25 Dekabr 2015 18:48
4 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahə Əfəndiyeva Opera və Balet Teatrının solisti, əməkdar artistdir. Peşəkar səhnəyə “Koroğlu”nun Nigarı kimi addım atıb. Daha sonra həm milli, həm də əcnəbi operalarda baş qəhrəmanları canlandırıb. Gələn il- yanvarın 10- da isə özü kimi güclü, mərd qadın obrazında görəcəyik onu. Beləki, Fikrət Əmirovun “Sevil” operasında Sevillə qarşımıza çıxacaq. Bu rolla bağlı sənətçi “Gündəlik Teleqraf” suallarını cavablandırıb.

- Sevil ruhunuza yaxın obrazdırmı?
- Əslində Sevili çoxdan ifa etməliydim. Amma bəzi səbəblərdən (ya dirijor olmurdu, ya mən qastrol səfərlərinə gedirdim, ya da başqa tamaşalar üzərində çalışdığıma görə) qismət olmurdu. Ona görə bu qədər gözləməli olduq. Nəhayət, tamaşaçılar məni yanvar ayında Sevil obrazında görəcəklər. Onu da deyim ki, rejissorumuz Hafiz Quliyev, tamaşada tərəf müqabilim Fərid Əliyevdir.

- Sevili ifa etmək ideyası sizin yoxsa teatr rəhbərliyinin fikri idi?
- 2003-cü ildə Opera və Balet Teatrına gəldim. Artıq 12 ildir ki, teatrın səhnəsində müxtəlif səpkili rollar oynayıram. Qismətimə baş rollar düşür. Bunların içərisində həm özüm təşəbbüs göstərdiyim, həm də teatr rəhbərliyinin təklif etdiyi rollar olub. Teatrda belə bir qanun var: əgər nəyisə ifa etmək istəyirsənsə onu yüksək səviyyədə təqdim etməlisən. Bunu bacararsansa, sənə o rolu verirlər. Oynadığım bütün obrazlar əvvəlcə izlənilib, bəyənilib və yalnız bundan sonra rola təsdiq olunmuşam. Şəxsən mənim səhnə həyatımda heç nə təsadüfən baş verməyib.

Sevil partiyasını mən ötən il hazırladım, amma arxasında düşmədim və unutdum. Çünki səfərlərim, konsertlərim eləcə də yeni obrazlarım çox oldu. Sevil mənim səs tembrimə uyğundur. Bu da bir həqiqətdir ki, hər solist ürəyi istədiyi partiyanı ifa edə bilməz. Çünki səsi o partiyaya uyğun olmur. Mən səs tembrimə düşən partiyaları repertuarımda çoxaltmağa çalışıram.

- İndiyə qədər səhnəmizdə Sevilin çoxsaylı ifaçıları olub. Siz hansı ifaçıdan ilham almısınız?
- Sevil partiyasını çox solistlər oxuyub. Məktəb illərində eləcə də tələbə olduğum zamanlarda tez-tez Opera və Balet Teatrına gedirdim. O zaman Sevili Xuraman Qasımovanın ifasında dəfələrdə dinləmişəm. Odur ki, bu obraz yaddaşımda çox dərin izlər buraxıb. Sevilin hər ifaçısı onu özünə, dünyagörüşünə uyğun ifa edib.


-Bəs Sizin Seviliniz necə olacaq?
-Mən Sevilin həyatını bir neçə mərhələyə bölürəm. İlk mərhələdə o Balaşın yoldaşıdır, sonra övladını sevən anadır, daha sonra aldadılmış, küçəyə atılmış qadındır və son mərhələdə başına gələn bütün əzab-əziyyətlərdən çıxmış, həyatı qavramış, onun pis-yaxşı tərəfini görmüş şəxsiyyətdir. Mən bir obrazı ifa etməyə hazırlaşanda onu xırdalıqlarına qədər araşdırıram. Bu, həmin obrazı daha yaxşı və dolğum yaratmağa mənə çox yardımçı olur.

- Bizdə opera ifaçılarının qəlibə salınmış obrazları olur: məsələn bəziləri yalnız milli, bəziləri isə yalnız əcnəbi partiyalar ifa edir. Sizdə bu uyğunluq pozulur. Səhnəyə Nigarla gələn solist kimi sonralar əcnəbi qəhrəmanlara can verir. Bu uyğunluğu pozmaq çətin olmadı ki?
-Opera və Balet Teatrının tarixində ən gənc Nigar mən olmuşam. Cəmi 19 yaşım var idi. İndiyə qədər o yaşda Nigar olmamışdı. Kim inanardı buna? Amma sonra əcnəbi operalarda məsələn “Traviata”da Violettanı ifa etdim. Toska obrazını hazırladım. Bu, soprano səsi üçün pik nöqtə idi. Çətin idi, amma bacardım. Yəni xarici ifalarla yanaşı milli obrazlara da müraciət edirəm. Çünki səsim o obrazları ifa etməyə imkan verir. Bu mənada mən başqa ifaçılardan bir qədər fərqlənirəm. Elə söz düşmüşkən deyim ki, yanvarın 18-i Sevili, 23-cu Violettanı, 27-si “Şah İsmayıl”dakı Gülzarı ifa edəcəm. Heç bir obrazı ifa etmək üçün tələsmirəm, zamanı gözləyirəm. Mən ya bunu yaratmalıyam, ya da ondan vazgeçməliyəm prinsipi ilə yanaşıram. Bəzən elə ifaçı elə obrazdan danışır ki, adamı gülmək tutur. Çünki hər kəs bilir ki, o danışdığın obraz sənin səsin üçün deyil. Axı yaşın, səsin, vokal imkanların buna imkan vermir. Bəzən olub ki, mənə verilən rollardan imtina etmişəm. Çünki özümü o obrazı ifa etməyə hazır bilməmişəm. Həm vokal hazırlığım o ifalara uyğun olmayıb, həm də ruhən özümü hazır bilməmişəm. Ona görə imtina etmişəm. Amma müəyyən ifaçılar var ki, o obrazlardan yapışıblar və heç 10 faizlik də onu ifa edə bilmirlər. Bununla həm adlarını bədnam edirlər, həm də özlərinə inamı itirirlər.

- Maraqlıdır, təklif olunan hansı obrazdan imtina etmisiniz?
- Mən mənə tapşırılan partituranın vokal imkanları ilə tanış olub, səsimə uyğun olub olmadığını müəyyənləşdirib, sonra qərar verirəm. Toska mənə dörd il öncə təklif olunmuşdu, amma mən yalnız bu il onu ifa etməyə özümü hazır bildim. Bilirsiniz, bu səsə bizə Allahın vergisidir. Onu çox əziyyətə salmaq lazım deyil. Onu qorumaq, qayğısına qalmaq və daşıya bilməyəcəyi yükün altına salmaq lazım deyil. Bunu hər ifaçı başa düşmür.

- Heç olubmu ki, səsiniz batıb?
- Şükürlər olsun ki, səsim səhnədə batmayıb. Amma müəyyən anlar olub ki, səsim yorulub. O zaman lazimi prosedurları həyata keçirmişəm.

- Səsinizi necə qoruyursunuz?
- Əfsuslar olsun ki, sənətimiz gərəyi tez-tez əsəbləşirik. Amma səsimizi qorumaq istəyiriksə gərək ilk növbədə əsəbdən uzaq qaçaq. Məsələn, deyirlər ki, tum çırtlamaq olmaz, soyuq su içmək olmaz...Doğrudur, bunların da ziyanı var, amma hələki onlardan mənə ziyan dəyməyib. Bir də ki, səsi qorumaq indivudial xarakter daşıyır. Kimi ifaya başlamazdan öncə alma yeyir, səsi açılır, kimisi almanı yeyən kimi səsi boğulur, kimi konyak içir.

- Tezliklə ailə həyatı quracaqsınız. Öncədən təbrik edirik. Maarqlıdır ki, o şəxs sizi necə inandırdı?
- Əvvəllər mənə deyəndə ki, ailə qurmaq lazımdır, mən ciddi yanaşmırdım. Nə vaxtsa da belə addım atacağıma inanmırdım. Amma insan yaşa dolduqca ailənin dəyərini anlayır. Hamı istəyər ki, yaxşı, gözəl ailəsi olsun. Çox adamın fikrincə, çox gec ailə qururam. Amma bu mənim üçün normaldır. Hesab edirəm ki, vaxtında ailə qururam və ağıllı qərar verərək bu addımı atıram. Bu həyatda hər kəsin bir yarı var, mən də o yarı tapmışam. O məni səhnədə görüb, bəyənib, sənətimə, özümə, ailəmə sonsuz hörmət bəsləyir. Məncə, bu çox vacib keyfiyyətlərdir.

Nərmin Muradova


Müəllif: