Professor Çingiz İsmayılov: "Ərəblər Atlantik okeanını keçməyib"
"Bəzən tarixi ədəbiyyatlarda, mənbələrdə fərziyələrə rast gəlinir. Məsələn, vikinqlərin VII əsrdə Amerikaya yol açmaları fikri milli eposlardan, rəvayətlərdən gəlir. Yəni, bu fikir haradasa qeydə alınmayıb. Bəs nə səbəbə dünya ölkələrinin və Beynəlxalq Coğrafiya Cəmiyyətinin nəşrlərində, rəsmi coğrafi mənbələrdə, elə bizim coğrafiya dərsliklərimizdə, bir sözlə, hər yerdə Amerikanı Kolumbun kəşf etdiyi qeyd olunur? Çünki Kolumbun kəşfi rəsmi qeydə alınıb. Ona görə də bunu birmənalı inkar etmək üçün çox əsaslı dəlillər gətirmək lazımdır. Bu dəlillər də hansısa bir səyyahın öz təsəvvürlərini, öz bildiklərini yazması demək deyil. Rəvayətləri bir qırağa qoymaq lazımdır. Biz Kolumbun Amerikanı kəşf etməsinə ona görə inanırıq ki, onlar özləri ilə "Yeni dünya"dan maddi sübut kimi nəsə gətiriblər".
Bunu Teleqraf.com-a müsahibəsində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin iqtisadi və sosial coğrafiya kafedrasının professoru, coğrafiya elmləri doktoru, Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov deyib. Müsahibəni təqdim edirik.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika qitəsini Xristofor Kolumbdan daha öncə müsəlmanların kəşf etdiklərini deyib. Bir coğrafiyaçı kimi bu fikrə münasibətinizi bilmək maraqlı olardı...
- Amerika qitəsinin kəşfi barədə müxtəlif fərziyyələr var. Başqa mənbələrə görə, Amerikaya ilk dəfə VII əsrdə vikinqlər gediblər. Bunlar Skandinaviyadan İslandiyaya, oradan da Amerikanın şərq sahilinə - Nyufaundlendə gediblər. Yəni, müxtəlif belə fərziyyələr var. Skandinavlar da deyirlər ki, Amerikaya yolu ilk dəfə biz açmışıq. Əlbəttə, elmdə, o cümlədən coğrafiya elmində və coğrafi kəşflərdə bir çox məsələlər var ki, tam aydın deyil, mübahisəlidir. Coğrafi kəşflərlə bağlı müxtəlif tarixi məlumatlara istinadlar var. Yenə deyirəm, bu mübahisəlidir və bunu birmənalı demək çox çətindir. Müxtəlif mənbələrdə müxtəlif məlumatlar var. Bu məlumatlar bəzən ziddiyyətlidir. Ona görə də həmin fikri tam mənada isbat etmək üçün müzakirə etmək, araşdırma aparmaq lazımdır. Piar xatirinə bu cür fikirlər səsləndirmək mənasızdır. Bu fikir elmi əsaslara söykənməlidir. Elmi əsaslara söykənmək üçün də tarixi sənədlərə baxmaq lazımdır.
- Sizcə, belə bir halın baş verməsi mümkündürmü?
- Bəzən tarixi ədəbiyyatlarda, mənbələrdə fərziyələrə rast gəlinir. Məsələn, vikinqlərin VII əsrdə Amerikaya yol açmaları fikri milli eposlardan, rəvayətlərdən gəlir. Yəni, bu fikir haradasa qeydə alınmayıb. Bəs nə səbəbə dünya ölkələrinin və Beynəlxalq Coğrafiya Cəmiyyətinin nəşrlərində, rəsmi coğrafi mənbələrdə, elə bizim coğrafiya dərsliklərimizdə, bir sözlə, hər yerdə Amerikanı Kolumbun kəşf etdiyi qeyd olunur? Çünki bu rəsmi qeydə alınıb. Ona görə də bunu birmənalı inkar etmək üçün çox əsaslı dəlillər gətirmək lazımdır. Bu dəlillər də hansısa bir səyyahın öz təsəvvürlərini, öz bildiklərini yazması demək deyil. Rəvayətləri bir qırağa qoymaq lazımdır. Biz Kolumbun Amerikanı kəşf etməsinə ona görə inanırıq ki, onlar özləri ilə "Yeni dünya"dan maddi sübut kimi nəsə gətiriblər. Məsələn, Kolumbdan sonra konkvistadorlar (Mərkəzi və Cənubi Amerikanı tutmuş ispan və portuqal istilaçıları - S.Həmid) Amerikadan müxtəlif bitkilər - kartof, pomidor, qarğıdalı və sair gətiriblər. O vaxtadək isə Avropada bu bitkilər olmayıb.
- Bəs, nəzəri baxımdan necə; müsəlmanların Kolumbdan daha öncə Amerikaya səfər etmələri mümkün ola bilərmi?
- Ərəblər islam dinini XI-XII əsrlərdə geniş yaymağa başlayıblar. Təkcə Yaxın Şərqdə deyil, Uzaq Şərqdə və Çində yayıblar. Məşhur ərəb səyyahları İbn-Xəldun, İbn-Batuda, Əl-Məsudinin yazdıqlarına baxsaq, görərik ki, ərəblər əsasən quruda səyahət ediblər. Ərəblər köçəri tayfalar olmaq etibarilə yürüşlərə atlarla, dəvələrlə çıxmağa üstünlük veriblər. Onlar gəmi ilə hansısa torpaqları fəth etməyiblər. Əgər hansısa səyyah Kolumbun Kubada məscid gördüyünü yazırsa, bilmək lazımdır ki, onu ora türklər deyil, mütləq, birmənalı olaraq ərəblər aparmalı idi. Ərəblərin isə heç bir yazılarında onların Aralıq dənizini, İran körfəzini, yəni ərəb dünyasını əhatə edən sulardan kənarda çıxdıqlarına, Atlantik okeanını keçmələrinə dair fikirlərə rast gəlinmir. Türklər də köçəri olublar. Köçərilər və gəmi ifadələri isə bir-biri ilə qətiyyən uyğun gəlmir. Skandinavların, vikinqlərin isə iş-gücləri, peşələri dənizçilik olub. Osmanlı imperiyasının döyüşlərdə əsas qalibiyyətləri də dənizdə deyil, quruda olub. Qara dənizin sahillərini türklər ruslarla quruda deyil, ilk növbədə dənizdə uduzublar. XVIII əsrdə, əsasən də II Yekaterinanın hakimiyyəti illərində ruslarla türklər arasında 6 müharibə olub və türklər bu müharibələrin hamısında məğlub olublar. Batumdan İzmayıla - Rumıniya sahillərinədək hamısını əldən veriblər. Bütün bunları analiz etmək lazımdır. Əlbəttə, hansısa türkün Kolumbdan daha öncə Amerikaya getməsi həqiqətəuyğun olsaydı, mən bununla fəxr edərdim. Ancaq mən bu coğrafi kəşflərin tarixnaməsini olduğu mənbələr, biliklər əsasında izah etdiyim üçün buna inanmaqda çətinlik çəkirəm. Yuxarıda qeyd etdiyim səbəblərə görə Kolumbdan öncə Amerika qitəsinə müsəlmanların getdiyini iddia etmək düzgün deyil. Çünki yenə deyirəm türklərin dənizlərdə səyahət etmələri, Atlantik okeanı keçmələri barədə, yaxud Magellan, Vasko da Qama kimi dünya səyahətinə çıxmalarına dair məlumatlar yoxdur.
- O zaman Ərdoğan nə üçün belə bir bəyanatla çıxış edir?
- Bu sualı yaxşı olar ki, cənab Ərdoğana verəsiniz (gülür - S.Həmid). Bu bəyanat coğrafi deyil, siyasi mahiyyət kəsb edir. Ərdoğan çox güman ki, müsəlmanların bir sivilizasiya olduğunu göstərmək, dünyada layiqli yer tutmaları üçün bu fikri səsləndirib. Çünki hazırda tanınmamış islam dövləti İraqda, Suriyada, Livanda elə hərəkətlər edir ki, islam sözü Avropada, xristian dünyasında bir damğaya çevrilib. Müsəlmanları istəməyənlər bu damğadan çox böyük məharətlə istifadə ediblər. Ərdoğanın səsləndirdiyi fikirlə bağlı son olaraq onu deyim ki, bu cür mövqeləri birmənalı şəkildə dəstəkləmək, yaxud inkar etmək düzgün deyil. Bunun üçün elmi araşdırmalar aparmaq, müxtəlif mənbələrə baxmaq lazımdır. Hansısa bir mənbədə bir söz yazılıbsa, bunun əsasında elmi nəticələr çıxarmaq düzgün deyil.
- Bu günlərdə Avstraliyanın Brisben şəhərində "G-20" ölkələrinin sammiti keçirildi. Sammit öncəsi bəşəriyyəti təhdid edən problemlərə dünya liderlərinin diqqətini cəlb etmək üçün 400-ə yaxın ekoloq "Dəvəquşu aksiyası" keçirdi. Ancaq yenə də ekoloji problemlərin həllinə yetərincə diqqət ayrılmadı. Sizcə, planetimizin ekoloji vəziyyətinin normallaşması üçün hansı təsirli tədbirlər görülməlidir?
- İlk növbədə bir neçə vacib məqama nəzər salmaq lazımdır. Bunlardan birinci qlobal kosmogen, planetar mənşəli planetlərdir. Bu, bizdən - insandan asılı olmayan proseslərdir. Yerin 4,5 milyard il yaşı var. Bu dövrdə dəfələrlə istiləşmə və soyuqlaşma dövrləri olub. Yəni, bu, insandan asılı deyil. Ancaq insanlar da bu prosesdə öz rolunu oynayır. Bu, planetar miqyaslı deyil, lokal, regional miqyaslıdır. Planetdə gedən təbii proseslərin iqlim dəyişikliyinə təsiri insanın təsirindən minlərlə, milyonlarla dəfə güclüdür. Ancaq insan regional, lokal səviyyədə iqlim dəyişikliyinə təsir edir. Bu da tullantılar vasitəsilə olur. İqlim dəyişikliyi ilə Kioto, Doha protokollarını ətraf mühitə ən çox tullantı atan iki dövlət imzalamırdı. Bunlar Çin və ABŞ idi. Artıq onlar da bu razılığa gəliblər ki, tullantıların miqdarını azaldacaqlar. Tullantıların artması atmosferdə karbon qazının artmasına gətirib çıxarır. Nəticədə də istixana effekti yaranır, yəni istiləşmə prosesi gedir. Biz də bu işdə öz rolumuzu oynayırıq. Ancaq günəş fəallığının gedişi bizdən asılı deyil və biz buna heç cür təsir edə biməyəcəyik. Bu təbii proseslərin planetar miqyaslı olmasını nəzərə almaq lazımdır.
- Son vaxtlar fəsillər arasındakı fərqlər də sanki itməyə başlayıb. Məsələn, payız fəslinə aid edilən noyabrın ilk günlərində qışın oğlan çağının havası duyulurdu...
- Doğrudur. Şəxsən mənim müşahidələrimə görə də son illər çox maraqlı bir proses gedir. İstiləşmə isti və soyuq dövrün müddətini dəyişdirir. Artıq mövsümlər arası sərhədlər yox olub. Qısa müddətdə çox kəskin iqlim dəyişilmələri anormal haldır. Mövsümlərarası sərhədlər pozulur. Şəxsən mən son illər bəzən kurtka geymədən dərhal paltoya keçirəm, paltodan sonra da dərhal pencəyə keçirik. Daha plaşa ehtiyac duymuram. Yəni, yaz-payız mövsümü dövrü çox qısalıb. Bu fəsillər üç deyil, bir ay, hətta bundan da az davam edir. Martdan sonra biz dərhal pencəyə, bir ay sonra da qısaqol köynəyə keçəcəyik. Bu, iqlim dəyişilmələri, mövsümlərin müddətinin dəyişilməsi ilə bağlıdır. Bu da, əlbəttə, sağlam olub-olmamaqdan asılı olmayaraq bütün insanlara pis təsir edir. Genetik olaraq mövsümün dəyişilməsinə uyğun insan orqanizmində dəyişiklik baş verir. Bildiyiniz kimi bütün xəstəliklər yaz-payız dövründə fəallaşır. Bu da orqanizmin keçid dövrə formalaşması ilə bağlıdır. Kəskin dəyişikliklər nəticəsində daim haradasa quraqlıq, yaxud leysanlar olur. Leysanlar nədən yaranır? Hava qəfil dəyişilir, güclü yağıntılar başlayır. Halbuki, yağıntılar tədricən paylanmalıdır. Yaxud, bildiyiniz kimi, iqlimin formalaşmasına okeanın üzərində gedən proseslərin çox böyük təsiri var. Yəni, günəş şüasının artması okeandan buxarlanmanın çoxalmasına, bu da çox böyük qasırğaların əmələ gəlməsinə səbəb olur. Yəni, bütün bunlar planetar miqyaslı proseslərdir və buna da biz təsir etmək gücünə malik deyilik.
Səxavət Həmid