Aydın Hüseynov: "Heydər Əliyev "91-lər"i partiyamızın qızıl fondu adlandırmışdı"
"Məntiqlə götürdükdə, hər bir qurultay partiyanın hesabatı, yeni mərhələyə doğru bir addım, yeni bir qüvvə toplayıb ortaya çıxmaq deməkdir. Bunlar isə hər qurultaydan sonra daha da nüfuzdan düşür, daha da parçalanır və daha da dağılırlar. Çünki hesabat ortaya qoymaq üçün gördükləri real bir iş və gələcək üçün müəyyənləşdirəcəkləri konkret bir ideya yoxdur. Ona görə də qurultayları belə keçir və çox böyük saxtakarlıqla müşahidə olunur. Sədr seçkisi də, digər seçkili orqanların formalaşmsı da saxtakarlıqla müşahidə olunur. Bu gün yaşanan o didişmə, çarpışma da qurultayda baş verən proseslərin fəsadlarıdır".
Bunu Teleqraf.com-a müsahibəsində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Müsahibəni təqdim edirik.
- Sabah Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü tamam olur. YAP-ın yaradılmasını zəruri edən səbəblər nələrdən ibarət idi?
- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü tamam olur. YAP-ın hansı şəraitdə və hansı səbəbdən yaranması sualına cavab axtarası olsaq, ilk növbədə həmin dövrə baxmaq lazımdır. 1992-ci ildə artıq Azərbaycanda bir sıra partiyalar yaranmışdı, Xalq Cəbhəsi mövcud idi. Buna baxmayaraq, cəmiyyətdə milli lider Heydər Əliyevin rəhbərliyi altında yeni bir partiyanın yaradılmasına sosial sifariş var idi. Ümumilikdə, geniş mənada götürdükdə bu partiyanın yaranması Azərbaycan xalqının istəyi idi və zərurətdən yaranmışdı. Azərbaycanın dövlətçiliyini, gələcəyini düşünən insanlar Naxçıvana - Heydər Əliyevə üz tutdular və Yeni Azərbaycan Partiyası yarandı. Bir daha qeyd etmək istəyirəm ki, digər partiyalarla müqayisə etsək, görərik ki, YAP tarixi zərurətdən, insanların istəyindən, dövlətimizin xilas olunması naminə yaradılıb. İnsanlar dövlətimizi, xalqımızı həmin situasiyalardan çıxarmaq ümidini təkcə Heydər Əliyevdə görüb və ona üz tutublar. Beləliklə, Heydər Əliyevin zəkası ilə Yeni Azərbaycan Partiyası yaradılıb. YAP-ın yaranmasına o zaman ehtiyac oldu ki, insanlar artıq dövlətçiliyimiz üçün böyük təhlükələrin olduğunu duymağa başlamışdılar. Həm xarici əlaqələr pis vəziyyətdə idi, həm də daxildə səriştəsiz insanlar dövlət rəhbərliyinə gəlmişdilər. Sözün əsl mənasında artıq Azərbaycan dövlətinin və dövlətçiliyinin əldən getməsi mərhələləri yaşanırdı. Eyni zamanda, respublikada dərin iqtisadi və siyasi böhran baş vermişdi. Bu böhrandan çıxmaq üçün insanlar Heydər Əliyevə üz tutdular və Heydər Əliyevin şəxsində YAP yarandı.
- Həmin vaxt Heydər Əliyevə müraciət etmiş 91 nəfərlə bağlı vaxtaşırı olaraq məlumatlara rast gəlinir. Bəzən onların narazılıq, küskünlük dolu fikirlərinə rast gəlmək olur. Sizin bununla bağlı mövqeyiniz nədən ibarətdir?
- YAP Azərbaycan xalqının istəyinin nəticəsi olaraq yaradılıb və 91 nəfər ziyalı xalqın bütün təbəqəsinin arzu və istəklərini, ümidlərini ifadə edərək Heydər Əliyevə bu müraciəti çatdırdılar. Ulu öndərimiz, partiyamızın yaradıcısı, müasir Azərbaycan dövlətinin qurucusu "91-lər" haqqında vaxtilə gözəl bir ifadə işlətmişdi. Mənə elə gəlir ki, bu, "91-lər"ə verilən ən böyük qiymət idi. Ulu öndər demişdi ki, "91-lər" partiyamızın qızıl fondudur. Milli liderin verdiyi bu qiymətdən böyük hansı qiymət ola bilər? "91-lər", doğrudan da, partiyamızın yaradıcıları kimi bizim partiyamızın qızıl fondudur, onlara həmişə diqqət, qayğı göstərilir. Ən azı bizim hər birimizin onlara böyük mənəvi minnətdarlığımız var. Partiya üzvləri onlara böyük hörmət bəsləyirlər. Başqa cür də ola bilməz.
- Bəs, partiyanın yaranmasının ildönümünü nə cür qeyd etməyi planlaşdırırsınız?
- YAP-ın yaradılmasının ildönümü hər il qeyd olunur. Partiyanın yaradılmasının ildönümü hər il hər bir rayon-şəhər təşkilatında, eləcə də, YAP Gənclər Birliyində geniş şəkildə qeyd olunur. Yeri gəlmişkən, partiyamızın üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Gənclər Birliyinin ofisində toplaşan yüksək intellektə, yüksək siyasi və digər bacarıqlara, keyfiyyətlərlə malik gənclər artıq bir neçə gündür ki, silsilə tədbirlər keçirir, eləcə də, rayon təşkilatlarında tədbirlər keçirilir. Bu tədbirlər barədə mətbuatda da silsilə məlumatlar yer alır. Cənab prezidentimiz İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının sədridir. Bu gün cənab Prezidentin başçılığı altında əldə olunan uğur və nailiyyətlərdə partiya üzvlərinin də rolu, xidməti, eyni zamanda, məsuliyyəti var. Yəni, biz öz yaranma tariximizi, eyni zamanda gördüyümüz işlərin hesabatı qismində də dəyərləndiririk. Bilirsiniz ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Hazırda bu istiqamətdə yerlərdə çox böyük işlər görürük. Artıq namizədlərimizin müəyyənləşdirilməsi prosesini başa çatdırmışıq. Bunun özü seçki ərəfəsində böyük bir kampaniya, böyük bir aksiyadır. Eyni zamanda, daha böyük tədbirlərə start verəcəyik. Yerlərdə bələdiyyə üzvləri ilə, seçicilərlə görüşlərimiz olacaq. Bunun özü də partiyanın yaranmasının 22-ci ildönümü ilə bağlı tədbirlər silsiləsinə daxildir.
- Bələdiyyə seçkilərinə hazılıq işləri hansı səviyyədədir?
- Rəhbərlik etdiyim Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının adından danışa bilərəm. Qaradağ rayonu üzrə 11 bələdiyyə üzrə 121 bələdiyyə üzvü yeri var ki, onların hər biri üzrə namizəd irəli sürmüşük. Onların Seçki Məcəlləsindəki hər bir prosedura uyğun olaraq qeydiyyatını həyata keçirmişik. Artıq təbliğata start verilməsini gözləyirik ki, qanunun icazə verdiyi günə müvafiq olaraq onların təbliğat-təşviqat işlərini görək. Əgər Qaradağ rayon təşkilatı bu işləri görübsə, o zaman digər rayon təşkilatları da bu işləri görüb və ümumilikdə Yeni Azərbaycan Partiyası artıq bələdiyyə seçkilərinə öz namizədlərini tam müəyyənləşdirib və qeydiyyatdan keçirib. Artıq demək olar ki, Yeni Azərbaycan Partiyası namizədlərinin qeydiyyatdan keçirilməsi prosesini başa çatdırıb.
- Müsavat Partiyasında son vaxtlar baş verən hadisələri nə cür qiymətləndirirsiniz?
- Yadınızdadırsa, Müsavat Partiyası qurultay keçirmək istəmirdi. Nəyə görə bundan imtina edirdi? Birinci ən böyük bəhanələri ondan ibarət idi ki, onlara qurultay keçirmək üçün yer verilmir. Onlar öz qurultaylarını bununla illərlə ləngitdilər. İllərlə dedilər ki, bizə yer verilmir-filan. Axır ki, bu yer məsələsi məntiqi cavabını tapandan sonra bunlar artıq fakt qarşısında qalıb qurultaylarını keçirdilər. Bütün proseslər də qurultaydan sonra başladı. Bunlar qurultaylarını ona görə keçirmirdilər ki, hər qurultaydan sonra bir qədər də iflasa uğrayırlar. Məntiqlə götürdükdə, hər bir qurultay partiyanın hesabatı, yeni mərhələyə doğru bir addım, yeni bir qüvvə toplayıb ortaya çıxmaq deməkdir. Bunlar isə hər qurultaydan sonra daha da nüfuzdan düşür, daha da parçalanır və daha da dağılırlar. Çünki hesabat ortaya qoymaq üçün gördükləri real bir iş və gələcək üçün müəyyənləşdirəcəkləri konkret bir ideya yoxdur. Ona görə də qurultayları belə keçir və çox böyük saxtakarlıqla müşahidə olunur. Sədr seçkisi də, digər seçkili orqanların formalaşması da saxtakarlıqla müşahidə olunur. Bu gün yaşanan o didişmə, çarpışma da qurultayda baş verən proseslərin fəsadlarıdır. İstefalar da ona görə olur ki, artıq orada təmsil olunan bir çox insanlar reallığı başa düşürlər. Dövr daim eyni cür qala bilməz, insan ətrafına baxır, nə baş verdiyinə baxır, reallığın nələrdən ibarət olduğu düşüncəsinə dalır. Reallığın nədən ibarət olduğunu dərk edən insanlar artıq oradan uzaqlaşır. Uzaqlaşmayıb sərbəst fikir söyləyənlər də partiyadan qovulur, düşmən elan olunur. Bunun isə məntiqi sonluğu ondan ibarətdir ki, artıq konkret olaraq radikal müxalifət, o cümlədən AXCP və Müsavat son dövrlərini yaşayır. Onlar artıq siyasi səhnədən silinmək üzrədir. Təkcə bir fakt deyim. Bilirsiniz ki, bu gün bütün ölkə üzrə bələdiyyə seçkilərinə hazırlıq prosesi gedir. Bələdiyyə seçkilərində onların irəli sürməyə namizədləri yoxdur. Yəni, artıq onların sosial dayağı mövcud deyil. Əgər bir partiya namizəd irəli sürə bilmirsə, bu, nə deməkdir? O deməkdir ki, onların ideyalarını bölüşən, onların düşündükləri kimi düşünən insanlar yoxdur. Onlar qəbul olunmur. Yerlərdə də elə bir adam tapılmır ki, desin, yox, radikal müxalifətin dediyi düzdür, mən bu ideyanı qəbul edirəm.
- Sizcə, bu istefalar Müsavat Partiyasına nə cür təsir edəcək?
- Müsavat Partiyası artıq zəifləyib. İndiyədək bu partiya iflas dövrünü yaşayıb, bundan sonra adıçəkilən partiya süqut dövrünü yaşayacaq.
Səxavət Həmid