Fuad Muradov: “Bu kampaniyada kimlərin iştirak etməsindən asılı olmayaraq cavablarını verəcəyik”
“Bu gün regionda bir müstəqil dövlət qalmayıb. Olan dövlət ya kiminsə forpostudur, ya da hansısa dövlətin sözü ilə oturub-durur. Əsas məqsədləri də Azərbaycanı kiminsə maraqlarına tabe etdirməkdir. Bu da birbaşa müstəqilliyimizi təhlükəyə salır. Biz indiyə qədər bir dəfə müstəqilliyimizi itirmişik. Bu gün buna imkan verməyəcəyik”.
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili Fuad Muradov bildirib. Müsahibəni təqdim edirik:
- Fuad bəy, I Avropa Oyunlarının Bakıda keçirilməsini necə qiymətləndirirsiniz, ölkəmizin qazancı nə olacaq?
- I Avropa Oyunları böyük bir tədbirdir. Dünyanın aparıcı idmançıları, idman cəmiyyətləri Bakıya gələcək. Bu kimi tədbirlər Azərbaycan gənclərinin idmanla məşğul olması üçün böyük stimul yaradır. Həmçinin bu tədbirlə bağlı infrastruktur yaradılır, yeni meydançalar tikilir, idman sahəsində bir çox istiqamətlər üzrə irəliləyişlər olur. İdmançılarımız, məşqçilərimiz bu yarışa hazırlaşır. Ümumiyyətlə, idman cəmiyyətimiz aktivləşir. Hazırda regionda və dünyada dərin böhran yaşanır, lakin ölkəmiz belə mötəbər tədbiri yüksək səviyyədə keçirməyə malikdir. Fikrimcə, bunun əhəmiyyəti olduqca mühümdür.
- Tədbirin Azərbaycan üçün siyasi əhəmiyyəti varmı?
- Əlbəttə, var. Bu gün Azərbaycanın müstəqilliyi, dövlətçilik ənənələri, apardığı siyasət göstərir ki, Azərbaycan doğru yolla irəliləyir. Ölkəmiz regionda stabil, nümunəvi dövlətə çevrilir. Son illər ən mühüm tədbirlər Azərbaycanda keçirilir və Bakı regionun mərkəzi halına gəlir. Bütün bu müsbət addımları görüb qəbul etməyənlər də var. Sözsüz ki, bizim çoxlu sayda düşmənlərimiz var. Onlar Azərbaycanın inkişafını, güclənməsini, müstəqil siyasət aparmasını bəyənmirlər. Çalışırlar ki, müstəqilliyimizə xələl gəlsin. Bu məqsədlə də fəaliyyət göstərirlər. Ancaq yarışlar zamanı onlar Azərbaycanın dünyada siyasi çəkisinin artdığını görəcəklər. Çünki Azərbaycan üzərinə götürən öhdəlikləri yerinə yetirir, əməkdaşlığı təbliğ edir. Ümumiyyətlə, belə böyük tədbirlərin məhz bizim ölkəmizdə keçirilməsi çox müsbət haldır və Azərbaycanın pozitiv imicinə yaxşı təsir göstərir. Bu mənada bu yarışların yüksək səviyyədə keçirilməsinə nail olmalı, hər birimiz bunun üçün əlimizdən gələni etməliyik.
- Azərbaycanın Dağlıq Qarabağ problemi var. Bu cür mühüm tədbirlərin bu problemin həllinə hansısa müsbət təsiri mümkündürmü?
- Əlbəttə, pozitiv təsiri olacaq. Əvvəla, nəzərə alın ki, Azərbaycana çoxlu sayda yüksək səviyyəli qonaqlar gələcək. Nazirlər, ölkə başçıları, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, məşhur idmançılar və s. Şübhəsiz ki, onlar Bakıya gələndə həm də ölkəmizdəki reallıqları görəcəklər. Eyni zamanda çalışacağıq ki, onlara Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən yaranan problemləri göstərək, bu münaqişənin nəticəsində köçkün həyatı yaşayan insanlarımızla görüşdürək. Biz çalışacağıq ki, Azərbaycana gələn qonaqlar reallıqları görsünlər. Azərbaycan ərazilərinin işğal edilməsinə baxmayaraq, bu gün ölkəmiz regionda ən inkişaf edən ölkələrdən biridir. Bizim siyasətimiz sülh siyasətidir. Amma eyni zamanda biz Azərbaycan reallığını göstərməklə həm də bildirəcəyik ki, Azərbaycana müxtəlif ikili-üçlü yanaşmalar mövcuddur.
