“Üç qüvvənin bir məsələdə marağı üst-üstə düşməyə başlayıb. Birincisi, Qərb hesab edir ki, sərhədin açılması ilə Orta Asiyaya iqtisadi-siyasi layihələrin önü açılacaq. İkincisi, bir çoxları düşünür ki, bunun baş verməsi ilə Rusiyaya zərbə vurulacaq. Çünki Ermənistan qala kimi fəth olunsa, Rusiya cənub cinahında bu strateji mövqeni əldən verəcək. Üçüncüsü, Türkiyə siyasi elitasında elə qüvvələr var ki, saxta soyqırımının yüz illiyinə fərqli layihə ilə çıxmaq, manevr etmək, əməkdaşlıq dilini yamsılamaq, ermənilərin idarəçiliyə, iqtisadi proseslərə cəlb etməklə ayrı-ayrı ölkələrdə Türkiyə əleyhinə qərarların verilməsinin qarşısını almaq xəttinə isti baxırlar”.
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili Zahid Oruc bildirib. Müsahibəni təqdim edirik:
- Zahid bəy, Avropa Yay Olimpiya Oyununun ilk dəfə ölkəmizdə keçirilməsi fonunda Bakıda baş verən bəzi kriminal hadisələrdən ciddi narahatlığınızı ifadə etdiniz. Sizdə narahatlıq yaradan və bununla bağlı ictimaiyyətə mesaj verməyə sövq edən səbəblər nədən ibarətdir?
- Parlamentdə vurğuladım ki, 20 noyabrdan bu yana baş verən hadisələri göz önünə gətirdikdə, onlarda vahid sistem görünməsə də, bu hallar bizi düşündürməlidir. 20 noyabrda Sumqayıtda məsciddə “Burada allah yoxdur” kəlamı yazılır və bununla da etiqadlı insanların həssas damarından sanki kimsə tutmaq istəyir. Daha sonra iki polisə qarşı itaətsizlik baş verir və sonda polis əməkdaşları bıçaqlanır. Bununla da sanki hüquq mühafizə orqanlarına tabe olmamaq siqnalı verilmiş olur. Sonra Qız Qalası üzərində olimpiya oyunları ilə bağlı tədbir düzənlənməlidir, ancaq Albert Qriqoreviç adlı şəxs burada intihar edir. Daha sonra Qaraçuxurda molotov kokteyli ilə silahlanan şəxs məscidi yandırmaqla yenə də din faktoru qabardılır. Bu hadisələri bir araya gətirəndə, o qənaətə gələ bilərik ki, ölkə daxilində və xaricində Azərbaycanın dövlət kimi Yay Olimpiya Oyunlarına hazırlıq görməsini kimlərsə istəmir. Nəzərə alın ki, hazırlıqlar təkcə infrastruktur, idman, stadion, meydan, tamaşaçılarla bitmir. Əlbəttə, bunlar önəmli məsələdir, lakin hamısı deyil. Mədəni dəyərlər, ölkənin ictimai mühiti, insanları, ənənələr, keçdiyi yol və ən mühümü sabitlik də vacibdir. Bir qədər də irəli gedərək deyim ki, bəlkə də bu dövrdə atəşkəs daha çox pozulacaq. Azərbaycanın dünyaya sabit bir ölkə kimi təqdim edilməsinə qarşı zərbələr vurmaq istəyəcəklər. Çünki bu? investisiya axınları, turizm, ölkəmizin genişlənən əlaqələri deməkdir. Bu üstün cəhətlərimiz beynəlxalq informasiya məkanında ən yüksək səviyyədə təqdim edilə bilər. Oyunların pik saatlarında 30 saniyəlik vaxt milyonlarla dollar deməkdir. Olimpiya oyunları zamanı dünyanın aparıcı və tanınmış KİV-lərinin diqqəti, kamerası Azərbaycana yönələcək. Bunun üçün hazırlaşan qüvvələr var. Bunlar Azərbaycanı sevməyən qüvvələrdir. Bu səbəbdən çağırış etdim ki, bizim hüquq mühafizə orqanları olimpiya oyunlarını təşkil edən dövlətlərin hüquq mühafizə orqanları ilə sıx əlaqələrini qurmalı, onların təcrübəsindən istifadə etməli, eləcə də insanların sıx toplaşdığı yerlərə nəzarət artırılmalıdır. Mənim parlamentdə çıxışımdan bir neçə gün sonra MTN Qaraçuxur hadisəsi ilə bağlı informasiyanı yaydı. Ehtimal etdiyim məsələ əslində təsdiqini tapdı.
- Bu tipli hadisələrin qarşısını almaq üçün hüquq - mühafizə orqanlarının imkanlarını necə qiymətləndirirsiniz?
- Cəmiyyətimizdə kristallaşmış ənənə var. İnsanlarımız düşünür ki, təhlükəsizlik ilk olaraq dövlət qurumlarının vəzifəsidir, vətəndaşların burada rolu yoxdur. Əlbəttə, resurs, səlahiyyət həmin qurumdadır. Ancaq Avropa ictimai şüurunda vətəndaş təhlükəsizlik proseslərindən kənarda deyil. Biz dövlət sirri və təhlükəsizliklə bağlı sənədlərdə Avropa modelini qəbul etmişik. Burada dövlət, cəmiyyət və vətəndaş münasibətləri əsas kimi qeyd edilir. Odur ki, biz bu dövr ərzində ictimai yerlərdə, tədris mərkəzlərində, ticarət mərkəzlərində, məscidlərdə təhlükəsizlik tədbirlərini gücləndirməliyik. Təbii ki, ölkəmizə gələn idmançılar, qonaqlar və turistlərin qalacağı otellərə xüsusi həssaslıqla yanaşılmalıdır. Ancaq vətəndaşların da bu prosesdə iştirakına ciddi ehtiyac var. Biz qonşuda və müxtəlif yerlərdə gördüyümüz hadisəni polisə bildirməyi özümüzə sığışdırmırıq. Bu satqınlıq, kimisə işə salmaq və hətta “işverənlik” kimi dəyərləndirilir. Bu cür mental xüsusiyyətlər təhlükəsizliyimizə zərbə vurur. Qarşıdan gələn Avropa Yay Olimpiya Oyunları bu xüsusiyyətimizdən islah olunmağımız üçün bir fürsətdir. Əgər bir yerdə terror hadisəsi baş verirsə, burada itirəcəyimiz vətəndaşımız, qardaşımız, qohumumuzdur. Bundan da heç kim sığorta olunmayıb. Bu mənada vətəndaşlarımız bu proseslərdə dövlətin yanında olmalıdır.
- Hazırda dünya mediası və araşdırma mərkəzləri Putinin Türkiyə səfərini təhlil edir. Siz, Türkiyə-Rusiya münasibətlərini, yaxınlaşmasını necə qiymətləndirirsiniz?
- Rusiya Türkiyə ilə münasibətlərini üst səviyyəyə qaldıracaq və bu, Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın Türkiyədən və Rusiyadan keçən iri layihələri var. O biri yandan Qərbin sanksiyası altında olan Rusiya Türkiyəyə ehtiyac duyur. Prezident Ərdoğanla görüş və daha sonra mətbuat qarşısında açıqlamada müşahidə olundu ki, Putin bir neçə formatlar üzrə əməkdaşlığa can atır. Bəllidir ki, Ukrayna hadisələrindən sonra Türkiyəyə verilən 27 milyard kubmetr qazda azalma var idi. O cümlədən Cənub Axını layihəsinin baş tutmayacağı ifadə olundu, bildirildi ki, Türkiyədə qaz anbarı tipli xüsusi mərkəzlər qurulacaq və qardaş ölkə üzərindən digər ölkələrə çatdırılacaq. Rusiya-Türkiyə münasibətlərinin belə səviyyəsi Qərbin hər iki ölkəyə münasibətini sərtləşdirəcək. İddia edə bilərlər ki, Ərdoğanın Qərb ritorikası müəyyən güzəştlər əldə etmək, öz əhəmiyyətini Qərbə hiss etdirmək, həm də Rusiya ilə münasibətlər üçün zəmin hazırlamağa görə idi. Fikrimcə, Türkiyə Qərbdə arzu etdiyi kimi qarşılanmayacaq. Qardaş ölkə üzünü ərəb dünyasına, Asiya qitəsinə tutmalıdır. Bu onun tarixi və coğrafi vəziyyətinin yaratdığı reallıqdır. Hazırkı dövrdə Türkiyə-Rusiya əlaqələrinin genişləndirilməsi Avropa ölkələrinin Ankaraya təzyiqinə səbəb olacaq. İndi Türkiyə II Dünya Müharibəsinə qatılmamaq modelini yenidən tətbiq edir. Bu, yeni bazarların əldə edilməsi deməkdir. Belə olan təqdirdə Türkiyə Rusiya ilə Azərbaycanla bağlı da bəzi anlaşmaya gedə bilər. Biz bu iki dövlətin münasibətlərinin yaxşı olmasını istəyirik. Bu, həm də Ermənistana təsir üçün çox vacibdir. Azərbaycan da bu prosesi maraqla izləyir.
- Azərbaycan G20 sammitinə dəvət edilib. Bunu necə qiymətləndirirsiniz?
- Əlbəttə, dünya qlobal mühitində 20 əsas dövlət aparıcı və qərarların verildiyi mərkəz anlamına gəlir. Orada nəinki mühüm məsələlər müzakirə edilir, eyni zamanda, ciddi tribuna və əlaqələr üçün əlavə şansdır. Azərbaycanı bu prosesə qoşmaqla Türkiyə bizim də qlobal əhəmiyyətimizi artırmağa çalışır. Bu, çox önəmlidir. Xarici siyasət məsələsində belə koordinasiya olunmaq işimizin faydasınadır. Türk siyasi elitası Qarabağ məsələsini öz siyasətinin ön cəbhəsinə qoyub. Elə Azərbaycan üçün Türkiyə üzərinə gedilən təzyiq amillərində bu ölkənin yanında olmuşuq. Sözsüz ki, 20-lərin sammiti öz statusuna görə, digər sammitlərdən fərqlidir. Bu, təkcə dialoq mühiti deyil, beynəlxalq qurumlarda Azərbaycanın digər proseduralardan irəli gələn üstün təmsilçilik hüququ reallaşır. Azərbaycan çoxtərəfli siyasət yürüdür. Türkiyənin özü də, iqtisadiyyatına görə G20 birliyində yer alıb. Belə bir məcrada biz Türkiyə ilə birlikdə gələcəkdə müxtəlif beynəlxalq proseslərə qoşula bilərik, Azərbaycan özünün resursunu təklif edə bilər. İstənilən bu cür birliklərdən və imkanlardan yararlanmalıyıq. Prezident İlham Əliyevin türkiyəli həmkarına zəng etməsi də onu göstərdi ki, Bakı Ankaranın bu addımlarını yüksək qiymətləndirir. Zatən bizim transmilli layihələr Türkiyənin önəmini qaldırdı. İndi oxşar addımları Türkiyə atmaqdadır.
- Papa Türkiyəni Ermənistan üzərində sərhədləri açmağa çağırdı. Sərhədlərin açılması prosesi istiqamətində açıqlamalar, çağırışlar güclənir. Siz bunu mümkün hesab edirsinizmi?
- Mən bu addımı gözləmirəm. Ancaq hesab edirəm ki, mediadan qaynaqlanan bu siqnallara da cavab verilməlidir. Bu elə məsələdir ki, qəti mövqe bildirməyə ehtiyac var. 2011-ci ilin yanvarında Surixdə imzalanan protokollarla sürət götürən proses Azərbaycanın iradəsi, türk xalqının mövqeyi və Türkiyə iqtidarının bunu normal qiymətləndirməsi ilə tarixin arxivinə göndərilmiş kimi göründü. Amma biz şahidiyik ki, bunu planlaşdıran qüvvələr zaman-zaman məsələyə qayıdacaqlar. Biz Papanın dilindən də məsələnin səslənməsini belə qiymətləndirməliyik ki, bu bütövlükdə bəlli mərkəzlərin yürütdüyü siyasətdir. Axı katolik kilsəsinin rəhbərinin addımı və dediyi söz əvvəlcədən planlaşdırılır. Üç qüvvənin bir məsələdə marağı üst-üstə düşməyə başlayıb. Birincisi, Qərb hesab edir ki, sərhədin açılması ilə Orta Asiyaya iqtisadi-siyasi layihələrin önü açılacaq. İkincisi, bir çoxları düşünür ki, bunun baş verməsi ilə Rusiyaya zərbə vurulacaq. Çünki Ermənistan qala kimi fəth olunsa, Rusiya cənub cinahında bu strateji mövqeni əldən verəcək. Üçüncüsü, Türkiyə siyasi elitasında elə qüvvələr var ki, saxta soyqırımının yüz illiyinə fərqli layihə ilə çıxmaq, manevr etmək, əməkdaşlıq dilini yamsılamaq, ermənilərin idarəçiliyə, iqtisadi proseslərə cəlb etməklə ayrı-ayrı ölkələrdə Türkiyə əleyhinə qərarların verilməsinin qarşısını almaq xəttinə isti baxırlar. Bizi qarşıdakı bir ildə ciddi mübarizə gözləyir. Ancaq hamıya bəllidir ki, sərhədi açmaqla Ermənistanı qazanmaq, Azərbaycanı da əldə saxlamaq mümkün deyil. Sərhədin açılması Ermənistanı bir qədər də azğınlaşdıracaq, Türkiyəyə qarşı ərazi iddiasını gücləndirəcək. Erməniləri bu iddialarından çəkindirən düşdükləri iqtisadi və ağır vəziyyətdir. Güclü Ermənistan həm də işğalçılığı genişləndirəcək dövlət deməkdir. Ona görə də, təkcə Azərbaycana görə deyil, həm də Türkiyəyə görə sərhədlərin açılmayacağına əminəm.
Nemət Orucov