“İndi də millətin deputatıyam”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının Teleqraf.com-a müsahibəsi:
– Sabir bəy, hazırda nə işlə məşğulsunuz?
– Ömrüm boyu hansı işlərlə məşğul olmuşamsa, yenə də həmin işlərlə məşğulam. Xüsusi bir dəyişiklik yoxdur.
– Uzun illər – 25 il ərzində Milli Məclisin deputatı olmusunuz. İndi isə deputat deyilsiniz. Bu mənada hər hansı dəyişiklik olmamış olmaz…
– O vaxt Milli Məclisdə deputat idim, indi də millətin özünün deputatıyam. Xalqın vəkiliyəm, nə fərqi var?! Yenə onların düşüncələrini, fikirlərini, narahatlıqlarını, qayğılarını, çəkdikləri əzabları, sevinc və kədərlərini yazıram. Bu mənada heç bir şey dəyişməyib.
– Hər halda işin həcmi azalmış olar. İndi daha çox boş vaxt əldə etmiş olarsınız…
– Şübhəsiz. Ona görə də gəzməyə, insanlarla ünsiyyətə və yaradıcılıq işlərinə ayırmağa daha çox vaxtım var.
– Hazırda nə yazırsız, nə pozursuz?
– Moskvada, Türkiyədə, Bakıda kitablarım çapa hazırlanır. Bu yaxınlarda, bir-iki ay ərzində çap olunacaq. Əlimdə təzə yazım var. Şeirlər yazıram, nəsrlə məşğulam. Yazıram, həm də pozuram. O şeylər ki, vaxtilə yazmışam və indi baxıram ki, onları pozmaq lazımdır. Yazdıqlarını səliqəyə salanda belə hallar olur. Yəni bir səhifə yazırsansa, bəzən bir yarım səhifə, bir səhifə də pozursan. Çünki indiki zövqünlə, indiki yanaşma tərzi ilə uyğun gəlməyən şeylər də olur. Yəni yazı-pozu qələm adamı üçün ömrün sonunadək davam edən bir prosesdir. Həm ağır, amma həm də insanı yaşadan, zövq verən bir prosesdir.
– Deyəsən, həm də müsahibələr götürürsünüz. Bu yaxınlarda mərhum akademik Ziya Bünyadovun oğlu ilə müsahibənizi oxuduq…
– Mən jurnalistəm. 21 yaşımdan 31 yaşıma kimi, təxminən 10 il “Ədəbiyyat” qəzetində kiçik ədəbi işçi, ədəbi işçi, müxbir, xüsusi müxbir və uzun müddət şöbə müdiri işləmişəm. Bütün bu müddət ərzində təkcə Azərbaycanda deyil, Cənubi Qafqazın digər respublikalarında, Moskvada, Ukraynada, Baltikyanı respublikalarda, Mərkəzi Asiyada çoxlu sənət, yazı-pozu adamı ilə görüşmüşəm və çoxlu müsahibələr götürmüşəm. Yəni qəzetçilik mənə peşə yad deyil. Bu gün də bəzən xüsusi bir hal olanda müsahibə götürməyə, kiminləsə söhbət etməyə böyük məmnuniyyətlə gedirəm və o söhbəti yazmaqdan da zövq alıram. Valeri Bünyadovla söhbətimiz də o cür olmuşdu. Vaxtilə mənim hətta, belə bir layihəm var idi ki, müəyyən ağsaqqallarla – amma vaxt keçdi və özümüz də gəlib ağsaqqal olduq – söhbət edib onları yazmağı düşünürdüm. Mənim təsəvvürümdə müəyyən seçilmiş adamlar var idi. Amma onun yalnız birini etdim. İsa Muğanna ilə təxminən 4 saat söhbət etdik. Mən onunla söhbətimizi həm lentə aldım, həm fotolar çəkdim, yazılar yazdım. O material indiyədək çox gözəlliyini itirməyib və məndə qalmaqda davam edir. Sonra o işi davam etdirməyə vaxt olmadı. Amma buna bənzər yazılarım çoxdur, özümün çəkdiyim lentlər var. Məsələn, İraq səfərimizdən 4 saatlıq lent var. O vaxt yazıçılarla birgə İraqa gedəndə özüm çəkmişəm və özüm də orda şərh vermişəm. Bu mənada jurnalistika mənə çox doğmadır. Çox vaxt mənə ünvanlanana peşəniz nədir sualına, baxmayaraq ki, mən filoloqam, amma həm də “jurnalistəm” cavabını verirəm.
– Rəhbərlik etdiyiniz partiyada hansı yeniliklər var?
– Rayon təşkilatlarının konfransları keçirilir. Təxminən yarısında keçirilib, bu proses davam edir və başa çatdıqda qurultayımızı keçirəcəyik.
– Sədrlikdə qalacaqsınızmı?
– Bunu qurultay nümayəndələri bilər. Mənə qalsa, çox böyük məmnuniyyətlə gedərəm.
– Qurultayda sədr seçkisi zamanı bu istəyinizi ortaya qoyacaqsınızmı?
– Şübhəsiz.
– Bəs, qurultay nümayəndələri sədrlikdə qalmağınızı təkid etsələr, qərarınız necə olacaq?
– Bilmirəm, tapmaca kimi deyil bu məsələ. Hər halda bu partiyanı mən yaratmışam, vətəndaş həmrəyliyi mənim ideyamdır. Bu partiyanı taleyin və təsadüfi adamların ümidinə buraxmaq olmaz. Ürəyim istəyən bir seçim olsa ayrı, olmasa şühbəsiz özüm qalacam və partiyanın güclənməsinə, inkişafına çalışacam.
– Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti son vaxtlar xeyli zəifləmiş kimi görünür. Bu, nə ilə bağlıdır?
– Əvvəla, bu, ümumiyyətlə, diasporla, diaspor sahəsindəki ümumi vəziyyətlə, qonşu dövlətlərlə münasibətlərlə, beynəlxalq aləmdə gedən proseslərlə bağlıdır. Bundan əlavə imkanlarla bağlıdır. Çünki DAK dünyanın bir sıra ölkələrdə yaşayan diaspora təşkilatları ilə həmişə əlaqə saxlayıb və bütün qitələri gəzib, görüşüb. Çox müxtəlif şəhərlərdə iclaslarımız, qurultaylarımız keçirilib. Bu proses yenə gedir. Amma bəzən imkanımız olur və daha geniş coğrafiyada fəaliyyətimiz olur, bəzən fəaliyyətimiz məhdudlaşır. Amma Bakıda və Avropada bu iş ardıcıl gedir. Bakıda demək olar ki, bizim hər ay tədbirlərimiz olur. Avropada da müəyyən hadisələrlə bağlı tədbirlərimiz keçirilir. Təkcə məsələn, elə bugünlərdə mən DAK adı ilə Türkiyənin bu başından o biri başına 5-6 şəhərində Xocalı faciəsi ilə bağlı konfranslarda çıxışlar etmişəm. DAK keçən ilin aprelində sonuncu qurultayını İstanbulda keçirib. Çox güclü və gözəl bir qurultay olmuşdu. DAK-ın gücləndiyini göstərən bir qurultay idi. Təəssüf ki, DAK-a qarşı həmişə müəyyən təxribatlar da var. Biz gücləndikcə bizə qarşı təxribatlar da artır. Dəvət edirik, bütün diaspor təşkilatlarını gəlsinlər. Gəlməyənlər, iştirak etməyənlər, etmək istəməyənlər, yaxud özlərini orda yuxarı başda görməyənlər gedib alternativ qurumlar yaratmağa çalışırlar. Bu cür hadisələr olur. Amma buna baxmayaraq DAK öz fəaliyyətindədir. Bu günlərdə də 23-24 nəfər yığışıb Avropanın bir şəhərində bir toplantı keçiriblər, deyiblər, biz də DAK-ıq. Belə gülməli, karikaturaya bənzər bir haldır. Vaxtilə DAK-dan qovulanlar, DAK-da iştirak etməyənlər, yaxud bizim qurultayımızdan kənarda qalanlar, ayrı bir gözəl təşkilat yaradıb, millət, xalq yolunda fəaliyyət göstərməkdənsə, ancaq bu ada iddialıdırlar. Mən bilmirəm bu adda nə görüblər?! Halbuki, bu adın şöhrəti elə bizim vaxtımızda dünyaya yayılıb. O vaxtadək DAK sıradan bir dərnək səviyyəsində fəaliyyət göstərirdi. İndi-indi DAK normal, ciddi, ardıcıl və hay-küydən uzaq, real işlə məşğuldur, indi də ona mane olmaq istəyən qüvvələr var. Amma bu, şübhəzis ki, DAK-ı öz yolundan saxlamaz və biz fəaliyyətimizi getdikcə böyüdəcək, genişləndirəcəyik.
Səxavət HƏMİD