- I Avropa Yay Oyunlarına gələcək minlərlə insanı məlumatlandırmaq üçün hansısa işlərin görülməsinə ehtiyac varmı?
- Xüsusi bir maarifləndirmə işinə ehtiyac hiss etmirəm. Fikrimcə, bura gələn turistlər şəhərin mərkəzinə çıxsalar və vəziyyətlə tanış olsalar, eləcə də, məscidi, kilsəni və sinaqoqu görsələr, onlarda ölkəmiz haqqında aydın təəssürat yaranacaq. Bizə qarşı aparılan kampaniya nəticəsində xaricdə barəmizdə bəzən başqa fikirlər olur. Məsələn, mən ötən gün Filippin dövlətinin spikeri ilə görüşdüm. Bu şəxs Azərbaycanda səfərdə idi. Spiker dedi ki, Azərbaycan haqqında çox şey eşidiblər, ancaq bura gələndən sonra onlarda tam başqa təəssürat yaranıb. Deyirdi ki, əvvəl onlarda belə təəssürat olub ki, Azərbaycan qapalı, qaranlıq bir ölkədir. Ancaq bura gələndən sonra işıqlı bir ölkə görüb, dənizkənarı parkı seyr ediblər və s. Qeyd etdik ki, bu səfərin nəticəsi olaraq illərlə Azərbaycan haqqında danışacaq, deyə biləcəklər ki, bura tamam fərqli və yaxşı bir ölkədir, qərəzli şəkildə deyilənlər yalandır. Bu mənada bura gələnlərlə bağlı xüsusi maarifləndirmə işinə ehtiyac yoxdur. Özləri şəhəri gəzsələr, Azərbaycan haqqında fikir formalaşdıra biləcəklər. Təbii ki, xüsusi olaraq biz bura gələn insanlara muzeylərimizi, tarixi abidələrimizi göstərəcəyik. Bunların hamısı olacaq.
- Ancaq qəribəsi odur ki, I Avropa Oyunlarının Bakıda keçirilməsindən hansısa qüvvələri narazı qalıb və açıq kampaniya aparırlar. Buna münasibətiniz necədir?
- Bir daha vurğulayım ki, Avropa Oyunları cəmiyyətimiz üçün böyük bir bayrama çevriləcək. Kimsə bunu siyasi tərəfə çevirmək, siyasi mübarizəni bu formada aparmaq istəyirsə, bu, doğru hal deyil. Azərbaycanda siyasi mübarizə üçün imkanlar var, söz azadlığı mövcuddur. Kim haçan istəsə, öz fikrini ifadə edə bilir, sərbəst toplaşmaq hüququndan istifadə edir. Odur ki, ölkə daxilindən bu kimi çağırışlar əsassızdır. Təəssüf edirəm ki, onlar öz enerjilərini məhz bu kampaniyaya yönəldiblər. Nəzərə almaq lazımdır ki, Azərbaycan hamımızın vətənidir. Hamımız bu idman yarışlarını izləyəcəyik. Odur ki, buna yol vermək olmaz. Əlbəttə, bu cür fəaliyyət göstərənlərin məqsədi Azərbaycanı zəif salmaqdır. Amma biz işimizi davam etdirəcəyik. Bu kampaniyada kimlərin iştirak etməsindən asılı olmayaraq, biz onların cavabını verəcəyik. Əslində, sabah Avropa Oyunları olmasaydı belə, onlar başqa bir bəhanə taparaq Azərbaycana qarşı qarayaxma kampaniyası aparacaqdı.
- Daxildə olanlar haqda danışdınız, ancaq xaricdən də bu prosesdə iştirak edən şəbəkə var.
