“Tənqidçilərimiz ədəbiyyatdan nə istədiyini bilmir”
Teleqraf.com professor Buludxan Xəlilovla müsahibəni təqdim edir.
“Ədəbiyyat da, tənqid də xofdan uzaqlaşmalı və müstəqilləşməlidir.”
- Buludxan müəllim, maraqlıdır, necə oldu ki, sizdə ədəbiyyata, dilə sevgi yarandı?
- Hansısa bir sənətə, peşəyə olan sevgidə mühitin rolu böyükdür. Bu, ədəbiyyata bağlılığımda, dilə məhəbbətimdə aydın göründü. Yadımdadır, mən uşaq olanda, xüsusən də uzun qış gecələrində yaşlı insanlar yığışar və ayrı-ayrı dastanlar, nağıllar, ədəbiyyat parçalarından danışardılar. Bunların hamısı göz, hafizə yaddaşımda həkk olunub.
- Və elə o mühit də sizi ələ aldı.
- Bəli. Hətta orta məktəb şagirdi olanda ayrı-ayrı dram əsərlərinin səhnələşməsi proseslərində, eləcə də orda müxtəlif obrazlarda iştirak etmişəm. Məsələn, Səməd Vurğunun “Vaqif” dramında, Salam Qədirzadənin müxtəlif əsərlərində. Bəlkə də, bunlar biz uşaq olanda o qədər də əhəmiyyət vermədiyimiz bir işlər olub. Amma insan həyatının müəyyən mərhələsinə gəlib çatıb, arxaya baxanda, seçdiyi sənəti görəndə başa düşür ki, mühit insan həyatında önəmli rol oynayır.
- Belə çıxır ki, mühit insanı xalq qəhrəmanı da edə bilər, xalq düşməni də. Bəs Allah verdiyi istedad necə olsun?
- Təbii ki, istedad çox vacib şərtdir. Deyək ki, eyni mühitdə başqa uşaqlar da mənimlə nağıllar, dastanlar dinləyiblər. Amma onlar niyə ədəbiyyatçı və ya dilçi olmayıblar? Deməli, burada istedadın da rolu var. Yəni istedad öz işini görür. Axı hamı riyaziyyatçı və ya tarixçi ola bilməz. Demək, Allah-təalanın verdiyi bir istedad var. O istedad isə mühit olanda daha da çiçəklənir, pöhrələnir.
- Elədir.
- Bilirsən, dünyaya gələn hər bir uşaq müəyyən bir sahənin kodu üzərində yaşayır. Bəzisi dəqiq elmlərə, bəzisi humanitar sahəyə, bəzisi isə təbiət elmlərinə meyillidir. Görünür, istedad dediyim məsələdə də mənim kodum ədəbiyyata, dilçiliyə daha çox meyilli olub.
- Niyə məhz sonralar elmi fəaliyyətiniz ədəbiyat yox, dil üzrə yönəldi?
- Mən tələbə olanda “Cəfər Cabbarlı” adına təqaüd alırdım. Hətta mənim müəllimlərim belə hesab edirdi ki, Buludxan mütləq gələcəyin görkəmli ədəbiyyatşünası olacaq. Təvazökarlıqdan uzaq olsa da, mən bunu deməliyəm. Çünki yaşayırıq və həyatın elə mərhələsi gəlir ki, o yaşadığımız günlərin, anların ən xarakterik məqamlarını deməli oluruq və deməliyik. Bu deyilənlər gənclik üçün də lazımdır. Səmimi olmaq, olub keçənlər barədə səmimi fikir söyləmək gözəl bir şeydir. Açığı deyim, elə mən ədəbiyyatşünas da olmaq istəyirdim. Sonra tale elə gətirdi ki, mən dilçilik üzrə universitetdə (o vaxtkı institutda) saxlanıldım.
- Peşman deyilsiz ki?
- Xeyr. Dil üzrə mövzu götürmək mənə bir daha anlatdı ki, yaxşı dilçi olan şəxs həm də yaxşı ədəbiyyatşünas olur. Yəni dil materialları ədəbi əsərlərə, faktlara söykənir. Tutaq ki, Füzulinin, Xətainin və ya nisbətən daha yaxın dövrün şairlərinin - Səməd Vurğunun, Rəsul Rzanın əsərlərinin dil-üslub xüsusiyyətlərini öyrəniriksə, mütləq onların hər birini oxumalıyıq. Deməli, yaxşı dilçi bayaq dediyim kimi, həm də yaxşı ədəbiyyatşünas olur. Amma yaxşı ədəbiyyatşünas yaxşı dilçi ola bilmir.
- Sizcə, yaxşı ədəbiyyatşünasın yaxşı dilçi olması vacibdirmi?
- Belə deyək, görkəmli ədəbiyyatşünas ədəbiyyat materiallarını oxuyarkən onun dil tərəflərinə varmır. Amma hər hansı bir dilçini, məsələn, məni götürək. Deməli, bir dilçi olaraq ədəbiyyat materiallarına baş vurdum və eyni zamanda dil istiqamətində də tədqiqat işləri apardım. Bax məsələ də burdadır.
- Necə düşünürsünüz, dilçilərin ədəbiyyat üzrə araşdırmaları daha dərin olur, yoxsa ədəbiyyatşünasların?
- Dilçi ədəbi materialları sözbəsöz, hətta səsbəsəs tədqiq edir. Çünki dil səsdən, hecadan başlayaraq söz, söz birləşməsi, cümlə, mətn, mətn parçasını öyrənir və bu nəticədə dilçiyə uğur gətirir. Adətən ədəbiyyatşünaslar hər hansı bir ədəbiyyat materiallarına məzmun, sujet, kompozisiya, obrazların xarakteri və s. baxımdan yanaşırlar. Amma dilçilər təkcə buna bir bədii mətn kimi yanaşmırlar. Hər bir bədii materiallara dil materialları kimi yanaşırlar. Dil materialı kimi yanaşanda da mütləq istənilən bir bədii əsərin ruhuna gedib çıxmalı olursan. Bədii obrazın, eləcə də bədii dilin ruhuna gedib çıxırsan, onun genetikasına gedib çıxmalı olursan. Ona görə də dilçilərin istənilən obrazın dilinə yanaşmağı daha maraqlı nəticələri üzə çıxarır və daha dərinliklərə gedib çıxır.
- Bəzən deyirlər ki, ədəbiyyat üzrə Nobel mükafatını siyasiləşmiş adamlar alır. Bu barədə siz nə deyə bilərsiniz?
- Məncə, əllinin-əlliyə nisbətindədir. Mən ədəbiyyat üzrə Nobel mükafatı alanların bir xeylisini oxuduqdan sonra gördüm ki, bu heç də belə deyil. Bəli, siyasətin önəmi var. Amma istedadı da inkar etmək olmaz. Məsələn, Taqorun yaradıcılığına baxın. Axı biz onu necə inkar edə bilərik? Soljenitsın Nobel mükafatı alıb. Bu təkcə siyasi əqidədirmi? Axı onun yaradıcılığına baxırsan, burda nə qədər dərin mənalar var. Yaxud, Şoloxovun yaradıcılığını oxuyanda görürsən ki, bədii təfəkkür var, güclü təxəyyül və personajları xarakterizə etmək var.
- Amma elə istedadlı adamlar da var ki, Nobel mükafatı almayıblar.
- Görünür, onların siyasi əqidəsində Nobel mükafatı verən qurumun maraq dairəsi olmayıb. Belə ədalətsizlik ola bilər. Amma tam əminliklə deyirəm, bu mükafatı alanların yaradıcılığına, qələminə, təfəkkürünə də hörmətlə yanaşmaq lazımdır. Mükafat alanların istedadını, zəhmətini və ədəbiyyata xidmətini də inkar etmək olmaz. Mən onlar bir qismi barədə kifayət qədər qeydlər aparmışam. Məqalələr hazırlamışam. Gələcəkdə çap etdirəcəyəm.
- Bizdə “Nobel mükafatı”na layiq yazıçı, şair varmı?
- Mirzə Cəlil, Mirzə Ələkbər Sabir Nobel mükafatına layiqdir.
- Bəs günümüzdə necə?
- Çağdaş Azərbaycan ədəbiyyatından kifayət qədər məlumatlıyam. Həm nəsr qolunda, həm nəzm qolunda yazıb-yaradanların yaradıcılığını izləyirəm. Ya kitablarını əldə edirəm, ya da mətbuatda, məsələn, “Ulduz” jurnalında, “Ədəbiyyat” qəzetində, “525-ci qəzet”də onların çap olunmuş yazılarını izləyirəm. Hər birinə də kifayət qədər hörmətim var. Amma gəlin bunu etiraf edək ki, onların mövzunu yüksək səviyyədə təqdim eləmək istedadları yoxdur.
- Səbəb nədir, sizcə?
- Vaxtilə bu barədə çox düşünmüşəm. Deyirdim, bəlkə də, bizim çağdaş ədəbiyyatımızda Nobel mükafatına layiq olacaq adamları dünya səviyyəsinə çatdırmaq üçün Azərbaycan dilinin imkanları məhduddur. Gördüm ki, yox, bu dil baryeri deyil. Düşüncə, bədii təfəkkür baryeridir. Hətta mövzunu təqdim etmək qabilliyəti də çatmır, yəni mövzu elə təqdim edilməlidir ki, o, hamını maraqlandırmalı, düşündürməlidir.
- Nobel bir tərəfə qalsın, bəs özünüz kimləri oxuyursunuz çağdaşlardan?
- Demək olar ki, böyük əksəriyyətini, məsələn, Anar, Elçin, Mövlud Süleymanlı, Firuzə Məmmədli, Rəşad Məcid, Musa Ələkbərli, Qulu Ağsəs, Fərqanəni və digərlərini oxuyuram.
- Onların yaradıcılıqlarından maraqlı hesab etdiyiniz bir detal deyə bilərsiz?
- Bəli, deyərəm.
- Buyurun.
- Fərqanənin çox maraqlı bir “Təndir” şeiri var. Maraqlı tərəfi budur ki, çox adam təndir görüb. Burda isə şairə təndirin mahiyyətini ortaya qoyur. Anasının təndir başında dayanıb çörək yapmasını açır. Anaya olan hissiyyatı nəzərdən keçirir. Məişətimizin kənd həyatındakı bir hissəsini təsvir edir. Adam istər-istəməz doğmalıq görür, dərin səmimilik və sadəlik hiss edir.
- Bəs sonra?
- Bu yaxınlarda Rəşad Məcidin də çap olunmuş bir kitabını oxudum. O, kitabda indiyə qədər yazdıqlarını roman, dastan, hekayə janrına salıb. Çox xoşuma gəldi. Mən bunu Azərbaycan ədəbiyyatında üslub baxımından bir tapıntı hesab edirəm. Deməli, adətən Rəşad Məcid bu kitabına qədər şair kimi şeirlərini yazırdı. Məhz xoşuma gələn cəhət bu oldu ki, şair Rəşad Məcid yazdıqları şeirlərin bir hissəsini hekayə janrına çevirdi. Həmin şeirləri oxuyanda elə bil onun tərcümeyi-halını oxuyursan. Bir qrup şeirlərini isə dastan formasına salır. Sanki öz tərcümeyi-halını, insana və həyata münasibətini dastan şəklində təsvir edib. O birini roman şəklində təqdim edir. Və gördüm bu müasir dövrün dastanıdır, romanıdır, hekayəsidir. Daha yığcam, daha müasir, daha modern forma yenilik kimi diqqəti cəlb edir. Müasir oxucunun vaxtını almadan oxumağa imkan yaradır. Bu yeni bir üslubdur.
- Başqa yenə var?
- Başqa, məsələn, Mövlud Süleymanlı yaddaş tariximizi bu günə gətirə bilir. Firuzə Məmmədlinin şeirlərində qəribə bir fəsləfi axtarış var. Qulu Ağsəsdə üslub yeniliyi və insanı düşündürmək var. Bütün bunlar o deməkdir ki, ədəbiyyat yerində saymır. Ədəbiyyat inkişafdadır.
- Ədəbiyyat inkişafdadır, bəs tənqid necə, o da inkişaf edirmi? Bəlkə, tənqid yoxdu deyə, ədəbiyyat inkişaf edir?
- Mən səmimi deyirəm, qoy inciməsinlər. Tənqidçilərimiz ədəbiyyatdan nə istədiyini bilmirlər. Məsələn, tənqidçilərimizin çoxusuna desən ki, sən ədəbiyyatdan nə istəyirsən, bilməyəcək. Amma kifayət qədər fikirlər söyləyir, təhlil edirlər.
- Sizcə, niyə bilməyəcək?
- Niyə bilməyəcək, bunun da səbəbi var. Tənqidçiləri də tam qınamaq olmaz. Ona görə ki, keçmiş sovetlər dönəmində vahid bir ideologiya var idi. Bu ideologiyanın da vahid prinsipləri var idi. Yazışı, şair bu prinsiplərə uyğun yazmalı idi. O pirinsipə uyğun yazırdısa, ədəbiyyatşünas, tənqidçi həmin prizmadan əsəri təhlil edib qiymətini verirdi. O prinsiplərə uyğun yazmırdısa, ədəbiyyatşünas, tənqidçi yazıçını tənqid edirdi. Bax, indi fikir verin, 1937-ci ilin represiyasında niyə yazıçı və şairlərin bir qismini Yazıçılar İttifaqının “sıralarından təmizlədilər”. Çünki onların yaradıcılığında dövrün ruhuna uyğun olmayan, sovet ideologiyasını təbliğ eləməyən əks-inqilabçılıq ideyaları tapdılar. Bu mənada sovet dönəmində yaranan ədəbiyyatda, ədəbi nümunələrdə tənqidçi olmaq bir az rahat idi.
- Bəs bu günün tənqidçisi necə olmalıdır?
- Bu günün tənqidçisi o qədər geniş təfəkkür sahibi olmalıdır ki, artıq ədəbiyyata ideologiyanın təsiri altında yaranan ədəbiyyat nümunəsi kimi deyil, ədəbi nümunələrə bəşəriyyətin bir nümunəsi kimi yanaşmalıdır. Eyni zamanda dünya ədəbiyyatını bilməlidir. Dünya ədəbi tənqidinin tarixini bilməlidir. Dünya tənqidçilərinin tənqidi fikirlərindən qidalanmalıdır. Artıq ədəbiyyata o prizmadan yanaşmalıdır. Ədəbiyyat da, tənqid də xofdan uzaqlaşmalı və müstəqilləşməlidir. Belə olanda köhnə prinsiplər öz əhəmiyyətini itirir. Bu mənada tənqidçinin üzərinə çox böyük yük düşür.
- Görünür, yazıçı da artıq elə yazmalıdır ki, tənqidçi onu tapa bilsin.
- Bəli, yazıçılarımız da, tənqidçilərimiz də öz üzərlərində ciddi işləməlidirlər. Bu mənada mən tam səmimi deyirəm ki, ciddi tənqid çox azdır. Məsələn, məni silkələyən ciddi tənqid, ciddi təhlil görmürəm. Bu gün Azərbaycan ədəbiyyatını tənqiddən çox tərif bürüyüb. Hətta saysız-hesabsız təqdimat mərasimləri keçirilir və bu təqdimatlar yüzdəyüz təriflər üzərində qurulur.
- Sizcə, ümumiyyətlə, tənqidin olmaması ədəbiyyata necə təsir edərdi? Bəzən deyirlər ki, tənqid lazım deyil, ona görə soruşuram.
- O zaman ədəbiyyatın inkişafı sual altında olar. Amma ədəbiyyatın inkişafı o zaman olar ki, o, qərəzdən uzaq olan elmi-nəzəri tənqid üzərində qurulsun və təhlil olunsun. Siz fikir verin, Səməd Vurğunu, Süleyman Rüstəmi, Süleyman Rəhimovu tənqid eləməyiblər, Məhəmməd Füzuli kimi böyük klassiki tənqid ediblər. Şah İsmayıl Xətai kimi görkəmli ədibin yaradıcılığını tənqid eləyiblər. Məhəmməd Füzuli kimi ustad tənqidin obyekti olubsa, necə ola bilər ki, biz müasir ədəbiyyatda qələmlərini sınayan insanları səmimi tənqid eləməyək? Məhz bu cür tənqid ədəbiyyatı inkişafa doğru aparır.
- Bir sözlə, indi tənqid çox zəifdir. Əslində isə tənqid ədəbiyyatı inkişaf etdirir, onu stimullaşdırır. Belə?
- Şübhəsiz, elədir. Tənqid ədəbiyyatın üzərində məsuliyyət deməkdir. Tənqid ədibləri məsuliyyətə cəlb eləmək deməkdir. Yaxşı tənqid ciddi senzura deməkdir. Tənqid ədəbi simaları kifayət qədər məsuliyyətli olmağa cəlb etmək deməkdir. Amma söhbət səmimi tənqiddən gedir. Qəzetləri izləyirəm, məsələn, “Ədəbiyyat” qəzetini, “525-ci qəzet”i və digərlərini. Və görürəm ki, tənqidçinin fikirləri məni özünə çəkmir. Belə ki, bəhs etdikləri bədii əsərlərdəki sujetlərin arxasına düşüb təhlil eləyə-eləyə gedirlər. Bu da ona bənzəyir ki, sanki az-çox ədəbiyyatdan məlumatlı olan oxucu müəyyən bir bədii əsəri oxuyur, sonra isə onun məzmununu danışır. Amma Azərbaycan ədəbi tənqidində Yaşar Qarayev, Bəkir Nəbiyev, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Vaqif Yusifli kimi tənqidlə bağlı tədqiqat aparanlar olub. Mən istərdim ki, bax o mərhələlər qayıtsın. İndi bizdə tənqidlə təhlilin, tənqidlə tərifin sərhədləri çox itibdir.
- Bəs gənclərdən kimləri oxuyursuz?
- Mən “Ulduz” jurnalının 2015-ci il iyun sayının eksperti idim. Və gördüm ki, ümidverici gənclər var. Məsələn, orada Fərid Hüseynlə maraqlandım, çox xoşuma gəldi. Bilirsiz, biz istedada da stimul verməliyik. Yazısında bir cücərti, işıq gördüyüm Ələmdar Cabbarlı, Nilufər Şıxlının maraqlı hekayələri də xoşuma gəldi. Sonra Ziyad Quluzadənin Oğuz Ataydan etdiyi tərcümələr, Elşən Əzimin, Pərviz Seyidlinin yaradıcılığı maraqlı idi. Qərib adında bir şairi oxudum, onda bir ürək çırpıntısı var. Ola bilər, hamısının adını çəkmədim, üzürlü hesab eləsinlər.
- Buludxan müəllim, Azərbyacanın görkəmli dilçisi Ağamusa Axundov vəfat etdi. Sizcə, bu gün o boşluğu doldura biləcək bir dilçi varmı?
- Bilirsiz, Allah rəhmət eləsin, Ağamusa Axundov mənim doktorluq dissertasiyamın opponenti olub. O çox səxavətli, xeyirxah dilçi idi. Təkcə elmli olmaq kifayət eləmir. İnsan elmini gənc nəslə öyrədirsə, elmi ilə insanları dirçəldirsə, qayğı göstərirsə, bu çox böyük hünərdir. Bu hər elm adamında olmur. Amma Ağamusa müəllimdə bu vardı. Ağamusa müəllim özünü təsdiq eləmiş bir dilçi idi. Akademik adına qədər yüksəlmişdi. Onun yazıb-yaratdıqları da, yetirmələri də onun göstərir ki, deməli, xidməti olmuş adamdır. Amma belə yanaşmaq da olmaz ki, hər şey bitib-tükənib. Təbii ki, bu boşluq görsənir. Heç vaxt böyük dilçi, böyük ədəbiyyatşünas birdən-birə yetişmir. Ağamusa müəllim səviyyəsində kim yetişəcəyini bilmirəm. Ancaq bunu bilirəm ki, hər şeyi zaman həll edir.
- Bir məsələ də var. Mirzə Ələkbər Sabirin şeirləri tarixi-ədəbi-ideoloji-mənəvi əhəmiyyətə malikdir. Amma onun “Qafqazlılar”, “Fəxriyyə”, “Bizə nə”, “Kim nə deyər bizdə olan qeyrətə” və s. kimi şeirlərin timsalında xalqın geriliyi, cahilliyi, öz dövrünə əngəlkələf olmaları göstərilir. Sizcə, bu şeirlərin orta məktəbdə tədrisi xeyridən çox ziyan gətirmir ki?
- Əvvəla, bu tipli şeirlər ideologiyanın tələblərinə uyğun olaraq verilməlidir. Amma bu gün ideologiya dəyişib. Bugünkü müstəqillik dövrünün ideologiyasında azərbaycançılıq, türkçülük, islamçılıq, bəşərilik vacib rol oynayır. Ona görə də biz dərsliyimizə azərbaycançılığı, müasirliyi, bəşəriliyi inkişaf etdirən, şagirdlərdə də bu fikri formalaşdıran bədii nümunələri gətirməliyik. İkincisi, əgər bu tipli nümunələri dərsliyə gətiririksə, zəhmət çəkib bu cür nümunələrə dərin şərhlər verməliyik.
Sərvər Şirinov