8 Sentyabr 2015 17:10
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsas məsələ seçicidən, xalqdan asılı olacaq. AKP güclü bazaya, böyük seçici kütləsinə malikdir. Seçkidə AKP yenə birinci olacaq, lakin lazım olan millət vəkili sayını əldə etməsi sual altındadır. PKK ilə savaş AKP-nin nüfuzunu artırsa da, əleyhinə də işləyib. Camaat deyir ki, elə PKK-nın güclənməsinə siz imkan yaratmısınız. Bu mənada seçkilərin nəticəsini dəyərləndirmək elə də asan məsələ deyil. AKP seçkidən ən çox səs qazanan partiya kimi çıxsa da, istədiyi qədər səs toplaya bilməyəcək”.

Bunu qəzetimizə müsahibəsində sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik:

- Firudin bəy, Türkiyədə baş verən son hadisələri, PKK-nın törətdiyi terror aktlarını necə qiymətləndirirsiniz?
- Mən sizə sonuncu müsahibəm zamanı qeyd etmişdim ki, Türkiyənin bu oyundan çıxmaq şansı yoxdur. Həmin fikrimin davamı olaraq deyim ki, Türkiyə böyük bir oyuna cəlb edilib. Sadəcə, bu oyundan canını necə qurtaracağının yolunu tapa bilmir. Həm daxildən, həm də xaricdən Türkiyəyə qarşı böyük təzyiqlər var. Əslində, kürd problemi şişirdilmiş formada gündəmə gətirilir. İndi də seçkiqabağı PKK-nın hər gün yol kəsməsi, partlayışlar törətməsi, əsgərləri şəhid etməsi xəbəri gəlir. Bir neçə gün əvvəl Hakkaridə 16 əsgər şəhid olub. Məncə, şəhidlərin sayı bir qədər çoxdur. Prosesin necə və hara gedəcəyi siyasi iradədən asılıdır.

- PKK-nın bu hərəkətlərinə qarşı Türkiyənin atdığı addımları nə qədər tutarlı və adekvat hesab edirsiniz?
- Hakimiyyətdə olan partiya açılım layihəsi adı altında yanlış siyasət apardı. Bu siyasətin ana xəttini PKK ilə barış təşkil edirdi. Əslində, bu siyasət PKK terror quruluşuna sərf edirdi. PKK bundan istifadə etdi. Çünki bu müddətdə PKK-nın üstünə gedən olmadı. Onlar da fürsət qazandı, yenidən silahlandı, tərkibini gücləndirdi, çoxlu partlayıcı maddələr əldə etdi və bu gün üçün hazırlaşdı. İkinci tərəfdən, Ədalət və İnkişaf Partiyası son parlament seçkilərində kifayət qədər səs toplaya bilmədi və bu da hakim partiyanın planlarını pozdu. Ona görə də, erkən seçimlərə getmək haqda qərar verildi. İndi erkən seçimlərdən necə çıxacaqlar məsələsindən də çox şey asılıdır. Ancaq xalq bu proseslərdən çox narazıdır. Çünki hər gün şəhid xəbərləri gəlir. Bu problemi bitirmək lazımdır. İndi hakimiyyətdə olan siyasi qüvvə iqtidar olmazdan əvvəl, demək olar ki, PKK problemi çözülmüşdü, ilboyu şəhid söhbətləri olmurdu. 1999-2001-ci illəri nəzərdə tuturam. 2002-ci ildə isə PKK-nın aktivləşməsi müşahidə olundu. Son 2-3 ildə isə şərti olaraq barış protokolu imzalandı. Bu da PKK-ya imkan verdi ki, gələcəkdə Türkiyədə terror hadisələri törətmək üçün bir qədər də güclənsin, arsenalını artırsın. Türkiyənin həm də Suriya problemi var. Yəni, Suriyadan təhdidlər gəlir. Türkiyəni nəhayət İŞİD-lə qarşı-qarşıya qoya bildilər. Artıq Türkiyənin ətrafında dostları yoxdur, əksəriyyəti onun düşmənidir.

- Konkret nəyi nəzərdə tutursunuz?
- Türkiyənin ən böyük düşməni İrandır. İran düşmənçilik edir, bunlar isə deyir ki, bizim qardaşlarımızdır. Suriya ilə düşmən münasibətlər var. İraqla münasibətlər pis durumdadır. Yunanıstanla məsələ aydındır. Bu tərəfdə də Ermənistan. Türkiyənin xarici siyasəti çox yanlış qurulub. Amma bütün bunlara baxmayaraq, Türkiyə böyük dövlətdir, güclü ordusu var. Düzdür, əziyyət çəkəcək, döyüləcək, əsgərləri öldürüləcək, amma Türkiyə məhv olmayacaq. Türkiyədə potensial xalq dirənişi var. Bu xalq ayağa qalxandan sonra heç kim heç nə edə bilməz. Bu mənada Türkiyənin başında əzilmək, sıxışdırılmaq kimi məqamlar oynayır, amma Türkiyə həm də dirənə biləcək. Necə ki, yüz il əvvəl Türkiyə qocalmış imperiya idi, artıq məhv olurdu. Lakin bu qarımış imperiya göbəyindən sağlam çocuq-cümhuriyyət doğdu. İndi də yüz il əvvəl gedən proseslər gedir. Mən çox da bədbin deyiləm.

- Sizcə, indi Türkiyədə yaşanan olaylarda kürdlərin partiyası kimi tanınan Xalqların Demokratik Partiyasının rolu nə qədərdir? Xəbərlər var ki, PKK-ya yardım aparanda onların içərisindən HDP-li xanım deputat da çıxıb...
- Guya PKK-ya çörək aparırmışlar və içlərində də HDP-li deputat olub. Mən bildiyim qədər bu xəbər sonradan öz təsdiqini tapmadı. Çünki onları saxlayandan iki saat sonra buraxıblar. Lakin buna baxmayaraq proseslər camaatın gözü qarşısında baş verir. HDP faktiki olaraq PKK-nın şəhər və siyasi qoludur. Hətta əsgər PKK-nın üzərinə gedəndə və qarşıdurma yaranan zaman HDP PKK-nın qarşısına keçir, sinəsini sipər edir, deyir güllə atma, atsan mənə dəyəcək. Yaxşı, sən ölkənin vətəndaşısansa, sinəni əsgər üçün sipər elə, niyə quldurlara və terrorçulara sipər edirsən? Bu mənada HDP mənfi rol oynayır və bunu açıq demək lazımdır. HDP-yə PKK-nın şəhər uzantısı kimi baxmaq lazımdır. Məncə, yeni seçkilərdə bu mənada qəribə nəticələr ortaya çıxa bilər.