- Bəli. Onların da gerçək məqsədi Azərbaycanı zəiflətmək, dövlətimizi hansısa oyuncaq ölkəyə çevirməkdir. Təbii ki, bütün bunlar olandan sonra biz nə Qarabağ, nə də torpaqlarımızın azad edilməsindən, güclü ordumuzdan danışa bilərik. Onların məqsədi budur. Yerləşdiyimiz regionun real durumunun necə olduğunu bilirsiniz. Bu gün regionda bir müstəqil dövlət qalmayıb. Olan dövlət ya kiminsə forpostudur, ya da hansısa dövlətin sözü ilə oturub-durur. Əsas məqsədləri də Azərbaycanı kiminsə maraqlarına tabe etdirməkdir. Bu da birbaşa müstəqilliyimizi təhlükəyə salır. Biz indiyə qədər bir dəfə müstəqilliyimizi itirmişik. Bu gün buna imkan verməyəcəyik. Onların apardığı kampaniyanın müəyyən qədər təsiri ola bilər. Bəzi beynəlxalq təşkilatlar bu kampaniyada yayılan sənədlərə istinad edə bilərlər. Ermənilər də bundan yararlana bilərlər. Çünki biz həm də böyük erməni lobbisinə qarşı vuruşuruq. Təbii ki, onlar bundan maksimum istifadə etməyə çalışacaqlar. Belə neqativ proseslər ola bilər. Lakin bu, Avropa Oyunları ilə bağlı ümumi mənzərəyə heç bir təsir göstərə bilməz.
- Sizin siqaret əleyhinə kampaniya aparacağınız haqda məlumat yayılıb. Bu kampaniyanın məqsəd və mahiyyəti barədə məlumat verə bilərsinizmi?
- Azərbaycanda uzun müddətdir danışılır ki, tütün məmulatları ilə bağlı müəyyən işlər aparılmalı, qanunvericilikdə dəyişikliklər edilməli, lazım gəlsə yeni qanun qəbul edilməlidir. Hesab edirəm ki, yeni qanun layihəsinə heç bir ehtiyac yoxdur. Çünki neçə müddətdir ki, qüvvədə olan Qanunu, eləcə də, tütün məmulatlarına dair bütün məsələləri araşdırıram. Sizə deyim ki, Qanunda tütün məmulatları haqqında tələblər qane edicidir. Sadəcə olaraq biz Qanunda bu məsələləri bir qədər də sərtləşdirməli, cərimələrin miqdarını artırmalıyıq. Əlavə bir neçə maddə də Qanuna salına bilər. Qanunda mükəmməl şəkildə bütün qadağalar mövcuddur. Bir daha qeyd edim ki, cərimələri artırmaq və nəzarəti gücləndirmək lazımdır. Hazırda bu məsələnin üzərində işləyirəm. Gələn həftə biz gənclər təşkilatlarının təşəbbüsü ilə tütün əleyhinə kampaniyaya başlayacağıq. Əslində, bütün dünyada tütün əleyhinə kampaniya var və biz də bunu Azərbaycanda keçirəcəyik. Gənc yaşlı uşaqların, məktəb şagirdlərinin tütün məmulatlarından kənarda durması vacibdir. Fikrimcə, bu istiqamətdə həm maarifləndirmə işi aparmalı, həm qanunlarımızı sərtləşdirməli, həm də ciddi nəzarət mexanizmi yaratmalıyıq. Bu, insanlarımızın sağlamlığına xidmət edir.
- İlin sonunda parlamentə növbəti seçkilər keçiriləcək. Namizədliyinizi yenidən irəli sürəcəksinizmi?
- Hələ bu haqda danışmaq tezdir. Növbəti parlament seçkilərinə vaxt var. Eyni zamanda qeyd edim ki, biz işlərimizi davam etdiririk, dayanmırıq. Mütəmadi olaraq seçicilərimizlə işləyirik. Düşünürəm ki, seçkilərə müəyyən müddət qalmış mövqeyimizi açıqlayacağıq. Seçicilərimlə bağlı məsələdə isə hər hansı bir problem görmürük. Çünki biz daima təmasdayıq.
Nemət