5 Fevral 2016 18:34
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, sənətdə dəsti-xətti olan, özünəməxsus ədası, nazı və səmimiliyi ilə seçilən aktrisalardandır. Enerjisi hətta telefon söhbətində belə, hiss olunur. Onunla 40 illik sənət fəaliyyətindən, həyatdakı sevinclərindən, tamaşaçılarla xoş ünsiyyətindən danışdıq.

Amma öncə... Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb. 1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan Zərnigar Ağakişiyeva 2011-ci ilədək bu teatrın səhnəsində rəngarəng obrazlar qalereyası yaradıb. Aktrisa həmçinin müxtəlif televiziya tamaşalarında (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və s.), filmlərdə (“Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) yaddaqalan obrazların, xarakterik rolların ifaçısı kimi tamaşaçılar tərəfindən sevilib. 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatı ilə təltif olunub.

- Zərnigar xanım, 70 illiyiniz və teatr sənəti sahəsində xidmətlərinizə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılmısınız. Sizi təbrik edirik...
- Çox sağ olun. Mükafatı iki aya yaxındır ki, almışam. Nazirimiz Əbülfəs Qarayev məni çağırıb, təbrik etdi və pul mükafatını da təqdim etdi. Mən də təşəkkürümü bildirdim.

- Nazirliyin qayğısından razısınız?
- Əlbəttə. Onlar nəinki mənim, eləcə də bu sahədə çalışan insanların qayğısına qalır, onlara diqqət ayırır. Siz də bunun şahidi olursunuz.

- Sənət fəaliyyətinizin 40 ilini də arxada qoyursunuz. Bu illər ərzində hansısa peşmançılıq hissi keçirmisinizmi?
- Heç vaxt. Mən beş yaşımdan səhnəyə bağlı olmuşam. Harada oxusam da, boş vaxtımı hər zaman səhnədə keçirmişəm. Bağçada, məktəbdə şeirlər demişəm, dram dərnəklərində tamaşalardan parçalar oynamışam. Həyatımın bir tərəfi oxumaqla, işləməklə keçibsə, digər tərəfində isə hər zaman incəsənət olub. Sonralar incəsənət mənim bütün varlığıma qalib gəldi. Uşaq idim, məktəbdə rus sektorunda təhsil alırdım, amma evə gəlib qardaşımın “Ədəbiyyat müntəxabatı” kitabını oxuyurdum. İnanmazsınız, Səməd Vurğunun “Vaqif” dramını dəfələrlə oxuyurdum. Özümdən asılı deyildi, əsəri çox sevirdim. Tale elə gətirdi ki, illər sonra Akademik Milli Dram Teatrında Xuraman obrazını oynadım, amma həmişə mənə Qacar, Vəli obrazları maraqlı idi.

- Niyə?
- Onlar xarakterik obrazlar idi. Bir də gürcü qızı Tamara obrazını sevirdim. Cəmiyyətdə at belinə minən, mübarizə meydanında vuruşan kişi xasiyyətli qadınlar olub. Bu cür qadınlar mətin, güclü, dözümlü olur. Həyatı yaşamağa hünər lazımdır. İstedadın, bacarığın, yararlılığın yoxdursa, yaşamaq çox çətindir. Bunları deməkdə məqsədim odur ki, mən hər zaman sənətə bağlı olmuşam və heç vaxt peşmançılıq çəkməmişəm. Könlüm, ruhum hər zaman sənətlə olub.

- Daha sizi səhnədə və filmlərdə görmürük.
- Bu xəstəliyimlə əlaqədardır. Şəkər xəstəliyi ilə əlaqədar olaraq sənətimlə məşğul ola bilmirəm.

- Darıxmırsınız?
- Bilirsiniz, deyim ki, darıxıram, düz çıxmayacaq, desəm ki, darıxmamışam o da düz çıxmayacaq. Yaş, xəstəlik öz sözünü deyir. Səhnə üçün darıxsam da, istər-istəməz səhhətim o işlə məşğul olmağa imkan vermir. Şəkər xəstəliyi hər zaman nəzarət tələb edən xəstəlikdir.

- Sonuncu dəfə hansı filmə çəkilmisiniz?
- Yadımda qalanı deyəcəm, səhv etmirəmsə, bu, “Yuxu” filmi olub. Ondan sonra da filmlərdən təkliflər oldu, elə indi də təkliflər gəlir, amma hamıya başa salıram ki, səhhətim əl vermir.

- Uzun illər “Azdrama”da çalışmısınız. Yəqin ki, teatrla bağlı son hadisələrdən xəbərdarsınız. Teatrın direktoru vəzifəsinə Azər Paşa Nemət təyin olundu. Baş verənlər kənardan necə görünür? Ümumiyyətlə, sizin fikirləriniz bizə də maraqlıdır.
- İsrafil İsrafilov elm adamı idi. Elmi işlər ona daha çox müvəffəqiyyət gətirər. Amma teatr başqa sferadır. Teatrda böyük truppa çalışır. Görünür, İsrafil müəllimin xasiyyəti truppa ilə tutmadı, ünsiyyət alınmadı. Mənə elə gəlir ki, indi teatrda hamı rahat, sakit şəkildə öz işi ilə məşğul olur. Azər Paşanı hamı çox istəyir. Çünki aktyorların çox hissəsi vaxtilə onun tamaşalarında oynayıb və oynayırlar da. Mən də Azər Paşa müəllimin tamaşasında oynamışam.

- Sizin sənətdə “filan rejissorun aktyorları” deyimi var. Bu mənada sizin rejissorunuz, yaxud rejissorlarınız kimlər olub?
- Nə rejissorlar, nə də mən bu baxımdan ayrı - seçkilik etməmişəm. Kim məsləhətli olub onunla çalışmışam, kim nə rol verib oynamışam. Mənimlə çalışan hər bir rejissor böyük zövqlə işləyib. İstədiyi rolu məndən ala bilib. Rejissorlarla çox xoş münasibətim, qarşılıqlı hörmətimiz olub. Olur ki, aktyorlar, yaxud aktrisalar öz incə təfəkkürünə yaxın rejissorlarla işləyir. Çünki ona elə rahat olur. Bu, təbiidir və hər bir teatrda ola bilər. Bunu da qəbul etmək lazımdır.

- Dediniz, kim nə rol verib oynamışam. Ola bilməz ki, imtina etdiyiniz rollar olmasın...
- Olub. Görürdüm ki, o rol mənə uyğun deyil, yaxud da mənə yaradıcılıqda heç nə vermir ondan imtina etmişəm. Yaxud da rolda elə bir nüanslar var ki, mən o rolla tamaşaçının qarşısına çıxmaq istəməzdim. Amma elə rollar çox az olub. Çalışmışam mənə verdikləri rolu mükəmməl oynayım, hətta o obrazın uğurlu təqdimatı üçün birə-beş əziyyət çəkmişəm.

- Aktyorlar oyun zamanı ən vacib stimulu tərəf müqabilindən alır. Zərnigar Ağakişiyeva üçün tərəf müqabilinin kim olması nə dərəcədə önəm kəsb edib?
- Bu, əlbəttə ki, vacib nüansdır. Amma xoşbəxtliyim ondadır ki, mənimlə tərəf müqabili olan insan bir müddətdən sonra təsir qüvvəmə keçir, olur başqa adam. Heç özü gözləmədiyi bir zamanda bu, baş verir. Tərəf müqabili ilə ünsiyyət qarşılıqdı döyüşü xatırladır. Yəni sən tərəf müqabilini elə inandırmalısan ki, o, sənin təsirinə düşə bilsin.

- Başda “Mehmanxana sahibəsi” olmaqla digər köhnə tamaşalarınız, filmləriniz efirdə nümayiş olunanda hansı hisləri keçirirsiniz? Yenidən baxa bilirsinizmi?
- Baxıram, amma tamaşaçının hiss etdiyini mən hiss etmirəm. Üzərindən çox illər keçib. “Mehmanxana sahibəsi”ni xatırlatdınız, deyim ki, o tamaşa zarafatdır. O tamaşa aktyorların bütün istedadlarını ortaya çıxarmaq üçün bir məkan idi. Və özü-özlüyündə, öz missiyasında adi zarafat idi. Qaldı ki, özümə... Mən özümü bəyənmirəm. Tamaşaçı tərəfindən çox gözəl sözlər eşidirəm, mənimlə danışanda, obrazım haqda xoş sözlərini eşidirəm və hətta gözlərindəki sevinci görürəm, bu, məni aktrisa kimi sevindirir. Amma sonra gəlib güzgüyə baxıb deyirəm: “görəsən məndə nə tapıblar” (gülür). Bu yaşımda da tamaşaçıların sevgisini, hörmətini görürəm və Azərbaycan xalqının, mədəniyyətinin qarşısında böyük ehtiramla baş əyirəm. Bu gün mən nəyəmsə buna görə bütün varlığımla onlara borcluyam. Hər şeydən öncə mənə stimul verən onların sevgisidir. Tamaşaçılarıma hər zaman minnətdar olmuşam və olacam.


Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər