23 Oktyabr 2015 16:55
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb İran istisna olmaqla müsəlman aləminin əsaslı hissəsini Rusiyaya qarşı qaldırmaq istəyir. Bu qüvvələr az deyil. Söhbət neftlə zəngin olan ərəb dövlətlərindən, dünyanın geopolitik oyunlarında rol alan Türkiyədən gedir. Bunlar indi Rusiyaya qarşı çıxarlarsa, bu, sizə zarafat gəlməsin. Məsələn, son zamanlar Rusiyanın blokadası zamanı Türkiyə fərqli mövqe tutdu, Moskvaya kömək əli uzatdı, sanksiyalara qoşulmadı. Ancaq bu gün Türkiyə açıq Rusiyaya qarşı çıxır və Putinin siyasətini tənqid edir”.

Bunu “Gündəlik Teleqraf”a müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik:

- Suriya ətrafında böyük güclərin apardığı oyun davam edir, hərbi və siyasi addımlar bir-birini əvəzləyir. Hazırkı durumu necə qiymətləndirirsiniz?
- Əslində, Ukrayna, İraq və Suriya ətrafında baş verən hadisələr eyni prosesdir. Sadəcə olaraq, bir məkanda proseslər açıq, digərində isə qapalı formada baş verir. Ümumilikdə isə bu hadisələr oxşardır, hətta Əfqanıstanda 30 il əvvəl baş verən proseslərin davamıdır. Bu hadisələrin arxasında duran əsas məqam bəllidir. Söhbət ondan gedir ki, bundan sonra dünyanın şəkillənməsi, mənzərəsi necə olacaq. Rusiya yenidən dünyanın ikiqütblü olmasına cəhdlər edir, bu məqsədlə addımlar atır. Amerika isə dünyanın birqütblü olmasında maraqlıdır və addımları buna hesablanıb. Beləliklə də, bu iki maraq ziddiyyət təşkil etdiyi səbəbindən iki super güc ya dünyanın müxtəlif yerlərində münaqişə ocaqları yaradır, ya da yaranan münaqişə ocaqlarında tərəf tutur. İndiki halda Suriyada Avropa, ABŞ, Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini, Rusiya isə Əsədin qalmasını istəyir. Hazırda Avropa, Türkiyə və ABŞ Bəşər Əsədin iqtidardan getməsi üçün Suriya müxalifətinə dəstək verir. Rusiya isə bunun əksinə olaraq Əsəd iqtidarına dəstəyini göstərir. Rusiyanın hərbi dəstəyi Suriyada müxalifəti bombalamaq, siyasi-diplomatik dəstəyi Bəşər Əsədi Moskvaya dəvət etməkdir. Reallıq budur. Yeri gəlmişkən, bundan əvvəl Suriya müxalifətini Amerika və Türkiyəyə dəvət ediblər. Bu dəvətlər siyasi dəstəyin ifadə olunması, Suriyada Əsədin iştirakı olmadan bir iqtidarın qurulmasına həmrəylik ifadəsi idi. Bu səpkidə hərbi, siyasi-diplomatik mübarizə müşahidə edirik.

- Rusiyanın Əsədə dəstəyi onu düşdüyü durumdan çıxaracaqmı?
- İndi Suriyada Bəşər Əsəd qalib gələcəksə, bu o deməkdir ki, Avropa, Türkiyə və Amerikanın buradakı mövqeləri çox zəifləyəcək. Yox, əgər Rusiya məğlub olacaqsa, Türkiyə, ABŞ və Avropa qalib kimi görünəcək. Rusiya bu məsələdə özü üçün cəbhə yaradıb. Bu cəbhədə Rusiyadan savayı Çin və İran yer alır. Çin də Bəşər Əsədin iqtidarda qalması, onun legitim dövlət başçısı olduğu haqda ortaya mövqe qoyub. İran da açıq şəkildə Əsəd rejimini müdafiə edir. Həmçinin İran, Rusiya və Çinin təsiri altında olan kiçik ölkələr də Əsədi müdafiə edir. Biz regional münaqişə üzrə ciddi cəbhələşmə getdiyinin şahidi oluruq.

- Bu cəbhələşmələr ötən əsrdə də var idi...
- XX əsrdə də cəbhələşmə var idi, ancaq o cəbhələşmə ideologiya əsasında aparılırdı. Sonradan bu proses dağıldı, mədəniyyətlərarası cəbhələşmə meydana çıxdı. Məsələn, Bosniyada müsəlmanları qırdılar, amma hamı xristianları müdafiə etdi. Dağlıq Qarabağ məsələsində erməniləri, Kəşmir münaqişəsində Hindistanı, Fələstində İsraili müdafiə edirlər. Amma Suriya, Yəmən, Misir hadisələri göstərdi ki, dünyada cəbhələşmənin yenidən ideoloji xətt üzərinə söykənməsi halları mövcuddur. Yəni, İran dini dövlətdir, Rusiyada isə ideologiya yoxdur. Çin isə bəllidir. Bunların vahid ideologiya əsasında cəbhələşməsi real görünmür. Odur ki, bir mövqedən çıxış etsələr də, nə zamansa daxili problemlər meydana çıxa bilər. Rusiyanın ikiqütblü dünya yaratmaq cəhdlərinin perspektivi yoxdur, sadəcə olaraq bu keçici mərhələ baxımından Rusiyanı üzdə saxlaya bilər. Baxın, Rusiyanın Suriyaya müdaxiləsinə ABŞ, Türkiyə və Avropa ciddi müqavimət göstərmədi.

- Niyə?
- Futbolda “ofsayd” məsələsi var. Rusiyanın Ukrayna hadisələrində tutduğu mövqe, Krımın anneksiyası, indi isə Suriyaya daxil olmasının əsası yoxdur. Çünki ABŞ başda olmaqla onun müttəfiqləri bu situasiyanı yaratdılar. ABŞ və Avropa Suriyadan bir qədər çəkildi. Niyə? Məqsəd Rusiyanı bu prosesə cəlb etmək, islam dünyasını Rusiyaya qarşı qoymaqdır. Bir azdan İŞİD deyilən terrorçu qurum və ona bağlı şəxslər Rusiya ərazilərində peyda olacaqlar. Cənab Putin özü də bəyan etdi ki, Suriyaya gedənlər arasında Rusiya vətəndaşları da var və onların yenidən Rusiyaya dönməsinə imkan vermək olmaz. Yəni, Putin özü belə bir təhlükəni görür və Qazaxıstan da bu narahatlığını ifadə edib. Dünyanın Rusiyanın bu addımlarına dözümlü yanaşmasının arxasında izah yoxdur. Əslində, Maydan hərəkətindən sonra Qərb Rusiyanı zəiflətmək, təcrid halına salmaq istəyir. Amma Moskvanın Suriyanı bombalamasına yumşaq formada reaksiya verib. Demək, Qərbin də öz planı və məqsədləri olmamış deyil.

- Məqsəd nə ola bilər?
- Bəşər Əsəd rejiminin dağılmasında maraqlı olan müsəlman ölkələrini Rusiyanın əleyhinə çıxmasına nail olmaq. Bu ölkələr hansılardır: Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və s. Beləcə, Qərb İran istisna olmaqla müsəlman aləminin əsaslı hissəsini Rusiyaya qarşı qaldırmaq istəyir. Bu qüvvələr az deyil. Söhbət neftlə zəngin olan ərəb dövlətlərindən, dünyanın geopolitik oyunlarında rol alan Türkiyədən gedir. Bunlar indi Rusiyaya qarşı çıxarlarsa, bu, sizə zarafat gəlməsin. Məsələn, son zamanlar Rusiyanın blokadası zamanı Türkiyə fərqli mövqe tutdu, Moskvaya kömək əli uzatdı, sanksiyalara qoşulmadı. Ancaq bu gün Türkiyə açıq Rusiyaya qarşı çıxır və Putinin siyasətini tənqid edir.

- Etiraf edin ki, Rusiyanın formalaşdırdığı cəbhədə də kifayət qədər güclü və sanballı dövlətlər yer alır. Məsələn, 30 ildir ki, ABŞ İranla bacara bilmirdi...
- Təbii ki, Çin və İran kifayət qədər dövlətçilik ənənəsi olan ölkələrdir. Ancaq bu ölkələr bir cəbhədə olsalar da, ideoloji baxımdan fərqlidir. Çin kommunisti ilə şiə mollası necə bir araya gələ bilər? Allahsızlarla, allaha inananlar necə müttəfiq ola bilərlər? Bu mənada Rusiyanın cəbhələşdirdiyi səngərdə olan dövlətlərin bir-biri ilə münasibətində də fikir ayrılıqları var.

- Ancaq Türkiyənin Rusiya ilə ticarət dövriyyəsi milyardlarla dollardır, hər il Rusiyadan Türkiyəyə yüz minlərlə turist axın edir. Ankara bu məqamı nəzərə almadan Rusiyaya qarşı çıxa bilərmi?
- Rusiyanın Suriya ilə bağlı son addımları Türkiyə kimi müttəfiqini itirməsi deməkdir. Bunun da, nəticəsi o olacaq ki, Əsədin iqtidardan getməsini istəyən dövlətlər bir koalisiyada birləşəcək. Bu, yaxın dövrdə baş verəcək. Konkret olaraq Türkiyə-Rusiya iqtisadi münasibətlərinə gəldikdə, aydındır ki, tərəflər bu münasibətləri itirmək istəməz. Çünki bu münasibətlərdən hər iki tərəf yararlanır. Məncə, Rusiya Türkiyə və Suriyanı tərəziyə qoymalı və baxmalıdır ki, hansı onun üçün daha sərfəlidir. Rusiyanın xarici siyasətini müşahidə edən şəxs olaraq düşünürəm ki, Bəşər Əsədi müdafiə etmək onun siyasi fiqur olaraq müdafiə olunması məqsədi daşımır. Əsədi müdafiə etmək həm də başqa bir regionda Avropa və Amerikadan daha ciddi güzəştlər qoparmaq məqsədi daşıyır. Əfqanıstan, İraqı Rusiya sonda atdı, lakin əvəzində nələrsə qazandı. Bəşər Əsədi də indi kart kimi gücləndirir ki, oynayanda əlində “tuz” olsun. Əsəd siyasi məqsəd deyil, vasitədir. Məqsəd Avropa və ABŞ-dan daha böyük güzəştlər qoparmaqdır. Məsələn, Ukrayna məsələsində daha ciddi güzəşt əldə etmək. Bəşər Əsəd Rusiyanın nəyinə lazımdır? Belə baxanda Suriyanın iqtisadi gücü, habelə Rusiya ilə sərhədi, dini bağlılığı yoxdur. Yəni, Suriyanın Moskva üçün heç bir siyasi əhəmiyyəti yoxdur. Onda sual olunur ki, belə əhəmiyyətsiz şey uğrunda niyə müharibə aparırsan, bombardman edirsən? Deməli, siyasi məqsəd var.

- İran-Rusiya münasibətləri və Tehranın Dəməşqdə maraqları nədən ibarətdir?
- İran istəyir ki, Əsəddən sonrakı Suriyada güclü təmsilçiliyi olsun. Çünki Suriyada çoxlu şiə var və təriqətçilik baxımından təmsilçilik İran üçün vacibdir. Bu məqsədlə də Əsədi müdafiə edir ki, sonrakı etapda təmsilçiliyini güclü qura bilsin, danışıqlar prosesində tərəf olaraq payını ala bilsin. Odur ki, İran sona qədər Əsədi müdafiə etməyəcək. Nə fərqi var, Əsəd olmasın, başqa bir Əsəd olsun. Əsas odur ki, İranın maraqlarına uyğun gələn və şiələrin maraqlarını qoruyan bir şəxs olsun. İndiki halda Suriyada tamam sünni dövləti yaratmaq təhlükəsi olduğu üçün İran müqavimət göstərir. Baxın, İraqda şiə dövləti yaranan kimi Tehran İraq ərazilərindən çəkildi. Elə ki, Maliki iqtidardan getdi, İran dərhal İraqda aktivləşdi. Niyə? Çünki İraqda hakimiyyət tam olaraq sünnilərin nəzarətinə keçəndə Tehranın maraqları zərbə altında qalır. Bu baxımdan İran istəyir ki, həm Suriyada, həm də İraqda şiə məzhəbindən olan, İranın marağını qoruyan şəxslər hakimiyyətdə təmsil olunsun. Amerika bununla razılaşan günü Tehran Əsəddən dəstəyini çəkəcək.

- Suriyada böyük güclərin maraqları toqquşur, arada həyatını itirən sadə insanlardır. Sizcə, Suriya böhranı, Yaxın Şərqdə başlayan müharibələr uzun çəkəcək?
- III dünya müharibəsinin qarşısını alan əsas faktorlardan biri məhəlli münaqişələrin olmasıdır. Əslində, qlobal böhran dünya müharibəsini qaçılmaz edir. Məhəlli münaqişələr olmalıdır ki, dünya müharibəsi xarakteri alsın. İndi belə müharibələr sərf edir. Niyə? Dünya müharibəsi super güclərin müharibə prosesinə qoşulmasıdır. İndiki halda Suriyada Rusiya, Türkiyə və ABŞ qoşulub. Yəni, müharibə gedir. Bir də var ki, müharibə super güclərin öz ərazilərində getsin. Məsələn, Rusiya və ya ABŞ-ın ərazisində. Bu, artıq olacaq dünya müharibəsi. İndi isə məhəlli münaqişələri yeni müharibə modelidir və bunu həyata keçirirlər. Amma klassik dünya müharibəsindən fərq odur ki, burada döyüşlər kənar ölkələrdə gedir.

Nemət


Müəllif:

Oxşar xəbərlər