31 Oktyabr 2015 11:36
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçkidən sonra koalisiya danışıqları zamanı MHP AKP ilə razılaşmasa, bu zaman MHP daxilində problem yaranacaq. Necə ki, bu partiyanın qurucusu Türkeşin oğlu Toğrul Türkeş artıq partiyanı tərk edib. Bundan sonra da belə hallar baş verə bilər. Çünki MHP ilə AKP-nin tavanı eynidir. İkisi də sağ-mərkəzçi partiyadır. AKP daxilində də millətçi qanad var. Son 13 ildə qanunların qəbulu zamanı MHP AKP-yə dəstək verib. Sadəcə, MHP lideri Baxçalının xarakterinə görə koalisiya alınmadı. Bu səbəbdən Toğrul Türkeş MHP-ni tərk etdi. Əgər ikinci dəfə AKP MHP ilə koalisiyaya getmək istəsə və MHP başqanı bundan imtina etsə, bu halda Baxçalıdan narazı qüvvələr fəallaşacaq, partiyadan qopmalar olacaq”.

Bunu Teleqraf.com-a müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Müsahibəni təqdim edirik:

- Elxan bəy, sabah Türkiyədə də parlament seçkiləri keçiriləcək. Seçkilərlə bağlı proqnozunuz necədir?
- Türkiyədə parlament seçkilərində iki ssenari mümkündür. Birincisi odur ki, seçkilərdə Ədalət və İnkişaf Partiyası lazım olan qədər səs toplayır və təkbaşına hökuməti formalaşdırır. İkinci ssenari odur ki, nəticə 7 iyun seçkilərinin nəticəsindən fərqlənmir. Bu o deməkdir ki, parlamentə 4 partiya düşür və hakim partiya yenə də ən çox səs toplayan partiya olur. Bu zaman seçkinin nəticələrinə əsasən koalisiya danışıqlarına start verilir. Düşünürəm ki, son aya qədər mümkün idi ki, Ədalət və İnkişaf Partiyası seçicilərin mütləq əksəriyyətinin səsini toplasın və təkbaşına hökumət qursun. Lakin Ankarada baş verən məlum terror hadisəsindən sonra Xalqların Demokratik Partiyasının səs faizləri qalxıb. Bu isə o deməkdir ki, Xalqların Demokratik Partiyası 10 faizlik barajı aşaraq parlamentə düşəcək. Bu halda isə indiki hakim partiya təkbaşına hökumət qura bilməyəcək. Beləcə, ən çox səs alan AKP, sonra CHP, MHP və HDP olacaq. AKP digər təşkilatlarla koalisiya hökuməti qurmaq istiqamətində danışıqlara başlayacaq. Bu zaman böyük ehtimalla AKP ilə CHP arasında koalisiya reallaşacaq. Çünki bu seçkidən sonra mənzərə dəyişməsə, Türkiyə üçüncü dəfə seçkiyə gedə bilməz. Çünki bu ölkədə daxili problemləri bir qədər də artırar. Odur ki, bu seçkinin nəticəsinə uyğun olaraq koalisiya qurulacaq.

- Seçkiöncəsi durumun xarakterini necə təhlil edirsiniz?
- 7 iyun seçki kampaniyası ilə müqayisədə 1 noyabr seçkilərinə hazırlıq, görüşlər çox sönük keçdi. Çünki bu müddətdə ölkədə böyük hadisələr baş verdi. Məsələn, məhz seçkidən sonra türk ordusu PKK ilə mübarizəyə başladı, digər tərəfdən Türkiyə tarixində ilk dəfə olaraq İŞİD adlı terror təşkilatı da bu prosesə daxil oldu. İŞİD böyük partlayışlar törətdi. İndi Türkiyənin ordusu məcburdur ki, terrorçulara qarşı iki cəbhədə savaş aparsın. Belə bir şəraitdə seçki kampaniyası gedir. Düzdür, mitinqlər və nümayişlər keçirildi. Amma yenə də əsas diqqət bölgədə baş verən proseslərə yönəlmişdi. Bu da, şübhəsiz ki, seçkinin nəticələrinə təsir edəcək. Lakin bütün hallarda biz 1 noyabrdan sonra hökumətin formalaşmasına şahid olacağıq. Əlbəttə, bu hökumətin ömrünün nə qədər olacağını indidən demək çətindir, amma hər halda təkbaşına hökumət formalaşdırmaq imkanı olmayacaqsa, biz koalisiya hökuməti haqqında danışmalı olacağıq. Koalisiya üçün də ən münasibi AKP-CHP-nin birgə hökumətidir. Amma 1990-cı illər təcrübəsindən çıxış etsək görərik ki, koalisiyalar uğur gətirmir. Lakin başqa alternativ də yoxdur.

- Seçki ərəfəsində bölgədə baş verən hansı hadisələrin seçkilərə birbaşa təsiri olacaq?
- İlk olaraq Suriyada gedən müharibəni qeyd edə bilərik. Bu müharibə Türkiyənin daxili siyasətinə bilavasitə təsir edir. Bu təsirin bir qismi orada fəallaşan və silahlanan kürd yaraqlıları, digəri Suriyadan Türkiyəyə axın edən 2 milyon qaçqındır. Bu qaçqınlara indiyə qədər 6-7 milyard dollar maliyyə xərclənib. Yəni bu məsələnin iqtisadiyyata birbaşa dəxli var. İkincisi, Rusiyanın Suriya hökumətinə hərtərəfli dəstək verməsi və bunun fonunda Türkiyə-Rusiya münasibətlərində soyuqluq yaratması. Eləcə də Türkiyə-Qərb münasibətlərində müəyyən suallar yaranıb. ABŞ-ın özü də Suriyada kürd qruplaşmaları ilə söhbətlər aparır və bu məsələ Ankaranın xoşuna gəlmir. Xarici proseslər seçkilər məsələsinə təsirsiz ötüşmür. Üçüncüsü, Türkiyə iqtisadiyyatında problemlər, inflyasiya, lirənin devalvasiyası kimi hallar da seçkiyə təsir göstərir. Əgər problemlər olmasaydı, AKP-nin təkbaşına hökumət formalaşdırmaq üçün lazım olan səsləri toplaması ehtimalı yüksək olardı. Ancaq bu məqamları nəzərə alanda AKP-nin təkbaşına hökumət qurması mümkün olmur. Odur ki, AKP istəməsə belə, koalisiya hökuməti qurmalıdır. Çünki başqa alternativi yoxdur. Hansısa partiya ilə dil tapıb ölkə qarşısında duran məsələləri həll etmək məcburiyyətindədir.

- Təkrar seçkilər haqqında qərar veriləndə hər kəs deyirdi ki, AKP təkbaşına hökumət qurmaq üçün lazım olan səsləri toplayacaq. İndi isə Türkiyənin analitikləri də fikirlərini dəyişərək söyləyirlər ki, koalisiya hökuməti qurulacaq, heç bir partiya lazım olan səsi xalqdan alıb təkbaşına iqtidar ola bilməyəcək...
- Bu Türkiyədə keçirilən real sosioloji sorğulara, rəy sorğularına əsaslanır. Ankarada baş verən terror hadisəsinə qədər AKP-nin səs alaraq təkbaşına hökumət qurmaq imkanı mümkün idi. Amma Ankaradakı mitinqdə baş verən terror aksiyasında yüzə qədər insan öldü. Bu mitinqdə də əsasən, həmkarlar ittifaqları, solçular, marjinal qüvvələr iştirak edirdi. Başqa sözlə, onlar PKK-nın siyasi qanadına yaxın idilər. Bu hadisədən sonra HDP-nin nüfuzu bir qədər artdı, bu partiyanın məzlum obrazı yarandı. Bu da, onun reytinqini müəyyən qədər qaldırdı. Ankara terroruna qədər HDP-nin 10 faizlik barajı keçməyəcəyi çox real görünürdü. Əgər HDP 10 faizlik səddi keçməsəydi, AKP bu səsləri əldə edərək təkbaşına iqtidar qura biləcəkdi. Çünki belə olan halda HDP-nin səsləri AKP-yə gələcəkdi. CHP və MHP-nin səs qazanması və ya itirməsi AKP-yə mane olmur. AKP-yə əsas maneə HDP-nin elektoratıdır. İndi Türkiyədə keçirilən rəy sorğularının hamısında HDP-nin barajı keçəcəyi qeyd olunur.

- Noyabrın 1-də Türkiyədə hansısa hadisələr, terror olayları yaşana bilərmi?
- Hər cür hadisə baş verə bilər. Artıq Türkiyədə terror artıb. Seçki günü təxribatlar ola, məntəqələrə hücumlar edilə bilər. Ancaq inanmıram ki, buna görə seçkilər dayandırılsın və ya təxirə salınsın. PKK-nın da təxribatı realdır. Amma Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır, bu hallara öyrəşib. Odur ki, seçkilər keçiriləcək, onun nəticələrinə uyğun olaraq hökumət formalaşdırılacaq.

- Yəni heç bir partiya təkbaşına 50+1 səffini keçməyəcək?
- MHP və CHP-nin bu qədər səs alaraq təkbaşına hökumət formalaşdırmaq imkanı yoxdur. AKP isə seçkidən birinci partiya olaraq çıxacaq. Amma onun aldığı səslərin təkbaşına hökumət qurmağa kifayət edəcəyi məsələsi sual altındadır. AKP üçün ciddi maneə HDP-dir.

- Bu seçkilərdə beşinci partiyanın barajı aşaraq məclisə düşmə ehtimalı varmı?
- Belə bir ehtimal yoxdur. Türkiyə siyasi spektrində əsasən AKP, CHP, MHP və HDP-dir. Seçicilər də əsasən bu partiyalara səs verir. 1990-cı illərdə Ana Vətən, Doğru Yol partiyası var idi, indi onlar sıradan çıxıb. Türkiyə çapında isə əsas populyar partiyalar sadaladığım 4 siyasi təşkilatdır. Səslər də bu 4 partiyanın arasında paylanacaq.

- MHP əvvəlki seçkidə 13 faiz səs toplayıb. Bu seçkidə səslərinin müəyyən hissəsini itirə bilərmi?
- Mümkündür. Mənim ehtimalıma görə, seçkidən sonra koalisiya danışıqları zamanı MHP AKP ilə razılaşmasa, bu zaman MHP daxilində problem yaranacaq. Necə ki, bu partiyanın qurucusu Türkeşin oğlu Toğrul Türkeş artıq partiyanı tərk edib. Bundan sonra da belə hallar baş verə bilər. Çünki MHP ilə AKP-nin tavanı eynidir. İkisi də sağ-mərkəzçi partiyadır. AKP daxilində də millətçi qanad var. Son 13 ildə qanunların qəbulu zamanı MHP AKP-yə dəstək verib. Sadəcə MHP lideri Baxçalının xarakterinə görə koalisiya alınmadı. Bu səbəbdən Toğrul Türkeş MHP-ni tərk etdi. Əgər ikinci dəfə AKP MHP ilə koalisiyaya getmək istəsə və MHP başqanı bundan imtina etsə, bu halda Baxçalıdan narazı qüvvələr fəallaşacaq, partiyadan qopmalar olacaq. Çünki MHP millətçi partiya olmaqla yanaşı həm də dövlətçi partiyadır.

- AKP-yə qarşı ən ciddi radikal mövqeni CHP sərgiləyib. Bəs bu iki partiyanın koalisiyası necə mümkündür?
- AKP-CHP koalisiyası 1990-cı ilin sol koalisiyalarına bənzəyəcək. Bu koalisiyaların ömrü isə uzun olmur. Amma AKP-MHP koalisiyası ideoloji və tavan baxımından daha yaxındır. Sadəcə, liderlərin xarakteri imkan vermir ki, bu formatda hökumət koalisiyası qurulsun. Bu koalisiya əslində daha uzun ömürlü ola bilər.

- AKP ilə HDP arasında koalisiya imkanlarını necə qiymətləndirirsiniz?
- Buna inanmıram. HDP faktiki PKK-nın siyasi qanadı kimi qiymətləndirilir. Bu partiya terrorla öz arasında məsafə qoymur. Ona görə, AKP bu partiya ilə danışıqlar aparmır. Çünki bilir ki, bu riskli gedişdir, insanlar onu başa düşməz və səslərini itirə bilər. Bu mənada belə bir koalisiya mümkünsüzdür.

- AKP ona lazım olan səsi toplasa, necə olacaq?
- AKP tək partiyalı hökuməti qurmaq üçün lazım olan səsləri toplaya biləcəksə, bu zaman başqa bir məqam da siyasi gündəmə daşınacaq. İlk olaraq AKP hökumətini qurduqdan sonra prezident institutunun səlahiyyətlərinin artırılması məsələsi meydana çıxacaq. Ərdoğan buna çalışırdı. Sadəcə, 7 iyun seçkilərinin nəticəsinə uyğun olaraq bu ideyasının üzərində keçdi. İndi AKP təkbaşına hökuməti qurmaq imkanına sahib olsa, bu formul yenidən gündəliyə çıxarılacaq. Referenduma getməklə Türkiyədə prezident üsuli-idarəsi formalaşdırılmağa cəhd olunacaq. Ancaq zənn etmirəm ki, AKP bu qədər səs ala bilsin.

- Bu addım Türkiyə ictimai-siyasi həyatında çaxnaşmaya səbəb ola bilərmi?
- Türkiyə cəmiyyəti əslində tək partiyalı hökumətdən yorulmuş kimi görünür. AKP xarici siyasətdə də səhvlərə yol verib. Görünür, Türkiyədə dəyişikliklərə ehtiyac var. Türkiyədə siyasi həyat qaynardır. Bu proses davam edəcək. Siyasi hərarətin dəyişəcəyini, sabitləşəcəyini gözləməyin. Lakin zənn etməyin ki, seçkidən sonra Türkiyə zəifləyəcək. Bunu istisna edirəm. Amma seçkinin nəticəsindən asılı olmayaraq terrorla mübarizə davam edəcək. Ola bilsin ki, PKK ilə danışıqlar aparıla, sakitlik yarana bilər. Lakin bu, PKK probleminin həlli demək olmayacaq. İŞİD adlı terror qurumu ilə mübarizə də uzun müddətli olacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər