yaş gəldikcə psixoloji travma keçirirlər. Adam var e, saçında iki-üç ağ tük görəndə başlayır həyəcanlanmağa. Mənim bir yaxın dostum var, bəstəkar Firudin Allahverdi. Saçında bir ağ tük görmüşdü, necə psixoloji travmaya düşmüşdüsə, bir də gördüm bir arağı qoltuğuna vurub gəlib bizə. Oturub başladı zar-zar ağlamağa ki, qocalmışam. Buna görə də istər qadın olsun, istər kişi, saçı ağaran kimi başlayır boyamağa. Adını da qoyurlar ki, bu, gözəllik əlamətidir. Əslində, bığın qara oldu, ya yaşıl, bunun heç bir əhəmiyyəti yoxdur.
- Elə danışırsan ki, guya sən elə qocalmaqdan ötrü ölürsən …
- Mən müdrikləşmək istəyirəm. Zəhləm gedir gənclikdən. Heyif deyil, qoca kişi olasan, oturub kənddə bir ağacın altında qəlyan çəkəsən. Otun içində eşələnəsən.
“Həyat yoldaşımı da öz təkliyimə buraxmırdım”
- Mənə çox maraqlıdır, Aqşinin həyatının ən böyük hədiyyəsi nə olub?
- Cavan olanda həmişə arzulayırdım ki, gələcəkdə özüm kimi bir oğlum olsun, evimdə özümdən başqa da Aqşini görə bilim. Lazım olanda onunla dərdləşim, darıxanda ona ürəyimi boşaldım, dost kimi oturub bərabər yeyim-içim. Allah 36 yaşım olanda o hədiyyəni mənə göndərdi. Sonra yazı-pozu ilə məşğul oldum, nə bilim, kimisi buna istedad deyir, kimisi zəhmət – bunu da gəl ikinci hədiyyə hesab edək. Ölümdən qayıtdım, yeni həyata başladım, bu da olsun üçüncü hədiyyə.
- Aqşinin nə vaxt özündən xoşu gəlir, nə vaxt zəndeyi-zəhləsi gedir?
- Adam arasına çıxanda özümdən zəhləm gedir. Fikirləşirəm ki, ə, nə var e, burada nə gəzirsən sən? Amma özümlə baş-başa qalanda özümdən xoşum gəlir. Hətta gedib haradasa hamıyla oturub araq içəndə də özümdən xoşum gəlmirdi. Amma masa arxasında oturub təkbaşına araq içmək ləzzət eləyirdi. Hətta həyat yoldaşımı da öz təkliymə buraxmırdım.
- İndi xəstəsən, həkimlər sənə araq içməyi qadağan edib. Qadası, düzünü de, araq üçün darıxmısan? Heç ürəyindən keçirmi ki, ad günündə oturub, Cəlil Cavanşir demişkən, içəsən, ağlayasan?
- Əslində, mən əvvəllər arağı özümdən güclü saymırdım, buna görə də ona əl qaldırmırdım. Amma o, məni yıxmağı bacardı. İndi isə artıq gücsüzlərdən uzaqlaşmışam. İstəmirəm ki, araq mənə güc gəlsin.
“Əsgərlikdə min hoqqadan çıxmışıq”
- Aqşin elə bir adam varmı ki, ad günündə arzulayırsan ki, kaş qapım açılardı, o adam içəri girərdi…
- Var. Mən dostlarımı ədəbiyyat sərhəddi ilə məşhudlaşdırmaq istəməmişəm. Çünki ədəbiyyat adamları elədir ki, ədəbiyyat çərçivəsindən kənara çıxan kimi dəyişirlər, qarşı-qarşıya gəlirlər. Məsələn, olsun ev alqı-satqısı. Yaxud digər alış-veriş məsələsində ya atan olurlar, ya da... necəsə dəyişirlər. Ad günümdə çox istərdim ki, bir neçə adam gəlsin, görüşək. Hansı ki, o adamların ədəbiyyata, yazı-pozuya dəxilləri yoxdur.
- Kimlərdir onlar?
- Məsələn, İslam adında sinif yoldaşım var, kənddə yaşayır. Məndən də hündür, yekəpər idi. Deyirəm, kaş onunla on beş dəqiqə də olsa, görüşəydim, o illərin xatirələrindən danışaydıq.
- Başqa?
- Əsgərlikdə zabit dostum vardı, onunla görüşmək istərdim. Bəlkə də, heç onun mənim xəstəxanada yatdığımdan da xəbərləri olmayıb e, amma həmişə içimdə daşıdığım insandır. Deyirəm kaş o dostum gələydi, əsgərlikdə çıxardığımız hoqqalardan danışaydıq. O zabitlə günlərimiz olub e, əsgərlikdə min hoqqadan çıxmışıq. Mən onunla əsil həyat yoldaşı kimi yaşamışam.
- Dayan e, məni lap çaşdırdın, zabit dostunla?
- Birdən deyərlər ki, Aqşinin oriyentasiyası qaydasında deyil. Sözə quş qoymaq dəbdədir axı. Yəni mən onunla əsl dost olmuşam, bunu demək istəyirəm. Bir də görürsən, insanın həyat yoldaşı da bəzən ağır gündə onu atıb gedir, başqa-başqa işlərlə məşğul olur, amma mən o zabit dostumla əsl həyat yoldaşı kimi yaşamışıq. Mənim bu barədə bir şerim də var...
- Aqşin, de görüm, doğum günündə yeni şeir doğuldumu?
- Çox şeirlər yazmışam, birini də 1937.az-a (bu gündən kult.az – red.) vermişəm, orda çap olunacaq.
- Düzünü de, yormadım səni? Nə gizlədim, mən özüm sevmədiyim insanlarla danışanda enerji itirirəm…
- Son vaxtlar heç kimlə danışmırdım, evdə də heç kim yox idi, danışmağa adam axtarırdım.
- Yəni?..
- Adamla danışmaq istəməyəndə telefonda azı beş dəfə “ah!” deyib əzab çəkdiyimi hiss etdirmək istəyirəm.
- Amma, öz aramızdır, mən belə söz eşitmədim ha!
- Heç mən də demədim axı… (Gülür)
Teleqraf.com olaraq sevilən şair Aqşinə birinci növbədə ca sağlığı, ardınca da yaradıcılıq uğurları arzulayırıq.
Cəvahir Səlimqızı