Arzu Nağıyev: “İndiki status-kvo şəklində saxlanılan yeganə münaqişə Dağlıq Qarabağdır”
Politoloq Arzu Nağıyev Teleqraf.com-un suallarını cavablandırıb.
- AŞPA-nın yeni sədri seçilib və bu sədr əvvəllər Qarabağ münaqişəsinin həllində obyektiv münasibət sərgiləyib. Necə düşünürsüz, yeni sədr Pedro Aqramuntun sədrliyi dövründə Qarabağ münaqişəsinin həllinə dair irəliləyişlər olacaqmı?
- Məlumdur ki, Azərbaycan üzrə keçmiş həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunt növbəti dövr üçün AŞPA sədri postuna seçilib. Hazırkı sədr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan bir çox məruzələrin müəllifi olub. O cümlədən torpaqlarımızın 20 faizinin işğal olunması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti də öz əksini tapıb. Bundan başqa ərazi bütövlüyü ilə bağlı Pedro Aqramunt isə öz çıxışında dəfələrlə dəstək olduğunu, hətta Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı qərarda Ermənistanın Dağlıq Qarabağ və ona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib. Yəni, dövlətlərin ərazi bütövlüyü məsələsinə hörmət önəmli məsələ kimi daima onun çıxışlarında öz əksini tapıb.Təbii ki, bu mühüm bir amildir ki, problemi yaxından bilən bir şəxs belə bir vəzifəyə təyinat alıb.
- Serj Sərkisyanın sərsəm bəyanatları AŞPA-ya yeni sədrin gəilişi ilə bağlı ola bilərmi?
- Xeyr, bu inandırıcı görünmür. Çünki AŞPA-nın sədri təyin edilmir, seçki yolu ilə vəzifəyə gətirilir. Serj Sərkisyanın bəyanatlarına gəldikdə isə onu belə danışdıran məqamlar var. Əsas amil Rusiya ilə tərəfdaş olmasını göstərməkdir və təbii ki, ərazisində 102 saylı bazanın yerləşməsidir. Onun əsas istəyi odur ki, müharibənin əsas nüvəsi Ermənistan ərazisinə yönəlsin və təbii ki, KTMT-nin üzvü kimi Rusiyada bu münaqişənin leqallaşmış üzvü olsun. Məhz buna görə də elə bəyanatlar verir və təbii ki, bu, dünya ictimaiyyətinə də bir ismarışdır. Bunun AŞPA-ya yeni sədrin gəilişi ilə bağlı olması yanılış fikirdir.
- Ümumiyyətlə, yeni sədrin fəaliyyəti dövründə AŞPA-Azərbaycan münasibətləri necə olacaq?
- Yəqin ki, necə varsa, elə də qalacaq. Təbii ki, hər yeni təyin olunan məmur öz iradəsi ilə hərəkət etməyə çalışacaqdır. Bu gün beynəlxalq aləm və qurumlar da başa düşürlər ki, 20 ildən artıq uzanan və bu qədər status-kvo şəklində saxlanılan yeganə münaqişə ocağı məhz Dağlıq Qarabağ münaqişəsidir və bu səbəbdən də regionda stabillik olmadıqda heç bir dövlət iqtisadi, istərsə də siyasi layihələrini həyata keçirə bilmirlər. Buna görə də münasibətin əlbəttə dəyişməsi vacib məsələsdir və təəssüf ki, bunun həlli tək AŞPA –nın sədrindən asılı deyil.
- Cəbhədə gərginliyin artması vasitəçiləri nə dərəcədə hərəkətə keçirə bilər?
- Münaqişənin həlli üçün istər vasitəçilər, istərsə də onların təmsil etdiyi dövlətlər öz səylərini artırmalıdırlar. Təbii ki, söhbət həm ATƏT-dən, həm də BMT-dən gedir. Əgər bunu etməsələr missiyalarını həyata keçirə bilmədikləri üçün beynəlxalq nüfuzlarını itirmək təhlükəsi ilə qarşılaşacaqlar və digər münaqişələrə də öz təsir mexanizmini təbii ki, itirəcəklər. Dağlıq Qarabağ münaqişəsi də bu baxımdan istisna deyil. Əgər buna nail olmasalar çox güman ki, atəşkəsin daima pozulması lokal hərbi əməliyyatların başlanacağına zəmin yaradacaq.
BƏXTİYAR