21 Aprel 2015 13:57
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç gün sonra İrəvanda qondarma erməni soyqırımının 100-cü ildönümü qeyd olunacaq. Fransa və Rusiya prezidentləri, o cümlədən, digər dövlətlərin ictimai-siyasi xadimləri, rəsmi şəxsləri tədbirdə iştirak edəcəklər. Ekspertlər hesab edir ki, Ermənistan uzun müddətdir “soyqırımı” iddialarını gündəmdə saxlamaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilib. Roma papasının məlum açıqlamasından sonar Avropa Parlamentinin qəbul etdiyi qərar Türkiyə ilə yanaşı, Azərbaycanda da ciddi narahatlığa səbəb olub. Türkiyənin baş naziri Əhməd Davudoğlunun ermənilərə başsağlığı verməsi isə narahatlığı bir qədər də artırmış oldu. Teleqraf.com qondarma soyqırımı ətrafında cərəyan edən proseslərlə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının fikirlərini öyrənib.

- Araz bəy, Türkiyə rəsmilərinin qondarma erməni soyqırımı ilə bağlı ermənilərə başsağlığı verməsi birmənalı qarşılanmır. Sizcə, Türkiyənin başsağlı nəyə hesablanıb?
- Türkiyə hakimiyyəti hesab edirdi ki, başsağlığı verməklə Ermənistanı sakitləşdirəcək. Amma proseslər bunun əksini göstərdi. Ermənilər rəsmi başsağlığı ilə sakitləşən deyillər. Onlar mübarizələrini bundan sonra da davam etdirəcəklər. Türkiyədə qondarma soyqırımına münasibət heç vaxt birmənalı olmayıb. Ankaranın ermənilərlə bağlı siyasətində zaman-zaman dəyişikliklər olub. Ermənilər Osmanlı dövlətinin vətəndaşları olub, amma Birinci Dünya Müharibəsində dövlətə xəyanət etdilər və cavablarını da aldılar. Türkiyə diplomatik, sivil yolla münasibətləri yoluna qoymaq istəyib, amma görünən odur ki, Ermənistan daha böyük güzəştlər, pay istəyir. Həm Türkiyədə, həm də xaricdə yaşayan ermənilərlə aparılan danışıqlar heç bir fayda vermədi. Türkiyənin özündə bəzi dairələr belə hesab edir ki, 1915-ci ildə qətliam olub və bundan ən çox ermənilər zərər çəkib. 1915-ci il hadisələrində ermənilərin adının xüsusi vurğulanmasını düzgün hesab etmirəm. Türkiyə hakimiyyətinin qondarma erməni soyqırımı ilə bağlı siyasəti ona görə effekt vermədi ki, burada həm də Qəbr dövlətlərinin marağı var. Avropa ölkələrini susdurmaq mümkün deyil. Onların sırasında Türkiyə hakimiyyətinə mənfi münasibəti olan dövlətlər də var. Məsələni təkcə erməni lobbisinin gücü və ya Türkiyə hakimiyyətinin gücsüzlüyü ilə bağlamaq doğru olmazdı. Türkiyə hakimiyyəti çox doğru olaraq 24 apreli Çanaqqala zəfəri günü kimi qeyd etmək barədə qərar qəbul etdi. Türkiyə elə bir görüntü yaratmaq istəyir ki, Ermənistan dövləti ilə heç bir problemi yoxdur, problem Ermənistan hakimiyyətinin barışmaz siyasətindədir.

- Sizcə bundan sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkündürmü?
- Qondarma soyqırımı iddiası böyük Ermənistan dövləti xülyasının tərkib hissəsidir. Ermənistan Türkiyənin hesabına öz ərazisini bir qədər də genişləndirmək istəyir. Türkiyə sərhədi bağlamaqla Ermənistanın bu strategiyasının qarşısına sədd çəkmiş oldu. Qondarma soyqırımı iddiası ətrafında aparılan kampaniya həm də Türkiyəni sərhədləri açmağa məcbur etməyə yönəlib. Guya sərhədlər açılsa Ermənistan iddialarından əl çəkəcək. Bu tamamilə absurddur. 1993-cü ilə qədər – Kəlbəcərin işğalınadək Türkiyənin Ermənistanla sərhədləri açıq olub, amma ermənilər təbliğatlarını davam etdirirdilər.

- Sizcə, qondarma soyqırımının 100-cü ildönümündən sonra Türkiyəyə qarşı iddialar səngiyəcəkmi?
- Düşünmürəm. Qeyd etdiyim kimi, bu məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil. Avropanın bir sıra ölkələri məsələni gündəmdə saxlamaqla, Ermənistana təzyiq göstərməkdə maraqlı görünürlər. Deməli, həmin qüvvələ “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar. Türkiyə etiraz edəndə Avropa dövlətlərinin siyasiləri bildirirlər ki, onlar ictimai rəyi nəzərə alaraq qərar qəbul ediblər. Türkiyə çalışmalıdır ki, Avropadakı ictimai rəyi dəyişsin.

- Bəzi ekspertlər bildirirlər ki, Rusiya Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını istəmir. Sərhədlər açılsa Ermənistan iqtisadi cəhətdən Türkiyədən asılı qalacaq?
- Birinci versiya ağlabatandır. Rusiya istəmir ki, ondan asılı vəziyyətdə olan Ermənistan Türkiyə, o cümlədən Qərblə rahat əməkdaşlıq etsin. O zaman Ermənistan iqtisadi baxımdan güclənər və Rusiya ilə bərabərhüquqlu dövlət münasibətləri qurar. Bu Rusiyaya sərf etmir.İkinci versiya isə çox aşağı səviyyəli yanaşmadır. Sərhədlər açılmaqla Türkiyənin nəzarəti altına düşmək mümkündürsə, o zaman Gürcüstan, Yunanıstan və digər qonşu dövlətlər indi Ankaradan asılı olmalı idi. Bunu deyənlər sanki türklərlə bağlı Ermənistandakı hakim düşüncədən məlumatlı deyillər. Sərhədlər açılsa Qərbd dövlətlərinin Ermənistandakı rolu artacaq. Burada qazanan Ermənistan olacaq.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər