20 Dekabr 2014 14:42
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Müsavatın Bərpa Mərkəzinin üzvü olmuşam, uzun illər bu partiyanın rəhbərliyində təmsil olunmuşam və Müsavatdaxili prosesləri də dərindən bilirəm. Bu mənada, mənim münasibət bildirməyimin Müsavat Partiyası daxilində gedən proseslərə müsbət təsir edəcəyini düşünmürəm. Arzu edərdim ki, müsavatçı dostlarımız özlərini necə adlandırmasından asılı olmayaraq bu konflikti həll etsinlər. Bunu nəzərə alaraq bu mövzuda danışmağı doğru hesab etmirəm. Həm də düşünürəm ki, kənar şəxslərin bu məsələyə münasibət bildirməsi orada gedən proseslərə müsbət mənada təsir etməyəcək”.

Bunu Teleqraf.com-a müsahibəsində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib. Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, bələdiyyə seçkilərinə bir neçə gün qalır. Bu prosesdə hansı formada iştirak etdiniz?
- Partiyamızda seçkidə iştirak etmək istəyənlər oldu. Bir qrup üzvümüzün namizədliyi qeydə alınmadı. Digər qrup isə fərdi şəkildə seçki prosesinə qatıldı. İndi yaranan vəziyyət, passivlik təəssüf hissi yaradır. Seçkilər haqda bildirişlər olmasaydı, seçki hiss edilməyəcəkdi.

- Hazırda müxalifət düşərgəsində qarşılıqlı ittihamlar hökm sürür. Bu durumu necə qiymətləndirirsiniz?
- Vəziyyət ürəkaçan deyil. İctimai-siyasi durum da qənaətbəxş deyil. Xalqımızın siyasi prosesə marağı yoxdur, eləcə də, demokratik qüvvələrə inam azalıb. Uzun müddət müxalifətdə olmaq, uğursuzluqlar, birliklərin yaradılması və məqsədə çatmadan dağılması, konkret nəticələrin olmaması kimi uğursuz fəaliyyət müxalifət daxilində aqressivliyin formalaşmasına səbəb olub. Bu aqressivlik də bir-birinə qarşı yönəldilib. Bunun da nəticəsində müxalifət zəifləyib, resurslarını itirib, dağınıq vəziyyətdədir. Azərbaycan müstəqillik əldə etdikdən bu yana müxalifətin indiki qədər zəif dövrünü, ictimai-siyasi proseslərə təsir edə bilməməsini xatırlamıram. Bəzi partiyalar arasında, bəzilərinin isə daxillərində yaşanan hallar üzücüdür. Təəssüflər olsun ki, bunun qarşısını almaq mümkün deyil. Seçki prosesi zamanı hansı qüvvələr ki, xalqın marağını müdafiə edir, həmin qüvvələr hakimiyyətə gəlir. Xalqın maraqlarını ifadə edə bilməyən qüvvələr isə müxalifətdə olur. Bizdə bu sahədə də problemlər var. İndilikdə bu prosesin həlli dialoqdan, siyasi islahatlardan keçir. Əgər bu baş verməsə, hər kəs özünü ana müxalifət elan edəcək. Hətta ana müxalifət uğrunda mübarizə gedəcək.

- Siz Müsavat Partiyasının rəhbərliyində təmsil olunmusunuz. Nəyə görə AXCP ilə Müsavat arasında uzun illərdir münaqişə, rəqabət və ittihamlar müşahidə olunur?
- Bunun kökü Azərbaycan milli azadlıq hərəkatına gedib çıxır. Milli azadlıq hərəkatının bir təşkilatı var idi- Azərbaycan Xalq Cəbhəsi. İndi nəzərdə tutduğunuz partiyalar və onların liderləri də bu qurumda təmsil olunurdu. Həmin vaxt da fikir ayrılıqları, ziddiyyətlər mövcud idi. Lakin çoxpartiyalı sistem formalaşmadığı üçün bu ziddiyyətləri yoluna qoymaq mümkün olurdu. Həm də Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy həyatda idi, onun nüfuzu bir çox məsələləri həll edirdi. Lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsindən siyasi partiyalar çıxmağa başladı. Əslində, bu, normal proses idi və ölkədə çoxpartiyalı sistemin əsası qoyulurdu. Bir təşkilat daxilində çıxan partiyalar ayrıldıqca onlar arasında ziddiyyətlər kəskinləşirdi. Eyni siyasi düşərgədən çıxan qüvvələr arasında mübarizə düşərgələrarası mübarizədən kəskin olur. Bu baxımdan, illərdir yığılan fikir ayrılıqları, ziddiyyətlər, şəxsi münasibətlərdə olan durum və digər faktorların hamısı bunun üçün mənəvi-psixoloji zəmin yaradır. Elektoratın bir olması və onun uğrunda da mübarizənin aparılması normal prosesdir. Sadəcə olaraq, Azərbaycanda çoxpartiyalı sistemin tarixi və ənənəsi təzə olduğu üçün bu münasibətlər təbii şəkildə tənzimlənmir. Bu da vəziyyəti mürəkkəbləşdirir, siyasi qüvvələr arasında konfrantasiya güclənir. Bundan da hamımıza pay düşür.

- Artıq Müsavat Partiyasının qurultayından üç ay zaman keçir. Amma partiyada narazılıq, qarşıdurma, təşkilatın faktiki olaraq iki hissəyə bölünməsi də göz önündədir. Vaxtilə Müsavat Partiyasının ikinci şəxsi olaraq bu proseslərə münasibətiniz necədir?
- Ümumiyyətlə, demokratiya və insan haqları nə hər hansı bir dövlətin daxili işidir, nə də həmin dövlətdə fəaliyyət göstərən siyasi partiyaların və təsisatların. Əgər söhbət demokratiya və insan haqlarından gedirsə, hər bir vətəndaş Müsavat Partiyasında gedən proseslərə münasibət bildirə bilər. Ancaq bilirsiniz ki, mən Müsavatın Bərpa Mərkəzinin üzvü olmuşam, uzun illər bu partiyanın rəhbərliyində təmsil olunmuşam. Müsavatdaxili prosesləri də dərindən bilirəm. Bu mənada, mənim münasibət bildirməyimin Müsavat Partiyası daxilində gedən proseslərə müsbət təsir edəcəyini düşünmürəm. Arzu edərdim ki, müsavatçı dostlarımız özlərini necə adlandırmasından asılı olmayaraq bu konflikti həll etsinlər. Bunu nəzərə alaraq bu mövzuda danışmağı doğru hesab etmirəm. Həm də düşünürəm ki, kənar şəxslərin bu məsələyə münasibət bildirməsi orada gedən proseslərə müsbət mənada təsir etməyəcək. Bunu nəzərə alaraq sualınıza israrla cavab verməmək istəyirəm.

- Müsavatın VII qurultayında da saxtakarlıq olmuşdu və Sizə yaxın şəxslər də bu saxtakarlığın qarşısını almışdı. Bu, doğrudurmu?
- Bəli, qurultayda Məclisə keçirilən seçkilərdə bu baş vermişdi.

- Ancaq son qurultay zamanı da seçkilərdə saxtakarlığın edildiyi haqda iddialar irəli sürülür və bundan geri çəkilmirlər...
- Siz prosesləri yaxından izləyirsiniz. Mən Müsavatda olanda VII qurultayda baş verənlərə münasibət bildirmişəm və partiyanı tərk edəndə evimdə jurnalistlər üçün mətbuat konfransı keçirmişəm, bu istiqamətdə də bütün suallara cavab vermişəm. Həmin dövrdə Müsavat tarixində qalsın deyə bizim bəyanatımız olub, bu bəyanatı partiya rəhbərliyinə təqdim etmişik. Həmin bəyanatda baş verən proseslərə münasibətimizi ifadə etmişik. Bu gün gedən proseslər də xatırlatdığım proseslərin məntiqi nəticəsidir.

- Niyə Müsavatda baş verən proseslərə bu qədər ehtiyatla yanaşır və suallara korrekt cavablar verirsiniz?
- Bilsəm ki, fikirlərim Müsavat daxilindəki proseslərə müsbət təsir edəcək, bunu edərəm. Nəzərə alın ki, Müsavatda baş verən proseslər həm də müxalifətdaxili proseslərdir. Orada proseslər müsbət inkişaf edəndə, bu müxalifətdaxili proseslərə də müsbət təsir göstərir. Əks proses də, təbii ki, neqativ təsir edir. Bildiyiniz kimi, bir qrup müsavatçı Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaradıb. İndilikdə bu hərəkat imkan verir ki, onun üzvləri həm də Müsavat Partiyasının üzvləri kimi fəaliyyət göstərsinlər. Günün birində bu hərəkat siyasi partiyaya çevrilsə, təsəvvür edin ki, təkcə Müsavatda deyil, müxalifətdaxili proseslərdə hansı vəziyyət yaranacaq. Zamanında AXCP daxilində yaşanan belə bir prosesin müxalifət daxilinə necə mənfi təsir etdiyini müşahidə etmişik.

- Siz bu hərəkatın siyasi təşkilata çevrilmə ehtimalını görürsünüz?
- Təbii ki, görünür. Əgər prosesləri, verilən açıqlamaları yaxından müşahidə etsəniz, görərsiniz ki, proseslər buna doğru gedir. Əlbəttə, bu, təəssüf doğurur. Mənim bu məsələlərə münasibət ifadə etməməyimin bir səbəbi də bununla bağlıdır ki, proseslərin neqativ istiqamətdə getdiyini görürəm və istəmirəm ki, hansısa açıqlamamla adım bu neqativ proseslərdə qalsın.

- Siz Azad Demokratlar Partiyasının sədrisiniz. Müsavatın yeni başqanı isə Arif Hacılıdr. Vaxtilə Hacılı ilə eyni partiyada təmsil olunmusunuz və münasibətləriniz də hamar olmayıb. Hətta bir-birinizin əleyhinə açıqlamalarınız da olub. İndi fərqli partiyaların rəhbərləri kimi münasibətiniz və əməkdaşlığınız varmı, müttəfiqlik mümkündürmü?
- Mən bir problem görmürəm. Biz Demokratiya və İnsan Hüquqları Mərkəzində əməkdaşlıq edirik. Biz siyasətlə məşğuluq. Təbii, şəxsi münasibətlərin rolu olur, amma bu ciddi və həlledici deyil. Arif Hacılı ilə normal siyasi münasibətlərimiz var. Arif Hacılı Müsavat Partiyasını təmsil edir və mərkəzdə normal əməkdaşlıq edir, birgə müzakirələrdə iştirak edirik. Yəni normal siyasi münasibətlərimiz var.

- Bəs şəxsi münasibətlər?
- Şəxsi münasibətlər dostlar və yoldaşlarla olur.

- Demokratiya və İnsan Hüquqları Mərkəzinin təşəbbüsü ilə hakimiyyət-müxalifət dialoqu aparılır. Siz bu prosesdə iştirak edəcəksinizmi?
- Partiyamız prosesi yaxından izləyir. Mümkün qədər çox məlumat almağa çalışırıq. Prosesin gedişatına uyğun qərar verəcəyik. Biz prosesin əvvəlində iştirakçısı olmamışıq. Ona görə də ətraflı məlumatımız yoxdur. Ancaq prosesi izləyirik, ətraflı məlumat əldə etdikdən sonra dəstək verə bilərik. Ancaq bizim partiyanın qeydiyyat problemi var, sənədlərimizi üç dəfə geri qaytarıblar. Biz də artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq və dekabrın 24-dən məhkəmə prosesi başlanacaq. Bizə verilən məlumata görə, ilk dialoq zamanı bizim partiyanın qeydiyyatı məsələsi də qaldırılıb və bunun mümkünlüyünə də toxunulub. Həm də bizim prosesə qoşulmağımız üçün partiya qeydiyyatdan keçməlidir.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər