“Düşünmürəm ki, indi Türkiyə ərazisində baş verən proseslər konteksində seçkilərdə Ədalət və İnkişaf Partiyası 10 faiz səsini çoxaltsın. Bu, bir qədər uzaq görünür. Onsuz da HDP 13 faiz səs toplayıb, parlamentə 80 deputat salıb. Ədalət və İnkişaf Partiyasının 50 faizdən az səs alacağı buradan görünür. Mən bilmirəm, HDP təkrar seçkidə nə qədər səs itirə bilər. Amma təkrar seçkilərdən sonra Ədalət və İnkişaf Partiyası 50 faiz səs toplayaraq təkbaşına hökumət qura bilməsə, yenidən koalisiya hökumətinin qurulması məsələsi uzun çəkəcək. Bu da, dolayısı yolla təhlükəsizlik və geosiyasi məsələlərə təsir edəcək”.
Bunu qəzetimizə müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib. Müsahibəni təqdim edirik:
- Əfşar bəy, təcrübəli diplomat kimi Türkiyədə baş verən son olayları necə şərh edirsiniz?
- Görünür, Ədalət və İnkişaf Partiyası irəli sürdüyü layihələrdən bir qədər uzaqlaşıb. Cənab Əhməd Davudoğlunun “Qonşularla sıfır problem” layihəsi yüksək səviyyədə aparılmayıb. Bunun nəticəsində Türkiyədə vəziyyət kəskinləşib. Türkiyənin Suriya və İraqla sərhədində gərginlik mövcuddur. Hazırda Şimali İraqda kürdlərin havadan vurulması prosesi gedir, eləcə də, ölkə daxilində müəyyən problemlər özünü büruzə verir. Arzuedilməz vəziyyət yaranıb. Cənab Ərdoğan 12 il baş nazir olduğu vaxtda müəyyən siyasət apardı. Hesab edirəm ki, problemlərin sülh yolu ilə həlli daha yaxşı olardı. Təcrübə göstərir ki, həm ölkə daxilində, həm də ölkələr arasında mövcud olan problemlər hərbi yolla həll edilmir. İndi Türkiyədə vəziyyətin necə olduğu göz önündədir. Məncə, sülh yolu daha münasib olardı.
- Türkiyədə həm də erkən seçkilər olacaq...
- Bu seçkinin nəticəsi maraqlıdır. Düzdür, dəqiq demək olmaz, amma düşünmürəm ki, indi Türkiyə ərazisində baş verən proseslər konteksində seçkilərdə Ədalət və İnkişaf Partiyası 10 faiz səsini çoxaltsın. Bu, bir qədər uzaq görünür. Onsuz da HDP 13 faiz səs toplayıb, parlamentə 80 deputat salıb. Ədalət və İnkişaf Partiyasının 50 faizdən az səs alacağı buradan görünür. Mən bilmirəm, HDP təkrar seçkidə nə qədər səs itirə bilər. Amma təkrar seçkilərdən sonra Ədalət və İnkişaf Partiyası 50 faiz səs toplayaraq təkbaşına hökumət qura bilməsə, yenidən koalisiya hökumətinin qurulması məsələsi uzun çəkəcək. Bu da, dolayısı yolla təhlükəsizlik və geosiyasi məsələlərə təsir edəcək. Hər halda İraqda durum o qədər də normal deyil. Bu ərəfədə İraq ərazilərini bombardman etmək, ora daxil olmaq doğru görünmür. Əlbəttə, ortada terror fəaliyyəti var və bunu da qeyd edirik. Ancaq güman etmirəm ki, bunlar hərbi yolla həll edilsin. Danışıqlar yoluna qayıdılmalı, qonşularının da imkanlarından istifadə edilməlidir. Dövlətlər bir-birilə qruplaşır və Suriya məsələsində bu açıq görünür. Əlbəttə, indi Suriyada vəziyyət qarışıqdır, müharibə gedir, milyonlarla qaçqın və köçkün var. Amma Suriyada həm də dövlət var və bu dövlətlə danışıqlar aparılmalıdır. Düzdür, bu dövlət ərazilərinə nəzarət etmir, üstəlik çoxlu terrorçu qruplar da fəaliyyət göstərir. Məncə, danışıqlara gedilə bilər. İndi Avropa da, Amerika da qəbul edir ki, Suriyada Əsəd keçid dövrünə qədər olmalıdır. Ola bilsin orada islahatlar aparılsın, konstitusiya qəbul edilsin və s. Bütün müxalif qüvvələr terrorçu deyillər, onlar başqa xarici ölkədən bura daxil olmayıblar, kənardan dəstəklənmirlər. Onlar arasında danışıqlar ola bilər. Bunlar həll edilməlidir. Türkiyə ərzisindən çoxlu sayda terrorçunun Suriya ərazisinə keçdiyi haqda iddialar var və bunu sənəd-sübutla təsdiq edildiyini qeyd edirlər. Ola bilsin ki, Türkiyə bunda maraqlı olub və ya həmin şəxslərin terrorçu olduğunu düşünməyib. Bütün bunlar, şübhəsiz ki, regionda duruma təsir edir.
- Hazırda PKK terror təşkilatının Türkiyədə törətdiyi terror hadisələri, partlayışlar göz önündədir. İranın PKK-ya münasibəti nədən ibarətdir?
- İranın mövqeyi açıqlanıb. İran PKK-nın əlinə silah alaraq sivil insanları qətlə yetirməsini pisləyib. Amma eyni zamanda Türkiyənin İraqın şimalına havadan zərbə vurmasına qarşı olduğu da ifadə olunub. Hər halda bu məsələləri İraq dövləti, kürd muxtariyyəti ilə danışmaq olar. Təbii ki, bütün bunlar problemdir. Türkiyə İraq ərazisini vurmamalı, İraq da ərazilərindən Türkiyəyə hansısa terrorçu qrupların keçməsinə imkan verməməlidir. Ölkələrin ərazi bütövlüyünü pozmaqla məsələ həll edilmir. Baxın, son iki ildə müəyyən qədər sabitlik və sülh yaranmışdı, ən azından silahlar danışmırdı, faktiki atəşkəs mövcud idi. Türkiyə ilə PKK arasında sanki bir razılaşma var idi. Bu prosesi davam etdirmək lazımdır. Bu proses davam etsəydi, həm Türkiyə, həm də region üçün daha xeyirli olardı.
- Ancaq PKK-nın İran qolu olan PEJAK da İranı təhdid edir...
- PKK-nın İran qolu olan PEJAK, təbii ki, kimsə tərəfindən dəstəklənən qurumdur. Əlbəttə, onlar İranda fəal ola bilməyiblər. Mən demirəm ki, onlar ümumiyyətlə yoxdurlar. Təbii ki, vardır. Amma PKK Türkiyənin daxilində nələrsə edə bilir, PEJAK isə İranda bu işləri görə bilmir. Hər halda PEJAK PKK-nın bir qoludur və İran dövlətinin ona münasibətinin necə olması məlumdur. Əgər PKK PEJAK-ı dəstəkləyirsə, İranın da PKK-ya münasibəti müsbət ola bilməz.
- Yeri gəlmişkən, iddia olunur ki, Türkiyədə terror törədənlər, bəzən, Qəndil dağları vasitəsilə İrana daxil olaraq gizlənə bilirlər. Bu iddiaları necə qiymətləndirirsiniz?
- Qəndil dağı İranın şimalındadır. Sərhədlər dağlıq ərazilərdir. Demək olmaz ki, bu kimi hallar yoxdur. Biz gözümüzlə gedib bunları görməmişik. Ümumiyyətlə, dağlarda çox hadisələr baş verir. Belə hallar mümkündür. Ola bilsin ki, nəzarətdən kənar yerlər var və oradan belə hallar yaşanır. Siz də bilirsiniz ki, dağlarda belə hallar olur. Ermənilər də dağlardan Azərbaycana qarşı istifadə ediblər. Rusiyanı götürün, Şimali Qafqaz dağlarında nələr olur. Düzdür, indi Şimali Qafqaz dağlarında çeçenlər əvvəlki kimi fəal deyil, amma orada da nələrsə baş verir. Yəni, Rusiya da dağlarına 100 faiz hakim ola bilmir. Mən fikirləşirəm ki, İraqda, elə Türkiyənin özündə də belə hal var. Məsələn, Türkiyədə öz dağlarına tam hakim ola bilmir. PKK-nın əksər qrupları elə dağlarda fəaliyyət göstərir.
- Əslində, İranın PKK-nın fəaliyyətində razı olması, bu halın onun maraqlarına uyğun olması haqda iddialar var. Bu, yanaşmalara münasibətiniz necədir?
- Əgər PEJAK-ın atasının PKK olduğunu nəzərə alsaq, bu zaman İranın mövqeyi və münasibəti PKK-ya müsbət ola bilməz. İranın PKK ilə münasibəti ola bilməz və təbii ki, onu dəstəkləyə bilməz. Çünki PKK-nın güclənməsi gələcəkdə həm də PEJAK-ın güclənməsi demək olardı. Odur ki, İran PKK-ya müsbət meylli ola bilməz. Hər bir dövlət kimisə gücləndirəndə ilk olaraq düşünür ki, bunun mənə xeyri nədir. Düzdür, bu cür iddialar var, lakin deyilənlər sadəcə söhbətlərdir və sübut olunmur. Çox ölkələr haqqında çox şeylər deyilir. Amma bunun üçün həm də sübutlar lazımdır. Belə bir sübut isə mövcud deyil.
- Amerika-İran münasibətləri tədricən normallaşır. Bu reallıq İran daxilində özünü necə büruzə verir?
- İranla Amerika münasibətləri tezliklə qaydaya düşməz. Hələlik 5+1 formatında danışıqlar aparıldı, müzakirələr oldu. ABŞ Konqresində müəyyən antiİran çıxışlar oldu. İran parlamentində də müxalif qüvvələr var. Hər halda güman etmirəm ki, problemlər olsun. Bu razılıq icra edilməlidir. Danışıqlar zamanı nəticə əldə edilib, tərəflər üzərlərinə öhdəlik götürüb və bu, icra edilməlidir. Komissiya da var və yəqin ki, bu işlərə nəzarət edir. Hazırda bu razılaşmanın psixoloji tərəfini müşahidə edirik. İnsanlar düşünür ki, müharibə olmayacaq, embarqolar aradan qaldırılacaq.
- İran üzərindən sanksiyalar qaldırılmayıb?
- Hələlik heç əldə olunan razılaşmanın icrasına başlanılmayıb. Bəzi açılışlar olub, amma sanksiyalar rəsmən aradan qaldırılmayıb. Aradan qaldırılandan sonra pul köçürülməsi, neft məhsulları məsələsi var. İndi İranın neft məhsulunun istehsalı bir qədər çoxalıb. Düzdür, hazırda dünyada neftin qiyməti düşüb. Amma hər halda dünya bazarı ilə əlaqələr məsələsi var. Avropa Birliyinin xarici siyasət komissarı İrana səfər etdi. Böyük Britaniya səfirliyi bağlanmışdı, açıldı. Eləcə də, Almaniya, İspaniya, İsveçrədən səfərlər oldu. Avstriya prezidentinin səfəri oldu. Çoxlu sayda Avropadan nümayəndə heyətləri gəlir, danışıqlar olur, müqavilələr imzalanır. Prezident Ruhani də Avropa ölkələrinə dəvət edilib, noyabrda Fransaya səfər edəcək. Yəni siyasi addımlar, əlaqələr çoxalır, əməkdaşlıq olacaq. Bu razılaşmanın ən yaxşı halda təsiri özünü yaxın bir ildə göstərə bilər. Amma ABŞ-la əlaqələr, güman etmirəm ki, yaxın dövrdə baş tutsun. İndi Ruhaninin müddətinə iki il qalır. Güman edilir ki, cənab Ruhani yenidən prezident seçilsin. Lakin nüvə məsələsində razılığın əldə edilməsi İran-Amerika arasında regional problemlərə dair danışıqlara və əməkdaşlığa gətirib çıxara bilər. Sonrakı addım region məsələləri həll edildikdən sonra ortaya çıxa bilər. Hazırda regionda İraq, Suriya, Fələstin məsələsi var. ABŞ-İran münasibətləri nüvə razılaşmasından sonra hər iki dövlətin regional məsələlərinə baxışı, bu məsələlərin necə həll edilməsinə bağlıdır.
Nemət