“Qarabağda savaş ehtimalı realdır. Ən azından ona görə ki, cəbhədə yeni bir situasiya yaranıb. Əgər əvvəllər kiçik atıcı silahlardan istifadə edilirdisə, bu gün artıq raket sistemlərindən, tanklardan, ağır artilleriyadan istifadə olunur. Bu da kütləvi insan qırğınına gətirəcək hərbi amillərdir. Ona görə də bu gün müharibənin ehtimalı çox böyükdür. Unutmaq lazım deyil ki, bu gün Ermənistanın arxasında duran havadarları da bu prosesdə müvəqqəti də olsa, maraqlı ola bilərlər”.
Bunu Teleqraf.com-a müsahibəsində politoloq Natiq Miri bildirib. Müsahibəni təqdim edirik:
- Natiq bəy, 2015-ci il başa çatır. Bu il dünyada nə ilə yadda qaldı?
- Bu gün dünyanın əsas diqqəti Suriyada gedən savaşa yönəlib. Təbii ki, bu kontekstdə bu savaşdan təsirlənən bir çox proseslər 2015-ci ildə meydana gəldi. Əvvəla onu nəzərə almaq lazımdır ki, Rusiya müəyyən mənada Ukraynada savaşı dayandırdı və atəşkəsdən sonra, sentyabr ayının 30-da Suriyaya hərbi müdaxilə etdi. Bu da Yaxın Şərq regionunda vəziyyəti daha da gərginləşdirdi. Doğrudur, İŞİD terror qruplaşması ilə mübarizə adı altında Suriya rəhbəri Bəşər Əsədin dəvətilə Rusiya bu müdaxiləni etmiş olsa da, bombardmanlar nəticəsində xeyli sayda mülki şəxslər öldürülüb, humanitar obyektlər tamamilə yerlə-yeksan edilib. Eyni zamanda məhz Rusiyanın müdaxiləsindən sonra Suriyada dünya güclərinin qarşı-qarşıya durması prosesi intensivləşdi. Bu qarşıdurmanın nəticəsi olaraq, Rusiyanın qırıcı təyyarələri tez-tez Türkiyənin hava sərhədlərini pozmağa başladı. Baxmayaraq ki, artıq bir neçə dəfə Rusiya sərhədin pozulması ilə bağlı xəbərdar olunmuşdu. Ən nəhayət, Rusiya hərbi təyyarəsinin vurulması ilə regionda vəziyyət daha da gərginləşdi. Bundan istifadə edən Rusiya Suriya sahillərinə hava hücumundan müdafiə sistemləri olan S-300 və S-400 raketlərini quraşdırdı. Bu addım regionda qarşıdurmanı daha da gücləndirdi. Türkiyənin daxil olduğu NATO müttəfiqləri prosesə müdaxilə etdi, həm havadan, həm qurudan, həm də dənizdən ən müasir silah növləri Türkiyəyə göndərildi. Bu gün Rusiyanın bütün hərbi gəmiləri NATO-nun hərbi gəmiləri vasitəsilə çevrələnmiş durumdadır. Eyni zamanda havadan müdafiə sistemləri Türkiyə və onun ətrafında yerləşdirildi. Bu kontekstdə Türkiyə İraqa hərbi müdaxilə etmək məcburiyyətində qaldı. Çünki Rusiya regiona S-400 raketlərini gətirəndən sonra artıq Suriyanın hava məkanı Türkiyə və digər ölkələr üçün təhlükəsiz olmadı. Ona görə də indiki durum dünyada bir növ III Dünya savaşının başlanma ərəfəsi kimi də dəyərləndirilə bilər. Eyni zamanda son olaylar 2016-cı ilə Türkiyə-Rusiya soyuq savaşının aktiv fazaya keçməsi təhlükəsini yaratdı və bu təhlükə getdikcə artmaqda davam edir.
- Baş verən proseslərin Azərbaycana təsiri oldumu
- Qlobal səviyyədə baş verən bu proseslərin digər regionlara da təsiri olmamış deyil. Məsələn, neftin qiyməti 36 dollara qədər endi. Bu da Rusiya ilə yanaşı, digər neft ölkələrinə də ciddi təsir göstərdi. Təkcə fevral ayının 21-də manatın ilk devalvasiya prosesi baş verdi. Daha sonra bu proses davam etdi və dekabrın 21-də növbəti devalvasiya prosesi getdi ki, bu da ciddi mənada cəmiyyətə təsir göstərdi. Eyni zamanda bahalaşma baş verdi və bir növ bütün bu hadisələr Azərbaycan xalqını hazırlıqsız yaxaladı. Ən nəhayət, Suriya məsələsi, o cümlədən Türkiyə-Rusiya qarşıdurması kontekstində Azərbaycanda da müəyyən hadisələr baş verdi. Xüsusilə, Dağlıq Qarabağ cəbhəsində hərbi vəziyyət aktivləşdi. Getdikcə bu qarşıdurmalar genişləndi və hər iki tərəf itkilər verməyə başladı. Son olaraq dekabrın 19-da İsveçrədə Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olundu. Ancaq bu sadəcə görüş xatirinə bir görüş oldu. Görüş sadəcə olaraq həmsədr dövlətlərin geosiyasi maraqlarına xidmət etdi. Yəni atəşkəsin qorunub saxlanması ilə bağlı yeni mexanizmlərin tətbiqinə yönəldi ki, bu da heç bir işə yaramadı. Düşünürəm ki, müharibənin səbəbləri aradan qaldırılmadan heç bir atəşkəsin qorunması prosesi effekt verməyəcək. Bu səbəblər isə bilavasitə işğal faktorudur. Qeyd edilən səbəblər aradan qaldırılmadıqca, işğalçı qoşunlar Azərbaycan ərazilərini tərk etmədikcə, Dağlıq Qarabağ cəbhəsində atəşkəsi qorumaq mümkün olmayacaq.
- Ümumilikdə, 2015-ci il Qarabağ münaqişəsinin həlli baxımından nə kimi yadda qalan il oldu?
- Əvvəla, Dağlıq Qarabağ problemi dünya gücləri, xüsusilə Minsk qrupu həmsədr dövlətlərinin xarici siyasətində yenə də prioritet ola bilmədi. Çünki dünyanın gündəmini bu gün hələ də Suriya məşğul edir. Digər bir hadisə isə Ukraynada gedən savaşdır. Ona görə ki, ABŞ və Avropa Birliyi Ukrayna məsələsində bilavasitə maraqlıdır və bu siyasət onların xarici siyasətində prioritet təşkil edir. Dağlıq Qarabağ problemi prioritet olmadığı üçün ona görə də müəyyən mənada diqqətdən kənarda qalmış oldu. Üstəlik 2015-ci ildə Azərbaycan və Qərb münasibətlərində gərginlik müşahidə olundu. Rusiya bundan istifadə edərək Azərbaycanı öz yanına çəkmək istədi. Ölkəmizi öz orbitinə çəkmək üçün isə Rusiya mütləq mənada Azərbaycana cazibədar təkliflər verməli idi. Bu təkliflər isə yalnız və yalnız Qarabağ problemi ola bilərdi. Göründüyü kimi, Azərbaycan-Türkiyə-Rusiya üçbucağında Dağlıq Qarabağ ətrafında bir neçə rayonun geriyə qaytarılması yönündə müəyyən intensiv danışıqlar getməyə başladı. Hətta bu rayonlar işğaldan azad olunacağı halda Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı məsələsinə yenidən baxılması mesajı da verildi. Yəni bu proseslər var idi. Lakin bunlar sadəcə kağız üzərində bir ideya olaraq mövcud idi. Çünki Rusiya Azərbaycandan istədikləri almadan nəyi isə vermək fikrində deyildi. Eyni zamanda Rusiya Dağlıq Qarabağa öz qoşunlarını yeritmək istəyirdi. Təbii ki, bunu Rusiya qoşunları adı ilə deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontekstində regiona yeritmək niyyətində idi. Ancaq bu alınmadı, çünki Azərbaycan Rusiyanın niyyətini bilməmiş deyildi. Üstəlik, ətraf rayonların qaytarılması yönündə konkret addımlar atılmırdı və Ermənistan rəhbərliyi də buna heç bir vəchlə yaşıl işıq yandırmırdı. Dağlıq Qarabağ cəbhəsində tez-tez təxribatların törədilməsi də məhz bu kontekstdən dəyərləndirilməlidir. Nəhayət, Türkiyə-Rusiya arasında baş verən təyyarə olayından sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların üzərindən birmənalı xətt çəkildi. Proseslər onu göstərdi ki, 2015-ci ildə artıq yeganə ümid çırağı olan Rusiya, halbuki bu ölkəni heç vaxt belə hesab etməmişəm, o da söndü. Düşünürəm ki, indiki geosiyasi qarşıdurmalar kontekstində ən azından 2016-cı ildə də Dağlıq Qarabağ probleminin həllinə yönəlik nailiyyətlərin əldə olunması görünmür. Əksinə, düşünürəm ki, hərbi fazada proseslərin aktivləşməsi təhlükəsi daha böyükdür. Bu savaşın regional müharibəyə çevrilməsi ehtimalı var. Ona görə də dünya gücləri təkcə Suriya, Ukrayna deyil, Dağlıq Qarabağ istiqamətdə də düşünmək məcburiyyətindədirlər. Çünki Qarabağda Azərbaycan-Ermənistan müharibəsi böyüyərsə, bu heç də Suriya savaşından kiçik olmayacaq və qlobal təhlükəyə çevrilə bilər.
- Növbəti 2016-cı ilə dünyanın geosiyasi durumu necə olacaq və hansı siyasi proqnozları vermək mümkündür?
- İndiki məqamda İŞİD-in bitirilməsi yönündə qlobal səviyyədə qərar verilib. Artıq ABŞ prezidenti bu istiqamətdə konkret iradəsini ortaya qoydu və bu terror təşkilatının məhv edilməsi prosesinə başlanıldı. Ola bilsin bu proses 2016-cı ildə daha da intensiv xarakter alsın. İlk növbədə İŞİD-in İraq ərazisindən birdəfəlik çıxarılması prosesini müşahidə edə biləcəyik. Bundan sonra İŞİD terror qruplaşmasının bitirilməsi prosesi Suriyaya sirayət edəcək. Düzdür, Suriyada İŞİD-lə mübarizə İraqla paralel şəkildə aparılacaq. Ancaq hesab edirəm ki, qeyd edilən terror qruplaşmasının məhv edilməsi İraqda baş tutacaq. Onu da nəzərə almaq lazımdır ki, İŞİD-lə mübarizə Suriyadakı daxili vəziyyətlə sıx bağlıdır. Ona görə də Bəşər Əsədin və Rusiyanın müxalif qüvvələrə qarşı apardığı müharibənin bir an öncə dayandırılması vacibdir. Bu müharibə dayandırılmasa, İŞİD-in məhv edilməsi problemli olacaq. Bütövlükdə, Suriya məsələsi həllini tapmadıqca, İŞİD təhlükəsi dünyanı təhdid etməkdə davam edəcək. Neftin qiymətinə gəlincə, Suriyada vəziyyət bu cür qaldıqca, Ukrayna məsələsinin həllinə Rusiya köməklik göstəmədikcə, neftin aşağı düşmə prosesi dayanmayacaq.
- Qarabağ məsələsində gərginliyin artacağını qeyd etdiniz. Gələn il üçün müharibə ehtimalı nə qədərdir?
- Qarabağda savaş ehtimalı realdır. Ən azından ona görə ki, cəbhədə yeni bir situasiya yaranıb. Əgər əvvəllər kiçik atıcı silahlardan istifadə edilirdisə, bu gün artıq raket sistemlərindən, tanklardan, ağır artilleriyadan istifadə olunur. Bu da kütləvi insan qırğınına gətirəcək hərbi amillərdir. Ona görə də bu gün müharibənin ehtimalı çox böyükdür. Unutmaq lazım deyil ki, bu gün Ermənistanın arxasında duran havadarları da bu prosesdə müvəqqəti də olsa, maraqlı ola bilərlər. Eyni zamanda həmin güclər Türkiyəni İraqdan çəkmək və diqqətini Qarabağ yönəltmək üçün lokal savaş başlada bilərlər. Düşünürəm ki, bu müharibə realdır.Yenidən qeyd edim ki, Suriya və Ukrayna məsələləri ilə müqayisədə 2016-cı ildə Qarabağ probleminin prioritet olacağını düşünmürəm. Ona görə də yaddan çıxmış Qarabağda yeni bir müharibənin başlama ehtimalı böyükdür.
Bəxtiyar Məmmədli