Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin Ermənistana daşınılması faktı aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən bildirilib.
"UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına əsasən Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir. Ermənistanın uzun illərdir davam etdirdiyi bu əməlləri beynəlxalq hüquqi məsuliyyət yaradır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu məsələləri ciddi nəzarətdə saxladığını bildirir və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.
Mədəniyyət Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyətidir və mənşəyindən asılı olmayaraq onların ən yüksək səviyyədə qorunması təmin ediləcək", - deyə nazirlikdə bildirilib.