Azərbaycanda özünə hörmət edən ciddi bir siyasətçi Əli Kərimliyə güvənib, inanıb ciddi siyasi ortaqlıq qurmaz. Və bu gün onun yanında olan adamlara baxın. Bir ciddi adam qalıb, Əli Kərimlinin yanında?!
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı mətbuata verdiyi müsahibəsində deyib.
Müsahibəni olduğu kimi təqdim edirik:
- Niyaməddin bəy, Milli Şuranın son aksiyasını necə xarakterizə edərdiniz?
- Sözün acığı bu mitinqdən çox Əli Kərimlinin mən də varam deməsidir. Əli Kərimli sadəcə yox olmaq üzrə olan varlığını göstərir. Bu suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Azərbaycanda özünə hörmət edən ciddi bir siyasətçi Əli Kərimliyə güvənib, inanıb ciddi siyasi ortaqlıq qurmaz. Və bu gün onun yanında olan adamlara baxın. Bir ciddi adam qalıb, Əli Kərimlinin yanında?! Onu az-çox tanıyan adam dərhal ondan uzaqlaşır. Azərbaycan xalqı da heç vaxt Əli Kərimli kimi bir adamı siyasi lider kimi qəbul etməz və onun arxasınca getməz.
- Aksiyaya az sayda insanın qatılması bu düşərgəyə cəmiyyət tərəfindən heç bir inam və etimadın olmamasından xəbər vermirmi?
- Əli Kərimli çox yaxşı bilir ki, bunun mitinq adı ilə keçirdiyi şouya gələnlərin sayı demək olar ki, çox az olacaq. Bunun məqsədi mitinqə gələnlərin kütləviliyinin təmin edilməsi deyil. Özünüz görmürsünüz ki, bu gün Əli Kərimlinin yanında "motros" Faiqdən başqa heç kim qalmayıb. Kimdir onun mitinqininə gələn? Artıq Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddəti bitir və Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin edilir. Kim bundan sonra Azərbaycana hansı iradı bildirə bilər?
- Aksiyaya İsa Qəmbərin qatılmaması Müsavatla AXCP arasında hələ də soyuq savaşın davam etməsindən xəbər vermirmi?
- İsa Qəmbərlə Əli Kərimli arasında savaşın 22 illik tarixi var. Bu adamlar nə vaxt yaxınlaşıb ki? Bu gün Əli Kərimlinin İsa Qəmbərə etdiyi nifrət patolojidir. Həm də Əli Kərimli çox sistemli şəkildə Müsavat Partiyasına hücum edir. Bunu hamı görür. Bu hücumlar təkcə ona görə deyil ki, Əli Kərimli və onun ətrafı Müsavatı özlərinə rəqib görürlər. Onlar iqtidara xoş gəlmək üçün qəsdən bu hücumları təşkil edirlər.
- Aksiyaya islamçıların da cəlb edilməsi AXCP-nin din adamlarından yararlanmaq cəhdi deyilmi?
- Əli Kərimli elə bir adamdır ki, hətta İŞİD terror qruplaşmasının üzvləri ilə də siyasi ittifaq bağlaya bilər. Bunun üçün heç bir fərqi yoxdur. Şeytanla da əməkdaşlıq edə bilər.
- "Siyasi məhbuslara" azadlıq tələb edən mitinqçilərin erməni əsirliyində olan vətəndaşlarımız barədə bir cümlə belə işlətməməsi nə dərəcədə məntiqli və normaldır?
- Bunu necə edə bilərdilər ki? Əli Kərimli yaxşı bilir ki, həmin əsirlikdə olan vətəndaşlarımızla bağlı ABŞ-ın rəsmi mövqeyi yaxşı deyil. Demək olar ki, ABŞ ermənilərin maraqlarına cavab verəcək bir mövqe sərgiləyir. Əli Kərimli də qəsdən özünü eşitməməzliyə vurur. Guya bunun yadına düşmür. Əli Kərimli yaxşı bilir ki, mitinqdə bu cür çıxışla ABŞ-ın böyük qəzəbinə tuş gələ bilər. Əsas Kərimlinin siyasi maraqlarıdır. Onun üçün kimin hansı əsirlikdə olduğunun heç bir faydası yoxdur. Bu məsələ ilə bağlı çox böyük işlər görən hörmətli millət vəkilərimizdən biri olan Sahib Alıyev mətbuatda, sosial mediada, facebookda haqlı irad bildirdi və bunu qətiyyətsizlik kimi xarakterizə etdi. Əli Kərimli sanki bu iradı "eşitmir” və "görmür". Ən dəhşətlisi odur ki, bu mitinqdə bütün ömrünü ailəlikcə rus-erməni birləşməsinə nökərlik edən və onların milli maraqlarına xidmət edən Leyla və Arif Yunuslara azadlıq tələb edirlər, ancaq bu gün öz doğmalarını ziyarətə gedən və düşmənə əsir düşmüş vətandaşlarımızın adını çəkmirlər. Bu Əli Kərimlinin əsl sifətidir.
- Ümumiyyətlə, son zamanlar AXCP-nin fəallaşması və mitinqlər keçirməklə gündəmə gəlmək cəhdi sizcə gəlmiş bir tapşırıqdır, yoxsa bu partiya radikal düşərgədə öncüllüyü ələ almaq istəyir?
- Bütün baş verənlərin bir səbəbi var: Əli Kərimli bütün imkanlarını işə salıb ki, hakmiyyətin xoşuna gəlsin və bununla da hakmiyyət onunla yenidən əməkdaşlıq etməyə başlasın. Deyəsən, artıq Qərb dairələri də Əli Kərimlinin bu niyyətindən xəbər tutublar...