- İndi qardaş ölkədə baş verən proseslərin 1 noyabrda keçiriləcək erkən seçkilərə təsiri varmı, Türkiyə mediası açıq yazır ki, əslində, siyasi qüvvələr PKK olaylarından həm də siyasi məqsəd naminə manipulyasiya edirlər...
- Bunu birmənalı demək çətindir. Bunu demək üçün dərindən təhlil aparmaq və bu nəticəyə gəlmək lazımdır. Məhz bundan sonra fikrini ictimaiyyətə açıqlaya bilərsən. Sözün açığı, mən bunu güman etmirəm. Amma hər halda ola bilsin ki, bu gerçəklik də mövcuddur. Nəzərə alıram ki, Ədalət və İnkişaf Partiyasının Cümhuriyyət Xalq Partiyası və ya Millətçi Hərəkat Partiyası ilə koalisiya hökuməti qurmaq imkanları var idi. Amma bunu istəmədilər. Düzdür, onlar formal olaraq koalisiya danışıqlarına getdilər, lakin digər partiya ilə birləşib hökumət qurmaqdansa, yeni seçkilərə getməyi məqsədəuyğun hesab etdilər. Əgər xatırlayırsınızsa, seçkilərdən bir müddət sonra mən qəzetinizə müsahibəmdə qeyd etmişdim ki, hökumət qurulmayacaq, iqtidar partiyası daha çox yeni seçkilərə getməyə can atacaq. İndi bu proqnoz özünü doğrultdu. Əlbəttə, Türkiyə bizim ən yaxın müttəfiqimiz, qardaş dövlətimizdir və orada baş verən proseslərin bizə də dəxli var. İstərdik ki, Türkiyədə sağlam hökumət qurulsun və ölkəni indiki bataqlıqdan sağlam formada çıxara bilsin. Bu mənada indi noyabrın 1-də keçiriləcək seçkilərdən çox şey asılıdır. Hər kəsi seçkidən sonra yeni hökumətin necə qurulması düşündürür. Hakim partiyan istədiyi sayda deputatın parlamentdə olmasını istəyir. Çünki onların müəyyən məqsədləri var. Müxalifətdə olan partiyalar isə indiki durumda manipulyasiya edə bilməz. Çünki bunun üçün partiyaların marağı yoxdur. Hər dəfə seçkilərə getmək əziyyətdir. Odur ki, parlamentdə olan digər siyasi partiyaların manipulyasiya etməsi haqda iddialara ciddi yanaşmıram. Ümumiyyətlə, reallığa əsaslansaq, deyə bilərik ki, manipulyasiyanı hakim partiya edə bilər. Onlar qarşılarına məqsəd qoymuşdular ki, parlamentə kifayət qədər deputat qazandırsınlar, bundan sonra isə ölkə konstitusiyasını dəyişə bilsinlər. İndi hakim partiya da belə proseslər gedir.

- Türkiyə faktiki olaraq seçkilərə od-alov içində gedir. Seçki hansı nəticələri ortaya çıxara bilər?
- Erkən seçkilərdə Cümhuriyyət Xalq Partiyası səslərini bir qədər də artıracaq. Bu partiyanın tutduğu mövqe, daxilində olan ovqat bunu deməyə əsas verir. Millətçi Hərəkat Partiyasında çox arzuedilməz proses yaşandı. Xüsusilə, Türkeşin oğlunun MHP-də daxili çat, ikitirəlik yaratması xoşagələn olmadı.

- HDP-nin şansını necə qiymətləndirirsiniz?
- HDP-nin tələb olunan səsi toplayaraq barajı aşıb-aşmaması seçkiyə bir neçə gün qalmış bilinəcək. İndi kürdlərin özləri də HDP-yə qarşıdırlar. Deyirlər ki, sizə səs verdik, gedin parlamentdə davanızı, mübahisənizi aparın. Daha nə qədər PKK yol kəsəcək, sivil insanlara güllə atacaq, dinc insanların ab-havasını pozacaq, əsgər öldürəcək və s. Bu mənada kürdlərin içində etiraz var. Bu da deməyə əsas verir ki, HDP-nin barajı aşması sual altındadır. Məncə, seçkiyə bir neçə gün qalmış mənzərə daha açıq görünəcək.

- AKP-nin imkanlarını necə dəyərləndirirsiniz?
- Əsas məsələ seçicidən, xalqdan asılı olacaq. AKP güclü bazaya, böyük seçici kütləsinə malikdir. Seçkidə AKP yenə birinci olacaq, lakin lazım olan millət vəkili sayını əldə etməsi sual altındadır. PKK ilə savaş AKP-nin nüfuzunu artırsa da, əleyhinə də işləyib. Camaat deyir ki, elə PKK-nın güclənməsinə siz imkan yaratmısınız. Bu mənada seçkilərin nəticəsini dəyərləndirmək elə də asan məsələ deyil. AKP seçkidən ən çox səs qazanan partiya kimi çıxsa da, istədiyi qədər səs toplaya bilməyəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər